Logo
news content
User
Kateqoriyalar

Analitika

Putinin “xüsusi əməliyyatı”

Vitali Şklyarov – siyasi texnoloq və məsləhətçi, politoloq, Harvard Universitetinin Rusiya və Avrasiya Araşdırmaları Mərkəzinin elmi işçisidir. O, Angela Merkelin və Barak Obamanın seçki qərargahlarının üzvü olub, son illərdə ABŞ prezidentliyinə namizəd Berni Sanderslə (2016), Rusiya prezidentliyinə namizəd Kseniya Sobçakla, Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadze ilə işləyib.

Pressclub.az-a eksklüziv müsahibəsində Vitali Valentinoviç əməkdaşımız Seymur Kazımovun Rusiyanın siyasəti, ABŞ-da gözlənilən prezident seçkiləri və Azərbaycanda keçirilmiş parlament seçkiləri haqqında suallarını cavablandırıb.

- Əksər dünya dövlətləri, o cümlədən bütün postsovet ölkələri Rusiyada baş verənləri diqqətlə izləyirlər. Parlamentə müraciətində Putin Konstitusiyaya ciddi dəyişikliklər təklif etdi, öz səlahiyyətlərinin bir qismini Dumaya ötürməyə hazır olduğunu bildirdi. Putin nə etmək istəyir, Vitali Valentinoviç? Kremli düz yolda dolanbac yeriməyə vadar edən nədir? Yoxsa, elə yol özü əyri-üyrüdür?

- Əvvəla, söyləməliyəm ki, Putin, şübhəsiz, həm strateq, həm taktikdir! Kim nə deyirsə desin, o, tamam gözlənilməz qərar qəbul etdi. Prezidentin gözlənilməz addımları barədə bir neçə məqaləmdə yazmışam və onları “xüsusi əməliyyatlar” adlandırmışam. Putin bu işin ustasıdır və belə əməliyyatları həyata keçirməyi gözəl bacarır. Bu dəfə də o, müxalifət qarışıq, hamını qəfil yaxalaya bildi. Qeyd edim ki, gözlənilməz olmaq, istər rəqiblərini, istərsə də dünya ictimaiyyətini qəfil yaxalamağı bacarmaq həqiqətən siyasətçidən böyük ustalıq tələb edir. Ona görə də, əlbəttə, budəfəki “xüsusi əməliyyat” da parlaq oldu.

İkincisi, nəzərə alınmalıdır ki, Rusiyada hakimiyyət sistemi balans üzərində qurulub. Söhbət fərqli qüvvələrin, tərəflərin, maraqların və bəzən “Kremlin qüllələri” adlandırılan klanların balansından gedir. Hakimiyyətin və sistemin balansı müasir Rusiya siyasəti üçün olduqca vacibdir, çünki bu ölkənin siyasi idarəçiliyi hər halda kiçik bir dairənin, şərti olaraq “Ozero” kooperativi”* adlandırılan dəstənin, yəni Putinin və onun yaxın dostlarının əlində cəmləşdirilib.

Bu cür qüvvələr balansı, belə sistem, bir başlıca xüsusiyyətə malikdir: nəyin bahasına olursa olsun, yaşamaq və hakimiyyəti əldə saxlamaq. Balanslaşdırılmış sistem isə – sabitdir, mövcudluğunu davam etdirməyə qadirdir. Məqsəd də budur.

Putinin təklif etdiyi bütün düzəlişləri sadalamayacağam. Mən də, bir çox digər təhlilçilər də bunu artıq ediblər. Amma Konstitusiya islahatlarında ən vacibi Putinin öz hakimiyyətini gücləndirməsidir. O, elitaları yenidən tarazlaşdırır və balanslaşdırır, bir az parlamentin, bir az prezidentin səlahiyyətlərindən kəsib özünün 2000-ci ildə yaratdığı yeni strukturu – Dövlət Şurasını möhkəmlədir və bununla 2024-cü illə bağlı uzun sürən söhbətləri qapadır, eyni zamanda səmərəsiz Medvedyev hökumətini də təzələyir.

