Logo
news content
User
Kateqoriyalar

Analitika

Peyvəndlənmə niyə ləngiyir və maskadan nə vaxt qurtulacağıq?

İsraildə maska taxmaq məcburiyyəti aradan qaldırıldı. Çünki ölkədə əhalinin peyvəndlənməsi uğurla həyata keçirilib. İsrail ümumlikdə 24 milyon doza koronavirus peyvəndi alaraq əhalisini 100 faiz peyvənd edən ilk ölkə olub. Bu nümunədən də görmək olar ki, kütləvi vaksinasiya normal həyata dönməyin əsas şərtidir.

Bəs, ölkəmizdə vaksinasiya niyə ləng gedir? Maskadan məcburi istifadə ilə bağlı qərar nə zaman öz qüvvəsini itərəcək? Yay mövsümündə maska taxmaq əziyyətindən qurtula biləcəyikmi?

Uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl “Press Klub”a şərhində

vaksinasiyanın ləng getməsinin səbəbini peyvəndin azlığında görür:

“Ölkəmizdə vaksin sayı kifayət qədər deyil. Ona görə də peyvəndlənmədə çox az insan iştirak edib. Demək olar ki, artıq peyvənd yox dərəcəsindədir, çatışmazlıq var”.

Həkim Avropa ölkələrinin əhali sayından dəfələrlə çox peyvənd dozası sifariş etdiyini söylədi:

“Avropa özünə lazım olandan 4 dəfə çox - 2 milyard doza sifariş edib. Güclü ölkələr bütün peyvəndləri alır, kasıb və bizim ölkəmiz kimi kiçik ölkələrə peyvənd qalmır. Ölkəmizdə insanların çox az faizinin vaksinasiyaya cəlb olunmasının səbəbi yalnız peyvənd çatışmazlığıdır”.

Tibbi maska tələbinin nə zaman aradan qalxacağına gəldikdə, V. İsmayıl əhalinin 60 faizinin vaksinasiya olunmasından sona maskadan məcburi istifadənin sona yetəcəyini vurğuladı:

“Ölkəmizdə cəmi 9 faiz peyvəndlənmə işi həyata keçirilib. Düzdür, TƏBİB bildirdi ki, iyul ayında vaksinasiyanın həyata keçirilməsində hədəfə çatmış olacağıq. Və yalnız ondan sonra maskanın məcburi istifadəsi aradan qaldırıla bilər. Düşünürəm ki, vaksinasiya bu surətlə davam edərsə, hədəfə çata bilməyəcəyik. Əgər hədəfə çatsaq, maskadan qurtula biləcəyik. Amma hədəfə nə vaxt çatacağımızla bağlı sualın cavabını yalnız TƏBİB bilir”.

Həkim-radioloq Aydın Əliyev “Press Klub”a açıqlamasında bildirdi ki, peyvəndlənmə prosesi başlayanda məntəqələrin sayının çox olması ilə bağlı təklif irəli sürülmüşdü:

“Təklif irəli sürmüşdük ki, kütləvi peyvəndlənmə prosesinin sürətlə həyata keçirilməsi üçün məntəqələrin sayı çox olmalıdır. Təəssüf ki, təklifi dəyərləndirmədilər. Peyvəndlənmə ilk günlər lap az sayda məntəqədə həyata keçirilirdi. Daha sonra məntəqələrin sayını bir qədər artırdılar, amma yenə də hiss olunur ki, ölkəmizdə peyvəndlənmənin intensivliyi zəifdir. Görünür, burada təşkilatlanma düzgün həyata keçirilmir. TƏBİB tərəfindən işin təşkilatçılığında müəyyən qüsurlar da oldu. Son zamanlar baş verən hadisələr də buna sübutdur. Bu da işin keyfiyyətinə kifayət qədər mənfi təsir göstərir. Ona görə də, yoluxma sayında o qədər də ciddi azalma müşahidə edilmir”.

Həkim hesab edir ki, yoluxma sayında xeyli dərəcədə azalma müşahidə edilərsə, yoluxma sayı min nəfərdən az olarsa, maskadan məcburi istifadə qərarı da aradan qalxa bilər.

Ülviyyə Şahin