Planlaşdırılmamış görüş: Putin Paşinyana nə deyib?
13 Oktyabr 2021
Oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Liderlərin bu görüşü əvvəlcədən planlaşdırılmayıb, onun haqqında ilk dəfə Ermənistan mediası oktyabrın 10-da yazıb.
Kremlin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Paşinyana dəvəti qəbul edib gəldiyi üçün təşəkkürünü bildirib. Putin deyib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur:
“Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.
Ermənistan baş naziri Nikol Paşinyan görüşün başlanğıcında bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və ikitərəfli stateji, müttəfiqlik münasibətlərimizin qarşılıqlı dərk olunmasına xidmət edir:
“Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında ATƏT-in Minsk qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.
Görüş barədə “Sputnik Armenia”ya danışan erməni politoloq Ervand Bozoyan müzakirələrin əsas mövzusunun 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşdırılması, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası və “3+3 formatı”olduğunu bildirib.
Politoloq “3+3 formatı”nın Türkiyə tərəfindən təklif olunduğunu bildirərək, Rusiyanın da bu ideyaya müsbət yanaşdığını xüsusi qeyd edib: “Hələ 2008-ci ildə Rəcəb Tayyib Ərdoğan bu cür təşəbbüslə çıxış etmişdi. O zaman bu, “Qafqaz Platforması” adlandırılırdı. Həmin vaxt Rusiya bu məsələdə passiv mövqe tuturdu və bu səbəbdən məsələ uzun müddət müzakirə olunmadı. Lakin Qarabağdakı müharibədən sonra Cənubi Qafqazdakı geosiyasi konfiqurasiya dəyişdi. Regionda Avropa Birliyi və ABŞ-ın rolu zəiflədi, Türkiyənin rolu isə artdı. Tehranın aktivliyi də məhz bu proseslə bağlıdır və o, maraqlarına toxunan həmin prosesdən kənarda qalmaq istəmir”.
Putin-Paşinyan görüşü barədə danışan politoloq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirə olunduğuna inanmadığını bildirib. Çünki onun fikrincə, bunun üçün həlli vacib olan bir çox məsələlər var ki, hələ onlarla bağlı tərəflər razılığa gələ bilməyiblər.
Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin keçmiş rəhbəri, politoloq Fərhad Məmmədov isə old.old.pressklub.az-a şərhində bildirib ki, görüşün keçirildiyi zaman diqqət çəkir, çünki Paşinyanın Moskvaya getməsi əvvəlcədən planlaşdırılmamışdı. Onun sözlərinə görə, böyük ehtimalla, Rusiya prezidenti Paşinyanı Moskvaya çağıtdırıb ki, özəl mesajlarını versin: "Düşünürəm ki, bu tələskənliyin səbəbi qəbul edilmiş qərarlarların icrası iləı bağlı hərəkətə keçməyin vaxtının çatması ilə əlaqəlidir. Çünki Ermənistanda daxili siyasi böhran bitib, hökumət formalaşıb, hər hansı legitim əngəl yoxdur ki, 10 noyabr və 11 yanvar bəyanatlarında əks olunmuş müddəaların icrası ilə bağlı vaxtı uzatsın. Çünki bu vaxtın uzadılması yeni problemlərə yol açır. Məsələn, yayın əvvəllərində Avropa İttifaqı (Aİ) və ABŞ çox fəal idi, Aİ-dən səfərlər oldu, ABŞ səfiri, demək olar, Zəngəzurdan çıxmırdı. Avqustun sonlarından etibarən isə İran kommunikasiyaların açılmasının məhdud formada həyata keçirilməsinin tərəfdarı olduğunu bildirdi. Zəngəzur dəhlizinə "yox" dedi, sərhədlərin toxunulmazlığı məsələsini ortaya atdı, hərbi güc nümayiş etdirdi. Yəni ümumi proses Rusiyanın nəzarətindən çıxmasa da yeni oyunçular Moskvanın o qədər də xoşuna gəlmir. İkincisi, İranın fəallığı Ermənistan üzərində qurulub. Məlumdur ki, İranın Azərbaycana təzyiq göstərmək imkanları o qədər də geniş deyil. Amma Ermənistan üzərindən müəyyən təzyiqlər həyata keçirilir, İrəvan isə Rusiyanın müttəfiqidir. Xarici işlər naziri Mirzoyanın Tehrana çağırılması, orada Ermənistan-İran formatı haqqında fikirlərin səsləndirilməsi artıq Moskva üçün bir siqnaldır".
F. Məmmədov ötən bir il ərzində Rusiyanın bir neçə üçtərəfli formatları işə saldğını xatırladır. Politoloq əlavə edir ki, prezidentlər arası dialoq var, kommunikasiyaların açılması istiqamətində hökumətlərarası komissiya işləyir, xüsusi xidmət orqanları, baş prokurorlar mütəmadi olaraq görüşür. "Yəni Rusiya üçtərəfli formatı qoruyub saxlayır, onu genişləndirmək, dərinləşdirmək üçün də səylərini artırmalıdır. Prosesdə Rusiyanın ləng olması yeni vasitəçilərin sayını çoxaldır. Məsələn, Gürcüstanla ABŞ, Avropa İttifaqı vasitəçi kimi öz xidmətlərini təklif edir. Bu konteksdə Rusiya tələsir və 10 noyabra qədər prezidentlərin sammitinin keçirilməsini, 10 noyabr, 11 yanvar bəyanatlarının tam həyata keçirilməsini istəyir. Eyni zamanda, yeni mərhələyə keçməyə zəmin yaratmağa çalışır", - deyə ekspert vurğulayıb.
Turqut