Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qara ölüm” dünyanı necə dəyişdi?..

Müəllif: Şahin Cəfərli

Dünyada COVİD-19 adı verilən koronavirus pandemiyası tüğyan edir. Sərhədlər bağlanır, gediş-gəliş dayandırılır, ölkələr öz içinə qapanır. Sosial həyat dayanıb. Vəziyyəti ağırlaşdıran məqam budur ki, qlobal epidemiya ilə qlobal iqtisadi yavaşlama eyni vaxta təsadüf edib. Yavaşlamanın tənəzzülə, iqtisadi terminologiya ilə desək, resessiyaya çevrilməsi təhlükəsinin bütün əlamətləri ortadadır. İndi hər kəsi maraqlandıran sual budur ki, epidemiya və iqtisadi çöküşdən sonrakı dünya necə olacaq? Bu qlobal kataklizmlər hansı izləri qoyub gedəcək? Bu suala sonrakı yazılarda cavab verməyə çalışarıq, hələlik isə tarixdən örnək gətirib, keçmişdə baş vermiş qorxunc epidemiyaların, nə qədər paradoksal səslənsə də, müsbət tərəflərindən - faciələrlə yanaşı, proqressiv nəticələrə də səbəb olmasından bəhs edəcəyik. İndiki çətin məqamda bunu ruhlandırıcı hekayə kimi də qəbul edə bilərsiniz.

Bəşər tarixi pandemiyaların yayılmasına dəfələrlə şahidlik edib. Taun, vəba, çiçək, sifilis, sarı qızdırma, yatalaq kimi o dövrlər müalicəsi olmayan yoluxucu xəstəliklər müxtəlif dövrlərdə yüz milyonlarla insanın həyatına son qoyub, bütöv şəhərlər, qəsəbələr, kəndlər boşalıb. Şübhəsiz ki, epidemiyaların bu cür ağır və qlobal xarakterli nəticələri dünya tarixinin sonrakı inkişafına təsirsiz qala bilməzdi və qalmayıb da... Bu baxımdan “Qara ölüm” adlandırılan taun (və ya bubon taunu) xəstəliyinin XIV əsrdə (1346-1353) baş vermiş ikinci pandemiyası dünyanı dəyişdirən, ciddi sosial-siyasi nəticələri olan hadisə kimi tarixə düşüb.

Qərbi Avropada feodal düzənə zərbə                                                             

Asiyadan Avropaya keçən “Qara ölüm” bəzi məlumatlara görə qitə əhalisinin üçdə birini, digər məlumatlara görə yarısını məhv edib. Bu böyük insanlıq dramı, eyni zamanda, bir çox sahədə proqressiv dəyişikliklərə təkan verib. İşçi qüvvəsinin kəskin çatışmazlığının yaranması feodal quruluşun əsaslarını sarsıdıb, burjuaziyanın inkişafına şərait yaradıb, şəhərlərin rolu güclənib. Kəndlilər məcburi əməkdən azad olaraq öz haqlarını tələb etməyə başlayıblar, əməyin dəyəri yüksəlib, boşalmış şəhərlərə axın baş verib. Əvvəllər qapalı təşkilat kimi fəaliyyət göstərən peşə birlikləri, istehsalat müəssisələri sağ qalmış insanları öz sıralarına cəlb etməyə məcbur olublar, ilk dəfə olaraq qadınlar iş həyatında rol alıb. Beləliklə, epidemiya qadın emansipasiyasına da yol açıb.

Bu cür pozitiv dəyişikliklər əlbəttə ki, hakim dairələri narahat edirdi, onlar müxtəlif məhdudiyyətlərə əl atırdılar. Məsələn, 1349-1351-ci illərdə İngiltərədə işçilərin əməkhaqlarının artımını məhdudlaşdıran qanun qəbul olunmuşdu. Daha yüksək əməkhaqqı müqabilində bir feodaldan digərinin torpağına keçmək istəyənlərə həbs cəzaları müəyyən edilmişdi. Amma bu qərarlar artıq işləmirdi, dövr dəyişmişdi. İnsanlar öz əməyinin dəyərini anlayırdı, əvəzolunmazlığını hiss edirdi. 1381-ci ildə baş vermiş Uot Tayler üsyanının yatırılması da effekt verməmişdi. Boş qalmış torpaqları əkib-becərmək lazım idi və feodallar kəndlilərə möhtac idilər. Nəticədə bütün Qərbi Avropada kəndlilərin hüquqları genişləndi, taun köhnəlmiş iqtisadi və siyasi düzəni dağıtdı. Bütün bunlar uzunmüddətli perspektivdə sənaye inqilabına yol açan amillərdən biri oldu.

“Qara ölüm”ün maraqlı nəticələrindən biri də Avropada ingilis dilinin yayılmasına təkan verməsidir. 1066-cı ildə normanlar İngiltərəni ələ keçirdikdən sonra ingilis dili sıxışdırılırdı və idarəetmədə, təhsildə fransız dilinin norman dialekti üstün idi. İngilis dili yalnız kəndlərdə mövqelərini saxlayırdı. Milyonlarla insanı öldürən və şəhərləri boşaldan epidemiyadan sonra kəndlilərin şəhərlərə axışması nəticəsində ingilis dili öz mövqelərini tədricən bərpa etdi.

