Putinin “susqun dili” Ermənistanı Ukraynanın taleyi ilə hədələyir
Erməni ekspert: Moskva bu məsələdə “İran kartı”ndan istifadə edir
06 Oktyabr 2026
“Hazırkı Ermənistan rəhbərliyinin seçdiyi siyasi kurs yaxşı heç nəyə gətirib çıxarmayacaq. Respublikanın başına gələ biləcək ən dəhşətli şey onun ikinci Ukraynaya çevrilməsidir”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radiosuna müsahibəsində bildirib.
“Hazırkı Ermənistan rəhbərliyi inkişaf istiqamətini dəyişməyin doğru olduğuna qərar verib. Əminəm ki, bu da yaxşı heç nəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – o bildirib.
Medvedev bu zaman nümunə kimi Gürcüstanı göstərib. O, bildirib ki, əvvəlcə Qərb dünyası Gürcüstana NATO-ya üzv olmağı təklif edib və bunun da yaxşı nəticəsi olmayıb.
“Gürcüstan hələ də NATO üzvü deyil. Görünür, onun hazırkı rəhbərliyi bunun yanlış yanaşma olduğunu anlayır. Bütün bunlar münaqişəyə gətirib çıxardı”, – o deyib.
Medvedevin fikrincə, indi Qərb oxşar şəkildə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin “möhkəmliliyini yoxlayır”. Bu münasibətlər İrəvanın Avropa İttifaqına üzv olmaq planları fonunda kəskinləşib.
Xatırladaq ki, Ermənistan parlamenti Avropa İttifaqına üzvlük prosesinə başlanması haqqında qanunu hələ 2025-ci ilin martında qəbul edib. Bu, Moskvanın narazılığına səbəb olub. Rusiya bəyan edib ki, eyni vaxtda Aİ və Avrasiya İqtisadi İttifaqında (Aİİ) üzvlük mümkün deyil. Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı qəti qərar vermək üçün Ermənistandan dəfələrlə referendum keçirməyi tələb edib və Avropaya inteqrasiya istəyinin Ukraynaya qarşı müharibəyə səbəb olduğunu xatırladaraq, İrəvanı Ukraynanın taleyini nəzərə almağa çağırıb.
Aydındır ki, hazırda Medvedevin Rusiyanın siyasi olimpində elə də ciddi siyasi çəkisi yoxdur. O, “prezidentlik” dövründən sonra uzun illər susdu və yalnız Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlamasından sonra yenidən görünməyə başladı. Həmin vaxtdan etibarən o, Kremlin hansısa formada xoşuna gəlməyən ölkələrə qarşı təhdid ruporuna çevrilib. Bununla belə, bir çox siyasi ekspert hesab edir ki, əslində ona Putinin mövqeyini çatdırmaq rolu verilib. Putin özünün açıq şəkildə səsləndirmək istəmədiyi fikirləri Medvedev vasitəsilə dilə gətirir.
Burada sual yaranır: Ermənistanı Ukraynanın başına gələnlərin gözlədiyi barədə səsləndirilən bu proqnoz nə deməkdir? Yəni Moskva Ermənistana hücumla hədələyir? Bəs Rusiya ilə Ermənistanın ortaq sərhədi olmadığı halda, Moskva bunu necə həyata keçirə bilər?
Yaranmış vəziyyəti Pressklub.az-a Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Hovhannisyan şərh edib.

“Medvedevin bu qalmaqallı bəyanatını İranın Dövlət Televiziya və Radiosuna müsahibəsində səsləndirməsi maraqlıdır. Bu, onu göstərir ki, Moskva artıq İranın köməyi ilə Ermənistana təzyiq göstərmək istəyir.
Ermənistanla Azərbaycan arasında münaqişə davam etdiyi müddətdə Azərbaycan vasitəsilə Ermənistana təzyiq göstərmək imkanı var idi. Yeri gəlmişkən, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə də eyni vəziyyət yaşanırdı: Moskva Bakının davranışından nəyisə bəyənmədikdə, Ermənistana müəyyən üstünlük vermək və bununla da Azərbaycanı cilovlamaq mümkün idi. Bu gün münaqişə artıq başa çatıb. Bunun fonunda qonşu xalqlar və dövlətlər arasında münasibətlərdə istiləşmə baş verir və Moskvanın artıq “Qarabağ hərəkatı”ndan istifadə edərək həm Ermənistanı, həm də Azərbaycanı ipdə saxlamaq imkanı yoxdur.