Beləliklə, Putin yeni güc balansı ortaya qoydu və ən başlıcası, öz varisinin kim olacağı barədə 13 il davam dair müzakirələrə son verdi. Bu, yalnız elitalar üçün deyil,  hər kəs üçün açıq mesaj və siqnaldır. Bu, özünəməxsus “hakimiyyət transferi” və ya tranziti ssenarisidir. Putin Konstitusiyanı dəyişdirdi, bununla da göstərdi ki, nə xüsusi transfer, nə də varis olmayacaq və o, qalacaq.

- Siz bir müddət Gürcüstanda çalışmısınız, müxalif namizəd Qriqol Vaşadzenin prezident seçkisində siyasi texnoloqu olmusunuz. Cənubi Qafqazdakı münaqişələrdən də, gərək ki, məlumatlısınız. Azərbaycanda çoxları deyirlər ki, Rusiyada demokratik cəmiyyət qurulmayanadək Cənubi Qafqazdakı siyasi münaqişələr həllini tapmayacaq. Necə fikirləşirsiniz, düz deyirlər? 

- Cənubi Qafqazdakı münaqişələr, Rusiyanın nüfuz dairəsində olan digər ölkələrdəki bir çox münaqişələr kimi, ilk növbədə xarici siyasətlə bağlı münaqişələrdir. Və siz haqlı olaraq qeyd etdiniz ki, onlar yalnız Rusiyadakı siyasi rejimin dəyişməsi ilə həllini tapacaq. Bu, yalnız Cənubi Qafqaza yox, həm də Ukraynaya, Belarusa aiddir...

- ABŞ bu ilin noyabrında keçiriləcək prezident seçkisinə hazırlaşır. İllər öncə siz demokrat namizəd Berni Sanderslə işləmisiniz. O, yenidən namizədliyini irəli sürüb. Sizcə, Sanders demokratların prezidentliyə namizədi kimi Trampla rəqabət apara bilərmi? Onun platforması bəzən birmənalı qarşılanmır...

- 2016-cı ildə mən tam əminliklə deyə bilərdim ki, Berni həmişə, elə ilk gündən Trampı üstələyib. Prezidentliyə namizədin seçki qərargahının əməkdaşı kimi, mən modelləşdirmə və təhlil şöbəmizdən gündəlik hesabatlar alırdım və bu hesabatlarda qələbə şanslarımız, real rejimdə baş verən dəyişikliklər ardıcıl olaraq əksini tapırdı. Aparılan böyük statistik araşdırmalar səsvermənin dinamikasını göstərir və gələcəyi imitasiya etməyə, onun modelini yaratmağa imkan verirdi. Bu modellərdə, sonradan reallıqda olduğu kimi, Tramp bəzən Hillariyə qalib gəlir, bəzən məğlub olurdu, Hillari də hərdən həm Trampı, həm Bernini ötür, hərdən onlardan geri qalırdı. Amma Sanders həmişə Trampı birmənalı olaraq üstələyirdi.

Hazırkı vəziyyətə gəldikdə isə, əvvəla, indi mənim bir zamanlar seçki kampaniyasının əməkdaşı kimi malik olduğum təhlillərə tam həcmdə çıxışım yoxdur. Ancaq deyə bilərəm ki, Sanders kifayət qədər güclü oyunçu olaraq qalır və seçki yarışının sonuna qədər belə qalacaq. Bunu rəy sorğularından da görmək olur. Tramp isə dördillik prezidentlik müddətində xeyli təcrübə yığıb, Respublikaçılar Partiyasının daxilində çox yüksək dəstək qazanıb. Uğursuz impiçment cəhdindən və demokratların Ayova ştatındakı ilk qalmaqallı praymerizindən sonra ona dəstək daha da güclənib. Bu, Trampın yenidən seçilmə şansını bir az da artırır. Belə vəziyyətdə Sanders, demokratların vahid namizədi adına yiyələnərsə, Trampa qalib gələ bilərmi? Əlbəttə, maraqlı sualdır. Bir şeyi dəqiq deyə bilərəm ki, demokrat namizədlər arasında o, ən güclü və maliyyə dayaqları ən möhkəm olan namizədlərdəndir. Və mümkündür ki, vahid namizəd olsun.