Katolik kilsəsinin dayaqlarının sarsılması

“Qara ölüm”ün əsas nəticələrindən biri orta əsr Avropasında ən qüdrətli institutlardan olan katolik kilsəsinin mövqelərinin zəifləməsidir. Kilsə insanların kütləvi qırılmasına səbəb olan xəstəliyin səbəbini “Allahın öz günahkar bəndələrini cəzalandırması” kimi ənənəvi sxolastik fikirlərlə izah etməyə çalışırdı. Baş verənlər qiyamətin əlaməti kimi qiymətləndirilirdi. Epidemiyanın pik dövründə - 1350-ci ildə papa VI Kliment məsuliyyətsizcəsinə “Müqəddəs il” (“Yubiley ili” də deyilir) elan etmişdi. “Müqəddəs il” zamanı insanlara papa tərəfindən indulgensiya verilirdi – yəni onların günahları bağışlanırdı. Bu qərardan sonra həmin ilin Pasxa bayramı zamanı Romaya yüz minlərlə zəvvar toplaşmışdı. Taun bu kütlənin içərisində o qədər sürətlə yayılırdı ki, adamların yalnız onda biri evə sağ-salamat qayıda bilmişdi. Papa isə bu vaxt şəxsi həkimi, sonradan adı tibb tarixinə cərrahiyyənin atası kimi düşəcək Gi de Şoliakın tövsiyəsi ilə Romadan uzaqda, Avinyondakı qəsrində idi, yanına heç kim buraxılmırdı.

Epidemiya kilsə və monastırları daha da zənginləşdirmişdi, çünki ümidsiz insanlar əllərindəki olan-qalan qiymətli əşyaları da Allah yolunda kilsəyə verir, günahlarının bağışlanmasını diləyirdilər. Lakin kliriklər niyə bu qədər adamın öldüyü və bu bəlanı dayandırmaq üçün nə etmək lazım olduğu barədə sualların qarşısında aciz idilər. Bu durum bir qədər sonra onların inandırıcılığını itirmələrinə səbəb oldu. Reformasiyaya hələ iki əsr qalırdı, amma katolik kilsəsinin dayaqları sarsılmağa, doqmaları sorğulanmağa başlamışdı. Bunun dünyəvi idarəçiliyin nüfuzunun artması, tibb elminin inkişafı kimi mühüm nəticələri oldu.

Dünyəvi idarəçiliyin uğurları və tibbin inkişafı 

“Qara ölüm” Avropa şəhər dövlətləri üçün ciddi sınaq idi. İndi olduğu kimi, o vaxt da epidemiyadan ən çox zərər çəkənlər italyan şəhərləri idi və onlar vəziyyətə nisbətən adekvat və operativ reaksiya verə bilmişdilər. Venesiya doju Andrea Dandolonu bu sırada ayrıca qeyd etməyə dəyər. A.Dandolo insanların bir-biri ilə təmasını mümkün qədər azaltmağın zəruriliyini başa düşürdü, bu səbəblə müasir dildə desək, sosial izolyasiya tədbirləri həyata keçirmişdi. Ciddi etirazlara baxmayaraq, o vaxtın əyləncə, eyş-işrət mərkəzləri - tavernalar, bordellər, traktirlər qapadılmış, şərab ticarəti qadağan edilmişdi. Meyitlər küçələrdən yığışdırılır, daşınır və şəhərdən kənarda basdırılırdı. Dandolo və komandası epidemiyanın gündə 600 adamın öldüyü ən pik vaxtında belə vəzifə başından ayrılmamışdı və onların aldığı tədbirlər nəticəsində Venesiyada vəziyyət nisbətən stabilləşmişdi. Sonradan digər Avropa dövlətləri də Venesiyanı örnək aldılar.

Taundan əvvəl Avropada tibbə münasibətdə dini ehkamlar dominant idi. Hətta Paris Universitetində tibb “günahkar bədənin müalicəsi”ni əsas götürdüyündən, ikinci dərəcəli elm sayılırdı, cərrahiyyə çirkli peşə hesab olunurdu. Epidemiya bu təsəvvürləri alt-üst etdi və həkimlər xəstəliyin səbəbləri, onunla mübarizə üsulları barədə düşünməyə başladılar. İlk nailiyyətlərdən biri karantin anlayışının ortaya çıxması idi. 1348-ci ildə Venesiya rəhbərliyi limana yaxınlaşan bütün gəmilərin 40 günlüyə Lazaretto adasına göndərilməsinə qərar vermişdi. Bu müddətin bitməsindən sonra həkimlər gəmilərə qalxır və yoxlama aparırdılar, xəstəlik aşkarlanmayan gəmilərin limana yanaşmasına icazə verilirdi. Adada xüsusi xəstəxana da açılmışdı. 1347-ci ildə Reco-nel-Emiliya şəhərində karantin haqqında qanun qəbul olunmuşdu və xəstələri sağlam əhalidən təcrid edirdilər.

Tibbin və gigiyenanın önəminin anlaşılması eyni zamanda tarixdə böyük coğrafi kəşflərin səbəblərindən biri kimi qiymətləndirilir. Ədviyyat insanları infeksiyalardan qoruyan dərman sayılırdı və avropalı tacirlər, dənizçilər bu dəyərli bitkilərin dalınca uzaq diyarlara səfərlərə çıxırdılar.

Kilsə əvvəllər şiddətlə qarşı çıxdığı anatomik tədqiqatlara daha loyal yanaşmağa məcbur olmuşdu. Artıq hər kəs anlayırdı ki, xəstəlik təkcə aşağı təbəqələrin yox, bütün insanlığın ümumi problemidir və sosial statusundan asılı olmayaraq, hər kəsi öldürə bilər.

Beləcə, “Qara ölüm” çoxlu can alsa da, Avropa sivilizasiyasının inkişafına da öz töhfələrini verdi. Böyük kataklizmlər həm də dərs almaq, keçilən yola yenidən nəzər salmaq, yeni başlanğıclar üçün fürsət yaradır.