Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin Rusiyanı kimə tanıdır? 
Xankəndidəki “Şöhrət parkı”ndan verilən siyasi mesajlar barədə 

Müəllif: Seymur Həzi

Azərbaycanın Ermənistan üzərindəki hərbi qələbəsindən bir il ötdü. Noyabırın 8-də Şuşanın işğaldan azad edilməsini hərbi zəfərin təntənəsi kimi qeyd edən xalqımız iki gün sonra Rusiya qoşunlarının yenidən ölkəyə girməsinin bir ilinin məyusluğunu yaşadı. 

Ötən müddət ərzində Azərbaycanda medianın və sosial şəbəkə iştirakçılarının ən çox müzakirə etdiyi 3 məsələnin sırasında söz yox ki, Rusiya silahlı qüvvələrinin Azərbaycana yenidən sülhməramlı adı ilə daxil olmasıdır.  Bu mövzuda da əlbəttə, fərqli fikir və görüşlər var, amma əksəriyyətin qənaəti bundan ibarətdir ki, Rusiya Azərbaycanda yenidən hərbi təsir imkanı əldə edib və bu, milli maraqlarımıza nəinki cavab vermir, hətta ona təhdiddir. 

“Şöhrət parkı”nın məqsədi 

Atəşkəsin bir ilinin tamamında isə Azərbaycan cəmiyyəti nə qədər təəccüblənsə də, siyasi təhlilçilərin əksəriyyəti üçün gözlənilməz olmayan bir hadisə baş verdi. Rusiya Azərbaycanın Xankəndi şəhərində özünün tarixi şəxsiyyətlərinin büstləri qoyulmuş “Şöhrət parkı”nın, eləcə də “sülhməramlı əsgər”ə həsr olunmuş abidənin açılışını etdi. Belə bir parkın yaradılmasına hansı zərurət haqq qazandıra bilərdi? Sülhməramlı qüvvə ərazisində olduğu ölkənin qanunlarına zidd olaraq tikinti-quruculuq işləri aparmaq hüququna malikdirmi? 

Rusiya televiziyalarının reportajlarında Xankəndindəki kontingentin “şəhərsalma” fəaliyyətindən söz açılır və süjetlərin ictimai fikrə ötürdüyü bir mesaj var: Rusiya buraya uzun müddətə gəlib. Çünki bu büstlərlə Rusiya siyasi hakimiyyətinin özünü bizə tanıtmaq istədiyinə elə də əmin olmaq olmur. Bunu hamıdan yaxşı rus siyasi elitası bilir ki, azərbaycanlılar Rusiyanın imperiya siyasətini çox yaxşı tanıyırlar. Təkcə bir əsrdə baş verənləri xatırlamaq Rusiyanı Azərbaycanda tanımaq üçün kifayət qədər imkanımızın olduğunu deyir: 

- 1920-ci ilin 28 aprelində Azərbaycanın müstəqilliyinə qəsd etməkləri ilə; 

- 1937-38-ci illərin qanlı və amansız kütləvi repressiyaları ilə;  

- 1947-1953-cü illərdə Azərbaycan türklərinin Qərbi Azərbaycandan (indiki Ermənistan) deportasiya olunması ilə; 

- 1981-89-cu illərdə yenidən deportasiya ilə; 

- 1990-cı ilin 20 yanvarında Bakıda törətdikləri qırğınla... 

1992-ci ildə Xocalıda törədilən kütləvi qırğınla da Azərbaycan xalqı Rusiyanın imperialist üzünü yaxşı tanıyıb. Buna görə də bu “Şöhrət parkı”nın hansısa tanıtma məqsədi güddüyünü demək elə də doğru olmaz. Burada məqsəd, sadəcə, Rusiyanın Azərbaycandakı varlığına yeni məzmun verməkdir. Yəni bura Rusiya mədəniyyətinin və tarixinin bir hissəsidir. Əgər bu mesajı kimsə başa düşməyibsə, fikri təkrar və daha aydın yazmaq olar - Kreml Xankəndində rus xadimlərin və ədiblərin büstlərini qoymaqla, onu demək istəyir ki, Qarabağ Rusiya tarixinin və mədəniyyətinin bir hissəsidir. Necə ki, bu mesajı açıq mətnlə Zatulin, Jirinovski, Solovyov deyirdi. 

 

“Xilaskar rus əsgəri”nin abidəsi 

Diqqəti çəkən məqamlardan biri də Xankəndində qoyulmuş “xilaskar rus əsgəri”nin abidəsidir. Burada dırnaqdan ona görə istifadə olunub ki, söhbətin hansı xilas əməliyyatından getdiyi bəlli deyil. Birincisi, Putin deyir ki, bizi oraya Azərbaycan, konkret olaraq, İlham Əliyev dəvət edib. O zaman söhbət kimin kimdən xilasından gedir? Belə çıxır ki, İlham Əliyev Rusiya ordusunu çağırıb ki, gəlin, mənim erməni vətəndaşımı öz əsgərimdən qoruyun? Yoxsa, Azərbaycan ordusu özünün rəsmi ali baş komandanını dinləmirmiş? Bu məsələyə rəsmi orqanların aydınlıq gətirməsi vacibdir. 

Amma fikrimizcə, bu abidənin məqsədi oradakı ermənilərə “bizi buraxmayın, yoxsa övladlarınızın həyatı təhlükədə olacaq” mesajını verməkdir. Kremlin belə məkrli mesajları erməni əhaliyə rahat həzm etdirə bilməsinin səbəblərindən ən başlıcası isə Azərbaycanda bu mövzuda danışanların bir çoxunun məsuliyyətsiz ifadələri, yersiz, aqressiv çağırış və təhdidləridir. 

Azərbaycan nə etməlidir? 

Rəsmi Bakı Moskvanın bu qanunsuz əməllərinə susmaqla özünü daha çətin və xalq yanında şübhəli duruma salır. Belə başa düşülür ki, Kremlin addımları Bakını nəinki narahat etmir, hətta məmnun edir. Buna görə də tezliklə əhatəli və konkret rəsmi mövqe bildirilməlidir. Əks halda, rəsmi Bakının - konkret olaraq indiki hakimiyyətin bu hadisələrdə tarixi məsuliyyətdən boyun qaçırması çətin olacaq.