Prokurorluq sistemində təmizləmə yüksək vəzifəlilərin qohumlarından başladı
15 May 2020
Yeni baş prokuror Kamran Əliyev bir gündə 6 rayon prokurorunu vəzifədən çıxarıb. Bunlar paytaxtın Xətai, Sabunçu və Nəsimi rayonlarının prokurorları Yusif İldırımzadə (fotoda gördüyünüz şəxs), Ceyhun Şirinov və Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlaxın prokuroru Elxan Pənahov və Ağstafa prokuroru Aslan Surxayevdir.
Adları çəkilən şəxslərin yaş həddinə görə prokurorluqdan uzaqlaşdırıldığı bildirilir.
On üç ildir Xətai rayonunun, ondan əvvəl isə Nəsiminin prokuroru olmuş Yusif İldırımzadə keçmiş daxili işlər naziri, Təhlükəsizlik Şurasının hazırkı katibi Ramil Usubovun qudasıdır. Aprelin 28-də lisenziyası ləğv olunan “Amrahbank” ASC də İldırımzadələrə məxsus idi. Sabiq prokurorun qardaşı Yunis İldırımzadə bankın Müşahidə Şurasının sədri idi. Onun oğlu, bankın Müşahidə Şurası sədrinin müşaviri olan Ülvi İldırımzadə son parlament seçkilərində namizədliyini irəli sürsə də, sonradan geri götürüb.
Nəsimi rayonunun prokuroru Salman Məmmədli 8 il idi bu vəzifədə idi. Bundan öncə o, Ağsu rayonunun prokuroru olub. Onun Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğlu olduğu bildirilir.
Yevlax rayonunun prokuroru vəzifəsindən azad edilən Elxan Pənahov isə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Vaxtilə Salyan rayonunun prokuroru olmuş E.Pənahov Yevlaxa 2011-ci ildə təyin edilib.
Uzun illər prokurorluq sistemində, ardınca da vəkil kimi fəaliyyət göstərmiş Aslan İsmayılov “Press Klub”a açıqlamasında bildirdi ki, yaş həddi barədə deyilənlər bu kadr dəyişikliyinin formal səbəbidir. Onun fikrincə, uzun illər prokurorluqda çalışmış bu adamların uzaqlaşdırılması sistemli kadr dəyişikliklərinin tərkib hissəsidir:
“Əminəm ki, onların vəzifədə qalması üçün lazım olsaydı, qanunu da dəyişərdilər. Əsl səbəb yaş həddi deyil. Bu, ölkədə gedən proseslərlə bağlı məsələdir. Bu dəyişikliklərin davamı da olacaq. Mərkəzi aparatda - Baş Prokurorluqda da kadr dəyişikliklərinin olacağına əminəm. Yaxşı olardı ki, Kamran Əliyev birinci növbədə öz müavinlərindən başlasın”.
A.İsmayılov eyni prosesi Daxili İşlər Nazirliyində də gözləyir. Onun sözlərinə görə, Prezident Administrasiyasında və başqa yüksək vəzifələrdə çalışan şəxslərin yaxın qohumları, övladları əsasən hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində vəzifələrə yerləşdirilirdi. Hüquqşünas bu prosesin qarşısının alınacağına ümid edir.
“Bizim hüquq-mühafizə orqanları sanki icra hakimiyyətinin əlavəsi idi. Mərkəzi icra aparatında, Prezident Administrasiyasında vəzifə tutanların qohum-əqrəbaları, övladlarının 90 faizi prokurorluq, polis və ya məhkəmə sistemində vəzifə sahibidir. Bu da o sistemləri bərbad vəziyyətə qoyurdu. Hesab edirəm ki, bu təmizləmə bilərəkdən atılmış, amma düz addımdır. Daha əhatəli olmalıdır”, - deyə A.İsmayılov söylədi.
Vəzifədən uzaqlaşdırılan prokurorların fəaliyyətini dəyərləndirən hüquqşünas bildirdi ki, onların arasında bu sistemdən kənarlaşdırılmasından təəssüf duyulacaq biri yoxdur:
“Nəinki onların, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının, prokurorluğun müstəqillik dövründəki fəaliyyəti qənaətbəxs hesab edilə bilməz. Son 20 ildə isə ümumiyyətlə, zərbə vururdular. Bu şəxslər qarşısını almalı olduqları əməllərin çiçəklənməsində böyük rol oynadılar.”
Gülər