Logo
news content
User
Kateqoriyalar

Analitika

“Pul almamısansa, 32 milyonu hardan ödəmisən?”
Vüqar Səfərli və digərlərinin işi üzrə məhkəmə prosesində heyrətamiz faktlar üzə çıxır

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş “Portos” MMC-nin direktoru olmuş Ədalət Vəliyev deyir ki, heç nədən xəbəri yoxdur. Nə o binaların necə tikilməsilə maraqlanıb, nə ayrılan vəsait haqda məlumatı var, nə də tenderdə iştirak edib. O, hətta latın qrafikasıyla yazıb-oxumağı da bacarmadığını bildirir.

Ədalət Vəliyev bütün bunları noyabrın 11-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfərin işi üzrə məhkəmə prosesində deyib. Onun özü də 11 təqsirləndirilən arasındadır, lakin həbsdə deyil. Ümumiyyətlə, 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov (o, Ədalət Vəliyevdən əvvəl “Portos” şirkətinin direktoru olub) həbsdədir.

“Nə tenderdə iştirak eləmişəm, nə pul görmüşəm, nə də necə tikildiyini bilirəm. Nə kabinetim olub, nə də maaş almışam. Bir il neçə aysa işləmişəm, cəmi iki ay 501 manatdan maaş almışam. O 1002 manatdan başqa pul görməmişəm. Gəlmişəm, mühasib Kəmaləddin müəllim nə sənəd veribsə, qol çəkib gedirdim. Heç bilmirdim nə sənədlərdir. Çünki latın qrafikasında oxuyub-yaza bilmirəm”, - Ədalət Vəliyev məhkəmədə dindirilərkən belə deyib.

Təqsirləndirilən şəxslərdən Nadir Məmmədov onu yalan danışmaqda ittiham edib:

“Vicdanın olsun, bu qədər yalan danışma. Sən axı direktor təyin olunanda azı iki dəfə “ASAN Xidmət”ə, Vergilər Nazirliyinə getmisən. Kim aparıb səni? Mən 40 il işləmişəm, Qarabağ müharibəsi veteranıyam, bir maşınım yoxdur. Deyirsən, sürücüyəm, şirkətdən də iki ay 501 manatdan başqa pul almamışam, bəs 32 milyonu hardan ödəmisən? Niyə ödəmisən? Mənim 63 yaşım var, ölürəm burada, Allahın olsun, vicdanla danış...”

Cinayət işinin materiallarına əsasən, jurnalistlər üçün tikilən üç binadan təkcə ikisində 16 milyon 928 min manatdan çox yeyinti olub. Ümumilikdə isə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mənimsənilən, israf edilən vəsaitin 20 milyondan çox olduğu bildirilir.  İstintaq dövründə təqsirləndirilən şəxslərin bir neçəsi vurulmuş ziyandan müəyyən qədər vəsait ödəyib. Vüqar Səfərli və ailə üzvlərinin bank hesabları, daşınmaz əmlaklarının üzərinə həbs qoyulub.

Məhkəmədə məlum olub ki, Ədalət Vəliyev 1 milyon manat nağd pul və 32 milyonun əvəzinə bir binanı istintaqa verib. Digər təqsirləndirilən şəxslərin vəkilləri ondan soruşub ki, əgər onun heç bir qazancı olmayıb, hətta işlədiyi müddətdə normal qaydada maaş belə almayıbsa, niyə o qədər vəsaiti ödəyib?

“İstintaq tələb elədi, mən də ödədim…”, - o, belə cavab verib.

Vəkillər ondan sözügedən binanın formasını, harada yerləşdiyini soruşublar. Lakin o, həmin bina ilə bağlı suallara “bilmirəm” cavabını verib.

Cinayət işinin materiallarındakı bəzi ifadələrdə Ədalət Vəliyevin Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qohumu olduğu bildirilir. Belə məlumatlar da var ki, onun adından ödənilən pulun əsl sahibi Əli Həsənov olub. Ziyanın əvəzi kimi verilən bina da ona məxsusdur.

Məhkəmə araşdırmaları zamanı üzə çıxdı ki, jurnalistlər üçün tikilmiş binalarda layihədə parket nəzərdə tutulsa da, onun əvəzinə laminat, pəncərə altlıqlarında mərmər əvəzinə plastik vurulub. Binaları inşa edən “Portos” MMC-nin sahə rəisi Namiq Hacıyev noyabrın 11-də məhkəmədə ifadə verərkən bu məsələyə belə aydınlıq gətirib: “Mən verilən layihə, smeta əsasında işimi icra eləmişəm. Bina iki bloklu olsa da, bizə bir blok üçün beton, armatur verilmişdi. Bununla əlaqədar sifarişçiyə məktub göndərildi. Dedilər ki, parketi laminatla əvəz edin, qiymət fərqinə də beton, armatur məsələsini həll eləyin. Pəncərə altlıqlarındakı mərmər məsələsini isə ustalar dedilər ki, mərmər altlıqları yerləşdirəndə çox vaxt sınır, ona görə plastik uyğun oldu. Əvəzində 17 mərtəbənin hamısında liftin kənarlarına mərmər vuruldu. Parça divar kağızlarının əvəzinə kağız oboy vurulması doğru deyil. Elə layihədə də kağız yazılmışdı. Binanın fasadına layihədə nəzərdə tutulandan xeyli çox xərc getdi. Çünki fasadın ölçüsü layihədə 5000 kvadrat az göstərilmişdi. O qədər hissənin təmirinə nə qədər vəsait lazımdır…”

Özünü qətiyyən günahkar hesab etmədiyini deyən Namiq Hacıyev təmir-tikinti zamanı mənimsəməyə yol verilməsindən məlumatsız olduğunu söyləyib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

2009-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılandan 2020-ci ilə qədər bu quruma rəhbərlik etmiş Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur.

Ona qarşı CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələrlə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məhkəmə qarşısında dayanan 11 nəfərin heç biri özünü təqsirli bilmir.

Səfərli ailəsinin daşınmaz əmlakları ilə yanaşı, “Rabitəbank”da onlara məxsus 850 min manatın da üzərinə həbs qoyulub. Bu vəsaitin 300 mini Vüqar Səfərlinin, 550 mini isə oğlu Seymur Səfərlinin hesabındadır.

2021-ci ilin yanvarında prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv olunması, onun bazasında Medianın İnkişafı Agentliyinin yaradılması haqda fərman imzalayıb.

Gülər