Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağda oyun bitir
İlk addımı Paşinyan atdı, Rusiya nə edəcək?

Bu gün - iyulun 14-də separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyanın çağırışı ilə Xankəndinin mərkəzində aksiya keçirilir. Ermənistan mediası yazır ki, keçmiş “dövlət naziri” Ruben Vardanyan da videomüraciət vasitəsi ilə yerli erməniləri aksiyaya qoşulmağa dəvət edib. Mitinqdə hərbi xuntanın rəhbəri Arayik Arutyunyan da iştirak edir. Aksiya iştirakçıları bildirirlər ki, məqsəd Laçın yolunun açılmasına nail olmaqdır.

Dünən axşam saatlarında isə “Teleqram” kanallarında Xankəndidə separatçı rejimin keçmiş “təhlükəsizlik şurasının katibi”, Xocalı qatili Vitali Balasanyanın həbs olunduğu barədə məlumatlar yayılıb. Balasanyan orduya ayrılan pulları mənimsəməkdə ittiham olunurdu və ötən il haqqında cinayət işi açılmışdı. Vardanyan “hakimiyyətdə” olduğu aylarda onu dolayısı ilə Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham etmişdi.

Xankəndidə keçirilən aksiyanın zamanına və təşkilatçılarına diqqət yetirdikdə, bir çox mətləblər aydın olur.

Əvvəla, Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşündən 1 gün qabağa təyin edilib. Bu görüş Vaşinqton prosesinin davamıdır və iki gün əvvəl ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışaraq, onları sülh danışıqlarında əldə olunan irəliləyişləri davam etdirməyə çağırıb. Ötən ayın sonunda xarici işlər nazirlərinin ABŞ-da keçirilən danışıqlarında tərəqqi olduğu bildirilmişdi. Blinken bəyan etmişdi ki, sülh sazişi layihəsinə yeni maddənin əlavə olunması razılaşdırılıb. Mümkündür ki, liderlər Brüsseldə məğzi açıqlanmayan bu maddəni qəbul edəcəklər.

Azərbaycanın gündəliyində iki mühüm məsələ var:

Birincisi, Qarabağın demilitarizasiyası, Ermənistanın bu məsələdə üzərinə öhdəliklər götürməsi;

İkincisi, Ermənistanın bütövlükdə separatçı rejimə dəstəyinin dayandırılması və Xankəndi - Bakı dialoqunun başlanması.

Hər iki məsələ Vaşinqton tərəfindən dəstəklənir, Avropa İttifaqının mövqeyində də prinsipial fərq yoxdur. Amma prosesin başlanması üçün ilkin addımları Ermənistan rəhbərliyi atmalıdır. Bura “müdafiə ordusu”nda xidmət edənlərin geri çağırılması, Qarabağdakı ağır hərbi texnika və artilleriya vasitələrinin Ermənistana qaytarılması daxildir. Demilitarizasiya başlamadan hər hansı sülh razılaşması imzalansa belə, onun real, işlək mexanizmləri mövcud deyil. 

“Müdafiə ordusu” Azərbaycanın suveren ərazilərində mövcud olan qanunsuz silahlı dəstələrdir, Bakı heç bir şərt daxilində onların mövcudluğunu qəbul etmir və bu tələbi beynəlxalq hüquqa uyğundur.

“Müdafiə ordusu” əslində Rusiyanın bölgədəki əsas güc vasitəsi olmaqla destabilizasiya mənbəyidir, son aylarda sülh danışıqları intensivləşdikcə atəşkəsin silahlı dəstələr tərəfindən tez-tez pozulması bu reallığı təsdiq edir.

Beləliklə, Paşinyan həm Qərbin, həm də Azərbaycanın təzyiqləri ilə üz-üzədir. Baş nazirin siyasəti Bakı ilə tezliklə sülh əldə edib, Türkiyə ilə sərhədləri açmaq, bölgədə nəqliyyat-kommunikasiya əlaqələrini bərpa etmək olsa da, həm Ermənistan, həm də Qarabağdakı reallıqlar onu ehtiyatlı olmağa vadar edir. Elə Brüssel danışıqlarından 1 gün əvvəl Xankəndidə aksiyanın təşkil olmasında Paşinyanın “barmağı”nın olması da bununla bağlıdır. Qeyd edək ki, aksiyaya çağırış edən “dövlət naziri” Qurgen Nersisyan Baş nazirin “adamı” kimi tanınır. Görünür, Paşinyan Brüssel danışıqlarında mövqelərini qismən möhkəmləndirmək, habelə Ermənistan cəmiyyətini sakitləşdirmək üçün belə bir provokasiyaya ehtiyac duyub.

