Logo
news content
User
Kateqoriyalar

Analitika

Prokuror Tofiq Yaqubluya həbs cəzası tələb etdi 

Müxalifətin tanınmış siması Tofiq Yaqublunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sentyabrın 1-də Nizami Rayon Məhkəməsində bu barədə qərar elan edilib. Ardınca çıxış edən prokuror T.Yaqublunun 4 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Prokurorun çıxışından öncə məhkəmədə vəkillər bir sıra vəsatətlər qaldırıb, T.Yaqublunun telefonuna baxış keçirilib, həyat yoldaşı Maya Yaqublu dindirilib. M.Yaqublu bildirib ki, hadisə günü həyat yoldaşı və qardaşı oğlu ilə birlikdə “8-ci kilometr bazarı”na gediblər, T.Yaqublu onları maşında gözləyib: 

“Yenicə bazara girmişdik ki, Tofiq zəng elədi, dedi ki, dayandığı yerdə maşını vurublar. Tez gəldik. Gördüm ki, maşında əyləşib, qapıları da bağlayıb. Mənə görə qapını açanda qadın (zərərçəkmiş qismində tanınan Cəvahir Cəbrayılovanı nəzərdə tutur-red.) az qalırdı Tofiq Yaqublunu didsin. Elə söyüşlər işlədirdi ki... Oradakılar bunların üzünə tüpürdü ki, ayıb deyil, dayandığı yerdə kişini şərləyirsiz?!”

Daha sonra məhkəməyə T.Yaqublunun telefonu gətirilib. Vəkillər deyiblər ki, telefon maddi sübut kimi tanınmadığı halda, aylardır ki, polis idarəsində saxlanılır. Telefona polis idarəsində müdaxilə edildiyini vurğulayan vəkillər bunun həm şəxsi həyata müdaxilə, həm də mülkiyyət hüququnun pozuntusu olduğunu söyləyiblər. 

“Telefonun gətirilməsini ona görə təmin etdiniz ki, telefondan görüntüləri siliblər. Hakim olsaydınız, ədalətli araşdırma aparsaydınız, hadisə günü mənim və üzümə duranların telefonlarının əhatə dairəsinin müəyyənləşdirilməsi barədə vəsatətimizi təmin edərdiniz. Onda görünərdi ki, o adamlar həmin gün məni izləyiblər. Mən harada olmuşamsa, onlar da orada olublar”, - deyə T.Yaqublu qeyd edib. O, işi aparan Nizami rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyevin məhkəməyə çağrılıb dindirilməsi barədə vəsatət qaldırıb: “Mən bir kəlmə ifadə verməmişəm, mənim adımdan saxtakarlıq edib. Öz vəkilimlə təmin edilmədiyimə görə etiraz olaraq protokola imza atmamışam. O yazıb ki, heç bir əsas olmadan imza atmamışam. Yalan yazıb ki, guya mənə vəkilimi dəvət etmək imkanı yaradılıb. Üzləşmədə ifadə vermədiyim halda, ifadə verdiyimi yazıb. Hadisənin görüntülərinin telefonda olduğunu bildiyi halda, dərhal yanımda açıb baxmayıb. Guya iki ay sonra mənim iştirakım olmadan baxış keçirilib. Yazıblar ki, guya telefonun kodunu bilməyib. Bəs niyə məndən soruşmayıb?!”

Vəsatətlər təmin edilməyib. Telefon məhkəməyə gətiriləndə isə məlum olub ki, hadisənin görüntüləri yoxdur. T.Yaqublu deyib ki, nəinki hadisənin görüntüləri, həmçinin, “Facebook” hesabı, ailəsinə aid videolar və başqa materiallar da silinib.

Vəkil Aqil Layıc vəsatət qaldırıb ki, mütəxəssis vasitəsilə telefondakı videolar bərpa edilsin. Bu vəsatət də təmin olunmayıb.

Ardınca hakim Nəriman Mehdiyev məhkəmə istintaqının tamamlandığını elan edib və prokuror Əsədulla Ramazanov qısa çıxış edərək, T.Yaqubluya 4 il 6 ay həbs cəzası verilməsini istəyib. Prokuror iddia edib ki, T.Yaqubluya qarşı ittiham məhkəmədə sübuta yetirilib.

Vəkillər çıxış üçün vaxt istəsələr də, hakim razılaşmayıb və müdafiəçiləri yekun çıxışa məcbur edib. Vəkil Aqil Layıcın çıxışı bir cümlədən ibarət olub: “Ədalətsizliyin təntənəsinə etiraz edirəm!”

Hakim T.Yaqubluya son sözə hazırlaşmaq üçün bir gün vaxt verib. Proses sentyabrın 2-də onun son sözü ilə davam edəcək. Ardınca isə hökm oxunacağı gözlənilir.

Gülər