Üstəlik, bütün əsaslar var ki, İlham Əliyevlə Nikol Paşinyanın şifahi, qapalı şəkildə Moskvanın Qarabağ mövzusunu yenidən gündəmə gətirmək və ümumiyyətlə, Ermənistan-Azərbaycan yaxınlaşmasına hansısa formada təsir göstərmək cəhdlərini neytrallaşdırmaq barədə razılaşdıqlarına inanaq. Bakı və İrəvanın bu xəttə ciddi şəkildə sadiq qaldıqlarına, artıq çevrilmiş münaqişə səhifəsinə qayıtmaq istəmədiklərinə görə, Moskvanın “İran kartı”nı işə salmaqdan başqa yolu qalmır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasının haradasa başqa yerdə deyil, məhz Vaşinqtonda, özü də ABŞ Prezidenti Donald Trampın himayəsi və birbaşa iştirakı ilə baş verdiyini nəzərə alsaq, Moskvada hesab edirlər ki, Tehranı Vaşinqtonda əldə olunmuş razılaşmaları pozmağın və Ermənistan-Azərbaycan dialoqunu yenidən Kremlin nəzarətinə qaytarmağın zəruriliyinə inandırımaq üçün çox vaxt lazım olmayacaq.
Lakin görünür, Moskvanın hesablamaları özünü doğrultmayacaq. Çünki İran “Tramp yolu”, İrəvandakı ABŞ səfirliyinin böyüklüyü, Ermənistanın üzünü Qərbə çevirməsi və Moskvanın gündəmə gətirdiyi digər qorxularla bağlı heç də panikaya düşməyə meylli deyil. Bir neçə əsrlik fasiləsiz dövlətçilik təcrübəsinə malik ölkəni sərhədi yaxınlığındakı Ermənistanın Ukraynaya çevriləcəyi barədə nağıllarla qorxutmaq və İranda, yəni Ermənistan sərhədində guya yeni “xüsusi hərbi əməliyyatın” qaçılmazlığı ilə bağlı panikaya salmaq o qədər də asan deyil”, – siyasi elmlər doktoru hesab edir.
Onun sözlərinə görə, burada başqa sual da ortaya çıxır: əgər Moskva həqiqətən də Ermənistanı Aİ-də gözləmədiklərinə və bu ölkənin Avropa İttifaqına üzvlüyünün ümumiyyətlə perspektivi olmadığına əmindirsə, ötən il martın 25-də Ermənistan parlamentinin Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması haqqında qanun qəbul etməsi niyə onu bu qədər narahat edir?
“Bununla yanaşı, oxucu Medvedevin bu bəyanatından da görə bilər ki, burada nümunə kimi uzun illərdir Aİ-yə üzv olmaq üçün növbə gözləyən Gürcüstan və Türkiyə göstərilir. Məsələ isə ondadır ki, Moskva sadəcə olaraq yalan danışır: Egey dənizindəki bəzi adalarla bağlı Yunanıstanla davam edən ərazi mübahisəsi olan Türkiyədən və qonşusu Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı hələ də səngiməyən ərazi mübahisəsi yaşayan Gürcüstandan fərqli olaraq, Ermənistan Respublikasının bu gün qonşuları ilə heç bir problemi yoxdur.
Bu baxımdan, bu gün Ermənistan qədər Aİ-yə tamhüquqlu üzvlüyə yaxın olan başqa heç bir postsovet ölkəsi yoxdur. Məsələ təkcə Ermənistanın Aİ-yə düşmən münasibət bəsləyən Rusiya ilə ortaq sərhədinin olmamasında deyil. Əsas məsələ odur ki, Ukrayna, Moldova və Gürcüstandan fərqli olaraq, Ermənistanın bu gün qonşuları ilə heç bir ərazi mübahisəsi və qarşıdurması yoxdur.
Ermənistanın Avropanın nüfuzlu strukturları tərəfindən tamhüquqlu üzv kimi öz sıralarında görmək istəməsinə gəlincə, buna 1990-cı illərdə Rusiya Xarici İşlər Nazirliyində Ermənistan məsələləri üzrə şöbəyə rəhbərlik etmiş Nikolay Platoşkinin fikirləri də sübutdur. O iddia edir ki, hələ 1990-cı illərdə Ermənistana NATO və Avropa İttifaqına üzv olmaq təklif edilib, lakin Qarabağ məsələsinə aludə olmuş rəsmi İrəvan həmin vaxt bundan qəti şəkildə imtina edib.
Bu gün isə Nikol Paşinyan və onun rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” partiyası tərəfindən belə bir imtina yoxdur. Üstəlik, Nikol Paşinyan Azərbaycanla münaqişəni davam etdirməkdən imtina etməklə Ermənistanın Avropa İttifaqına gedən yolundakı yeganə maneəni aradan qaldırıb. Moskvanın narahatlığı da məhz bununla bağlıdır. Moskva əslində Ermənistanın Avropa İttifaqına üzvlüyünün o qədər də uzaqda olmadığını anlayır və buna qarşı çıxmağa çalışır”, – deyə Hovhannisyan hesab edir.
Rauf Orucov