Logo
news content
User
Kateqoriyalar

Analitika

Peyvənd növbələri... 

Karantin rejiminin yumşaldılması istiqamətində yeni qərarların açıqlanmasından sonra peyvənd olunmaq istəyən vətəndaşların poliklinikalara axını başlayıb. Halbuki daha əvvəl əhali peyvəndlənməyə o qədər də həvəs göstərmirdi. Axının başlaması onunla bağlıdır ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərar qəbul edib. Qərara əsasən iyulun 1-dən etibarən bir sıra iş və xidmət sahələrində COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq. İş yerlərində işçilərin ən azı 80 faizinin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması tələb ediləcək.

Poliklinikalarda uzun peyvənd növbələrinin yaranması ilə bağlı sorğumuza cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, tibb məntəqələrinə müraciət edənlərin 90 faizi qeydiyyatdan keçmədən gələnlərdir:

“Onların qeydiyyata alınması müəyyən vaxt apardığından, onlayn qeydiyyatdan keçmiş vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşları poliklinikalara buraxmırlar, buna etiraz edirlər, hətta buna görə mübahisələr də yaranır. Bildiyimiz kimi, dövlət poliklinikaları və xəstəxanalarında xüsusi mühafizə xidmətləri yoxdur. Poliklinikada işləyən həkimlərin əksəriyyəti də qadınlardan ibarətdir. Onlar insanların sakitliyə riayət etməsini təmin etməkdə çətinlik çəkirlər”.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) “Press Klub”a bildirildi ki, son günlər vaksinasiyaya müraciət edənlərin sayı artıb:

“Son günlər COVİD sertifikatı əldə etmək üçün vətəndaşlar arasında vaksinasiyaya marağın daha da artdığı müşahidə olunur.  Bu səbəbdən tibb müəssisələrinin qarşısında bəzən sıxlıq yaranır. Vətəndaşlardan sıxlıq yaranmaması üçün öncədən qeydiyyatdan keçmək xahiş edilir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə COVİD-19 pasportu əldə etmək üçün 1 gündə elektron sistemə 700 mindən çox sorğu göndərildiyini açıqlayıb:

“Aidiyyəti qurumlar vaksinasiya prosesində iştirak etmək istəyən vətəndaşlardan https://randevu.its.gov.az/ saytında növbə götürmələrini və bu şəkildə həm özləri, həm də başqaları üçün çətinlik yaratmamağı xahiş edir”.

Ülviyyə Şahin