Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağ qaldı bir yanda, hamı lider “yarışdırır”

Müəllif: Arif Əliyev

Dünən Münhendə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Qarabağ müzakirəsi haqqında bir məqalə yazdım: “Unikal diskussiya”. Oxunma sayının mövzuya görə az olduğuna işarə vuran bir həmkarım dedi: “Başlığı düz seçməmisən”.

Doğrudanmı düz seçməmişəm? Axı mən mahiyyətə diqqət etmişəm, bu diskussiyanın danışıqlar prosesinə hansı yeni çalarlar gətirə biləcəyini araşdırmağa çalışmışam, prezidentlərin qədim və orta əsrlər üzrə tarix dərsliklərini necə mənimsədiklərini yox! Məgər vacib olanı bu deyil?

Eyni mövzuda başqa yazıların başlıqlarına baxmağa qərar verdim. Və çox məyus, jurnalistikamızın səviyyəsindən daha da bədgüman oldum.

Budur sosial şəbəkələrdə geniş paylaşılan populyar başlıqlar: “Münhendə İlham Əliyev Paşinyanı milçək kimi tapdaladı”,  “Paşinyan rüsvay oldu: “Ayıb olsun!”, “Səkkiz, doqquz, on... aut”, “İlham Əliyevdən Paşinyana tarixi sillə”, “Paşinyanın növbəti fiaskosu, İlham Əliyevin növbəti zəfəri”, “Əliyev Paşinyanı darmadağın etdi”, “əzdi”, “biabır elədi”, “yıxıb sürüdü” və sair və ilaxır... Yüzlərlə şüar, onlarla məqalə...

Əlbəttə, Azərbaycan prezidentinin müzakirədə daha inamlı davranışı, sərrast və dərin, yeri gələndə ironik cavabları beynəlxalq ictimai fikrə təsir baxımından mühüm əhəmiyyətə malik idi. Bununla belə, ölkə jurnalistikasının Münhendə baş vermiş unikal hadisəni güləş, boks terminləri ilə şərh edərək ictimaiyyətə necə bəsit formada çatdırdığını görəndə adamı heyrət bürüyür. Sanki orada avropalılar prezident yarışdırırdılar və indi mediamızı bir şey maraqlandırır: bizimki uddu, ya uduzdu? Hətta “yarışın nəticələrini” qiymətləndirəndə də jurnalistlər çox vaxt “ümummilli Qarabağ maraqlarından” deyil, məhdud siyasi maraqlardan çıxış edirlər: iqtidaryönlü medianın “zəfər” adlandırdığına müxalifət resursları “şou” deyirlər.  Bəs, ilk dəfə açıq formatda keçirilən yüksək səviyyədə görüşün iki ölkə arasındakı köhnə münaqişənin həlli prosesi kontekstində anlamı nədir? O, hansı yeni ideyalara, yanaşma tərzinə, forma axtarışına təkan verə bilər? Qəliz suallardır və görünür, buğünkü mediamızın qafası üçün deyil.

Bizim Qarabağ mövzusunu dərindən, professional səviyyədə işıqlandıran jurnalist korpusu yetişdirməyə ehtiyacımız var. Münaqişənin 30 yaşı tamam oldu və azı 25 ildir ki, biz bu ehtiyacı hiss edirik, amma hələ də ali təhsil müəssisələrimizdə, elmi institutlarımızda Qarabağ problemi sahəsində ixtisaslaşmış, ekstremal jurnalistika üzrə ciddi təlim görmüş kadrlar hazırlayan mərkəzimiz yoxdur. Əvvəllər bu boşluğu jurnalist təşkilatlarının treninqləri qismən doldururdu, həmin təşkilatların da nəfəsini kəsdilər. Qarabaq münaqişəsinin öyrənilməsi və araşdırılması üzrə elmi-məlumat mərkəzinin yaradılması zərurəti haqqında söhbətlər isə 1990-cı illərin əvvəllərindən davam etməkdədir.

Bax belə... Bir başlıq haqqında düşüncələr məni bunca mürəkkəb nəticələrə gətirib çıxardı. Bilirəm, dörddə bir əsrdir danışırıq və həll olunmursa, deməli, çətin məsələdir. Amma həmkarlarımdan bir xahişim var: nədən istəyirsiniz yazın, heç təhsilinizin olması da vacib deyil, bircə Qarabağdan yazmaq istəyirsinizsə, bütün məsuliyyətinizi və olan bacarığınızı toplayın. Heç olmasa, milçəyi yaddan çıxardın.