Uzunmüddətli perspektivdə isə, düşünürəm ki, ABŞ Demokratlar Partiyası böyük bir problemlə üzləşmək təhlükəsi qarşısındadır. Partiya kifayət qədər parçalanmış və daha az mərkəzləşmiş vəziyyətdədir. Əlbəttə, Amerikada ikipartiyalı sistemin gələcəyinin necə olacağı başqa bir söhbətin mövzusudur, amma məncə, Tramp epoxası bizim XX əsrdə tanıdığımız Amerikanın sonunun başlanğıcını qoydu.

Qayıdaq Berni Sandersə: bəli, hazırda o, demokratlar arasında liderdir, hesab edə bilərik ki, ilk iki ştatda kifayət qədər uğurlu çıxış edib, amma, fikrimcə ən böyük uğur onu Cənubi Karolina və Nevada ştatlarında gözləyir. Bununla belə, “super çərşənbə axşamı”** nə baş verəcəyini gözləməliyik, ondan sonra hər şey öz yerini tutacaq və ümumi mənzərə aydın olacaq.

- Seçkilər dövründə Amerikada bütün diqqət, bir qayda olaraq, daxili problemlərə yönəlir. Amma bu sualı verməkdən özümü saxlaya bilməyəcəyəm: Trampın İran, Suriya, Yaxın Şərq siyasəti ABŞ establişmentinin maraqlarını əks etdirirmi?

- Mənə elə gəlir ki, Trampın Yaxın Şərq siyasəti yalnız onun şəxsi siyasi maraqlarını, seçkiqabağı kampaniyasının maraqlarını və bir də Vaşinqtonun ənənəvi hərbi lobbisinin maraqlarını əks etdirir.

- Sizin ABŞ-da, Rusiyada, Gürcüstanda istifadə etdiyiniz siyasi texnologiyaların Azərbaycanda da tətbiqi mümkündürmü?  Niyə soruşuram? Yəqin bilirsiniz ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Yerli qanunvericiliyə görə, seçkiqabağı təşviqata cəmi 23 gün ayrılıb,  namizədlər yalnız majoritar sistem üzrə seçilib, media seçkilərə olduqca zəif maraq göstərib. Televiziyalar ümumiyyətlə, seçki prosesindən kənarda qalıb. Belə olan halda zavallı namizəd nə etməlidir? Hansı siyasi texnologiyalar burada daha səmərəli ola bilər?

- İki-üç həftəyə namizəd nə edə bilər? Bilirsinizmi, hansısa kampaniyada nəyi etməyin daha səmərəli olduğunu bu cür, gözüyumulu dəqiq demək çox çətindir. Hər kampaniya unikaldır, hər şəraitin özünəməxsus xüsusiyyətləri var. Burada əlbəttə, namizədin şəxsiyyəti, onun və partiyasının təcrübəsi, komandası, maliyyə resursları, təbii ki, ölkədəki siyasi vəziyyət, seçicilərin əhval-ruhiyyəsi və gözləntiləri də böyük rol oynayır. Bunlar barədə ilkin məlumat olmadan sadəcə, “belə etmək lazımdır, elə etmək yaxşıdır” demək doğru və vicdanla görülən iş deyil. Amma bir qayda olaraq, zaman və maliyyə resurslarının məhdudluğu şəraitində hamısından səmərəlisi “sahə işi” aparmaqdır. Ümumiyyətlə, hətta Amerikada da “sahə işlərinə” seçki büdcəsinin 60 faizindən artığı sərf olunur. Bir atalar sözündə deyildiyi kimi, yüz eşitməkdənsə, bir görmək (namizədi) yaxşıdır. Ona görə də namizədin seçicilərlə üz-üzə görüşməsi Facebookda reklam üzərindən ünsiyyətdən daha üstündür. Gürcüstanda da biz “sahə işlərinə” güc verdik və bu, uğurumuzun açarı oldu.

Qeydlər:

* “Ozero” kooperativi — Kareliya bərxəzində (Leninqrad vilayəti) “Komsomol” gölü sahilində bağ evləri kooperativi. Bu kooperativi 1996-cı ildə Vladimir Putinlə dostları təsis edib. Putin 2000-ci ildə prezident seçiləndən sonra hamısı yüksək vəzifələrə təyin olunub.

** “Super çərşənbə” — Amerika siyasi jarqonunda: prezident seçkiləri ilinin fevral və ya may ayının əvvəli (bu il martın 3-nə təsadüf edir). Həmin gün ştatların əksəriyyətində ilkin seçkilər (praymeriz) keçirilir.