Rusiyanın Qarabağdakı “adamları” Arayik Arutyunyan, Ruben Vardanyan bu fürsəti dəyərləndirməyə çalışır. Onlar başa düşürlər ki, həlqə daralır, Paşinyanın müqavimət imkanları sürətlə tükənir, habelə beynəlxalq qüvvələr Azərbaycanın apardığı siyasətə ən azı mane olmaq niyyətində deyillər. Bu yaxınlarda Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizi ilə bağlı Ermənistanın qaldırdığı iddianı rədd etməsi “təhlükənin” sürətlə yaxınlaşdığını göstərir. Rusiya da prosesi dayandırmaq imkanlarını işə salmaq istəmir və ya ola bilsin, bu imkanlar həddindən artıq şişirdilib. Yaxın zamanlarda Qarabağdakı separatçı rejimin ləğvi, “müdafiə ordusunu”nun buraxılması Ermənistan, dolayısı ilə Rusiya və onun Xankəndindəki əlaltıları üçün qaçılmaz reallığa çevrilə bilər. Azərbaycanın güc tətbiq edəcəyini artıq bütün çevrələr qəbul edir.

Paşinyan daralmaqda olan meydanda sonuncu dəfə manevr etməyə, böhranın bütün günahını ona yükləməyə çalışan daxili və xarici qüvvələrin arqumentlərini dəyərsizləşdirməyə çalışır. Baş nazir hadisələrin təbii inkişafında maraqlıdır ki, öz hakimiyyəti erməni ictimai rəyində ciddi zədələnməsin. Çünki Qarabağdakı rejimin silahlı dəstələri ilə birlikdə tarixin arxivinə göndərilməsi atıq zaman məsələsidir. 

Qarabağ ermənilərinin meydana çıxarılması, əlbəttə, həm də separatçıların Rusiyaya mesajıdır. Onlar Kremldən konkret addımlar atmağı tələb edirlər. Yəni ən azı Laçın dəhlizi açılmalı, Bakının güc tətbiq etməyəcəyinə dair zəmanət verilməlidir. Moskva bu zəmanəti verəcəkmi, buna imkanları varmı, bunu demək çətindir. Elə separatçı rejim mənsublarını da “yeyib-bitirən” “böyük qardaşın” aydın olmayan mövqeyidir. Ortada Laçın yolunun bağlanmasına Kremin müqavimət göstərə bilməməsi kimi “acı” təcrübə var. Nersisyanın mitinqdə çıxışı da bunu təsdiq edir: “Biz ümid edirdik ki, beynəlxalq ictimaiyyət, Rusiya və Ermənistan bu ölümcül fəlakətin gedişatını dayandırmaq üçün qətiyyətli addımlar atacaq, lakin məlum oldu ki, hamı yalnız müşahidəçi kimi çıxış edir. Mən beynəlxalq ictimaiyyətə, Ermənistana və Rusiyaya bir sual vermək istəyirəm: nəyi gözləyirsiniz? Bu meydanda hər gün meyitlərin görünməsini istəyirsiniz?”

Yekun olaraq qeyd etmək olar ki, Qarabağdakı rejimin süqutunun qaçılmaz olduğunu hamı dərk edir, sadəcə, maraqlı tərəflər prosesin məsuliyyətinin altında qalmaq istəmirlər. Bu gün Paşinyan ilk addımı atıb, sabah onun “əlimizdən gələni etdik, Rusiya öhdəliklərini yerinə yetirmədi, artıq reallıqlarla barışmalıyq” bəyanatının olmayacağına heç bir zəmanət yoxdur. Bu isə Qarabağda artıq növbəti mərhələnin başlanğıcı deməkdir. Azərbaycanın bölgədə suverenliyini təmin etmək üçün daha bir məsafəni qət edə biləcək…

Turqut