Logo
news content
User
Kateqoriyalar

Analitika

Polad Həşimov və digər zabitlərin şəhid olmasından 40 gün ötdü...

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən 40 gün ötdü. Düşmən hücumunun qarşısını alarkən şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər hərbi qulluqçuların anım mərasimləri keçirilib. Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyətlərinin, digər dövlət strukturlarının, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

Ötən 40 gündə Azərbaycanda elə hadisələr baş verdi ki, düşmənin təxribatı, bu zaman yüksək rütbəli hərbçilərimizin şəhid olması kölgədə qaldı. İyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək mitinqində baş verən xoşagəlməz hadisələr, müxalifət fəallarının həbs olunması, polis təcridxanalarından gələn işgəncə xəbərləri gündəmi sürətlə dəyişdi. Bunun ardınca Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə hərbi təlimləri, Türkiyə hərbi rəhbərliyinin Bakıya gəlməsi və burada verdikləri dəstək bəyanatları da mühüm hadisələrdən biri oldu. Amma Türkiyə hərbi heyəti Azərbaycandan ayrılar-ayrılmaz Rusiya hərbi gəmilərinin Bakı buxtasına yan alması, onların duz-çörəklə, milli rəqslərlə qarşılanması cəmiyyətdə yaranmış müsbət ab-havanın üstünə su çilədi.

Belarusda seçkidən sonra baş verən inqilabi proseslər də Azərbaycanda siyasi gündəmə çevrildi. Günlərdir sosial şəbəkələrin, ekspertlərin əsas müzakirə, paylaşım mövzusu bu etirazlarla bağlıdır. Amma son 2 gündə diqqətlər yenidən Azərbaycanda baş verən hadisələrə yönəlib, AMEA prezidenti Ramiz Mehdiyevin karantin rejimini pozaraq nəvəsinə toy məclisi düzənləməsi və ondan sonra baş verənlər digər hadisələri arxa plana atıb. Hakimiyyətdaxili çəkişmələrin təzahürlərindən biri kimi qiymətləndirilən olay artıq siyasi nəticələr verməyə başlayıb. Siyavuş Novruzov YAP-dakı postundan istefa verib, Ramiz Mehdiyev AMEA prezidentliyindən böyük ehtimalla uzaqlaşdırılacaq...

Təəssüf ki, 40 gündə baş verən bu hadisələr Tovuz döyüşlərinin ətraflı təhlil olunmasını, həlak olan general Polad Həşimovun və və başqa zabitlərin xatirəsinin əbədiləşdirilməsini gündəmdən çıxardı. Bununla bağlı cəmiyyətin müxtəlif təbəqələrindən ölkə rəhbərliyinə çoxsaylı müraciətlər, təkliflər vardı: Polad Həşimova Milli Qəhrəman adı verilsin, küçə və meydanlar onun adı ilə adlıandırılsın. Bu təkliflərdən yalnız biri gerçəkləşib: Polad Həşimovun doğulduğu Qəbələ şəhərində bir küçənin adı dəyişdirilərək ona mərhum generalın adı verilib. Son məlumatlardan biri də odur ki, onun bərbad vəziyyətdə olan mənzili təmir edilib...

Polda Həşimovun təkcə Tovuz döyüşlərində deyil, karyerası boyu çoxsaylı qəhrəmanlıqları, nəcib hərəkətləri ilə Silahlı Qüvvələrin şəxsi heyətində böyük nüfuz qazandığı məlumdur. Amma Müdafiə Nazirliyi hansı səbəbdən onu Milli Qəhrəman adına təqdim etmir, buna aydınlıq gətirilməlidir. Təəssüfləndirici məqamlardan biri də P. Həşimovun dəfn mərasiminin qapalı keçirilməsi, ölkənin siyasi elitasının orada iştirak etməməsi, əhalinin dəfnə buraxılmamasıdır. Daha sonra Müdafiə Nazirliyi uzun müddət şəhid generalın məzarının ziyarət olunmasına qeyri-rəsmi yasaq qoydu. Bu məqsədlə 2-ci Fəxri Xiyabana gedənlər geri qaytarıldı, hətta onun hərbçi yoldaşlarına da icazə verilmədi. Bunun səbəbini "Prezident Administrasiyası razılıq verməlidir" kimi absurd cavablarla izah etməyə çalışdılar. Son günlər deyəsən, ziyarətlərə maneçilik törədilmir, generalın məzarını ziyarət edən şəxslər sosial şəbəkədə fotolar paylaşır.

Polad Həşimovun və onunla birgə yüksək rütbəli hərbçilərin hansı şəraitdə həlak olmasına da doğru-dürüst aydınlıq gətirilməyib. Sosial şəbəkələrdə, mediada yayılan xəbərlərdə hərbçilərin cəbhə xəttindən 30 kilometr arxada idarəolunan raketlə, yaxud dronla vurulduğu bildirilirdi. Bəzi hərbi ekspertlər generalın düşmən tərəfindən dəqiq silahlarla vurulmasına şübhə ilə yanaşıblar, bu barədə əsas arqument döyüş əməliyyatlarını idarə edən Polad Həşimovun hərəkət trayektoriyasının izlənilərək hədəfə alınmasının qeyri-mümkünlüyü barədə olub. Ehtimallardan biri general Həşimovun dayandığı nöqtənin Rusiya casus peykləri tərəfindən müəyyən edilərək koordinatlarının düşmənə ötürülməsi barədə idi. Müdafiə Nazirliyi təxminən 10 gün sonra generalın başqa hərbçi yoldaşları ilə birgə səngərdə həlak olması barədə açıqlama yaysa da, ictimai rəydə suallar qalır.

Əlbəttə, Polad Həşimov və onunla birgə həlak olan hərbçilər xalqın qəlbinə öz adlarını əbədi olaraq həkk ediblər. Tarix sübut edib ki, gerçək qəhrəmanlar bəzən öz dövrlərində layiq olduqları qiyməti ala bilməsələr də, onların rəşadəti silinməz izlər buraxır.

Turqut