Logo
news content
User
Kateqoriyalar

Analitika

Perspektivli layihə, yoxsa ölü doğulmuş format?
“3+3” formatı mövzusu hələ də yaşayır...

Türkiyədə “3+3” regional platformasının beş ölkəsinin xarici işlər nazirlərinin görüşü keçilir. "TRT Haber"in diplomatik mənbələrə istinadən məlumatına görə, İstanbulda keçirilən toplantının yekunları ilə bağlı birgə bəyanat qəbul ediləcək.

Məlumata görə, bəyanatda regional məsələlərin birbaşa dialoq vasitəsilə həll edilməsi, həmçinin siyasi mübahisələrin BMT Nizamnaməsinin prinsipləri əsasında - suverenlik, ərazi bütövlüyü, siyasi müstəqillik, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamaq və insan hüquqlarına hörmət prinsipləri əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi xüsusi vurğulanır.

Qeyd olunub ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Bakı və İrəvan arasında sülh sazişinin imzalanması prosesinə dəstəyini və bununla paralel olaraq Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin başladıldığını vurğulayacaq.

Görüşdən bir neçə gün əvvəl Fidan bəyanatla çıxış edərək bildirib: “Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz “3+3” regional əməkdaşlıq platforması vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. Oktyabrın 18-də İstanbulda “3+3” formatında nazirlərin üçüncü görüşü keçiriləcək. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcək”.

Qeyd edək ki, Gürcüstan yenidən “3+3” formatında (regionda üç ölkə və üç qonşu dövlət) iştirakdan imtina edib.

Xatırladaq ki, bu format Cənubi Qafqazda mövcud münaqişələrin sülh yolu ilə həlli məqsədi ilə 2020-ci ilin dekabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təklif edilib.

“3+3” platforması (reallıqda “3+2”) Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, İran və Türkiyə arasında regional əməkdaşlıq formatıdır. 15 noyabr 2023-cü ildə Gürcüstan bu platformada iştirakdan rəsmən imtina edib.

Maraqlıdır ki, “3+3” ideyası bir çox çoxlu obyektiv hallar olmasına baxmayaraq tarixin arxivinə gömülməyib. Məsələn, təkcə Gürcüstanın iştirakdan imtina etməsi bu əməkdaşlıq platformasının ilkin konsepsiyasını pozur. Formatın digər iştirakçıları arasında çox çətin münasibətlər nəzərə alınsa, onun daha yaxşı vaxtlara qədər təxirə salınması məntiqli olardı.

Yəni, aydındır ki, “3+3” ideyası hələ də çox şərti və illüziya xarakteri daşıyır. Formatın tərkibində bəzən bir-biri ilə demək olar ki, müharibə astanasında olan həddən artıq müxtəlif ölkələrə var. Yəni, bu format əslində ölü doğulub və belə də qalır. 

Bunun ən sadə təsdiqi rəsmi Tbilisinin mövqeyidir. Gürcüstan bu ideya ortaya çıxandan sonra dəfələrlə çox aydın və açıq şəkildə təkrarlayıb ki, ölkənin iki regionunu işğal edən Rusiya ilə bir yerdə olmaq niyyətində deyil.

Bundan başqa, Ermənistan, Azərbaycan və Türkiyə hələ də tam əməkdaşlıqdan uzaqdırlar. Ermənistanın Türkiyə ilə diplomatik münasibətlər bərpa olunmayıb, Azərbaycanla bu günə kimi sülh müqaviləsi imzalanmayıb.

İranın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərində həll olunmamış çətinliklərini də xatırlatmaq yerinə düşər.

Bəs niyə “3+3” formatı mövzusu hələ də yaşayır? Siyasətçilər hansı səbəbdən yaxın gələcəkdə həyata keçirilməsi mümkün olmayan bu təşəbbüsü hər fürsətdə gündəmə gətirməkdə davam edirlər? Onlar israrla “3+3”-ün kifayət qədər real olduğunu iddia edir və hətta xarici işlər nazirləri səviyyəsində görüşlər keçirirlər. Bu kimə və nəyə lazımdır? Onsuz da belə danışıqlardan konkret müsbət nəticə gözləmək mümkün deyil.

Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti (Praqa) Vadim Dubnov Pressklub.az-a açıqlamasında bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

Düşünürəm ki, bu görüşlər onlara ehtiyac olduğu üçün yox, formatın heç kimə mane olmadığı üçün baş tutur”. - O, bəyan edib. - “Format heç kəsi narahat etmir, heç kimdən yemək istəmir və ümumiyyətlə, belə formatlar rəsmi olaraq çox nadir hallarda ləğv edilirlər. Məsələn, çoxdan istifadəsiz vəziyyətə gəlməsinə baxmayaraq, GUAM hələ də ləğv edilməyib. Və hər bir neçə aydan bir hansısa görüşə getmək çətin məsələ deyil. Digər tərəfdən, bu, həm də sərflədir. Çünki öz aralarında olan bütün ziddiyyətlərə baxmayaraq, bəzən pərdə arxasında danışmaq, ikitərəfli formatda kiminləsə nəyisə müzakirə etmək imkanı var. Çünki belə platformalar müəyyən mənada bu cür ikitərəfli müzakirələr üçün mövcuddur”.

Ekspert qeyd edir ki, nəhayət, mövqeyi ortaya qoymaq reputasiyası kimi bir şey də var. “Prinsipcə, Gürcüstan istisna olmaqla, bu ölkələrin hər biri üçün məhz bu şəkildə, məhz “3+3” kimi formatda mövqeyini ortaya qoymaq sərfəli və praqmatikdir. Ümumiyyətlə, perspektivli ideyadan niyə imtina etmək lazımdır? Baxmayaraq ki, yaxın gələcəkdə mümkün görünmür. Əgər gələcəkdə hansısa perspektiv olarsa, onda bəzi başqa formatlar və bəzi başqa yanaşmalar tələb olunacaq.

Amma “3+3” ideyası bu formata aid olmaq deməkdir. Kifayət qədər gözəl, kifayət qədər incə formula var. Belə bir formatın tərəfdaşı olmaq zərərdən çox fayda gətirir. Buna görə də, orada iştirak etmək heç də çətin deyil”, - Dubnov yekunlaşdırıb.

Rauf Orucov