Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın Konstitusiya dilemması - “necə” sualı açıq qalıb
Erməni ekspert: Əminəm ki, çıxış yolu tapılacaq

Ermənistanda hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdəki 105 mandatdan 64-nü qazanıb. Bu isə parlamentdə 3/5 səs çoxluğu, yəni konstitusion çoxluq deməkdir.

“Vətəndaş Müqaviləsi” 61 mandat, üstəgəl milli azlıqların, o cümlədən rus icmasının nümayəndələrinə ayrılmış 3 mandat əldə edir. “Güclü Ermənistan” 28 mandat və milli azlıq nümayəndəsi üçün ayrılmış 1 mandat, Ermənistan Bloku isə 12 mandat qazanır”, – Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan komissiyanın iclasında bildirib. İclasın yayımı yerli televiziya kanalları vasitəsilə həyata keçirilib.

Beləliklə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim partiya hökuməti təkbaşına formalaşdırmaq hüququ qazanmaqla yanaşı, konstitusiya qanunlarını qəbul etmək üçün tələb olunan 3/5 səs çoxluğunu da əldə edir.

Lakin partiyanın Ermənistan Konstitusiyasına dəyişikliklər etmək üçün zəruri olan 2/3-lük səs çoxluğu yoxdur.

Deutsche Welle qeyd edir ki, “Vətəndaş Müqaviləsi” Partiyasının formalaşdıracağı hökumətinin qarşısında mürəkkəb vəzifə dayanır. Lazımi sayda mandat əldə etməyən Nikol Paşinyan konstitusiya islahatına başlamaq məcburiyyətində qalacaq. Halbuki bu islahat Bakı tərəfindən sülh müqaviləsinin imzalanması üçün irəli sürülən əsas şərtlərdən biridir və Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi səbəbindən uzun illər davam etmiş qarşıdurmaya son qoymalıdır.

Məsələ ondadır ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsidir. Bakı, Ermənistan Konstitusiyasında Qarabağa dair hər hansı iddiaları ehtiva edən müddəaların dəyişdirilməsini tələb edir.

Yəni hakim partiyanın əsas çətinliyi ondan ibarətdir ki, o, parlamentdə üçdə iki səs çoxluğunu – Konstitusiyaya dəyişiklik etmək üçün tələb olunan çoxluğu əldə edə bilməyib. Bu siyasi alətin olmaması Paşinyan hökumətini konstitusiya islahatını maneəsiz şəkildə başlatmaq imkanından məhrum edir.

Halbuki Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın İrəvanla hərtərəfli sülh müqaviləsi imzalaması üçün irəli sürdüyü başlıca şərtdir. Həmin müqavilə 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistan, Azərbaycan və ABŞ liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammitin yekunları üzrə paraflanıb.

Hazırkı mərhələdə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların yenidən başlaması üçün hər hansı ciddi əlamət yoxdur və ilk baxışdan, Konstitusiyaya dəyişikliklərin edilməməsi də ikitərəfli münasibətlərin normallaşması prosesinə mane olmur. Hazırda yüksək vəzifəli şəxslərin görüşləri keçirilir, vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar davam edir, sərhədlərin delimitasiyası prosesinin növbəti mərhələləri və nəqliyyat marşrutlarının açılması gözlənilir.

Lakin bundan sonra nə baş verəcək? Axı Ermənistan Konstitusiyasında dəyişiklik edilmədən Bakı sülh müqaviləsini imzalamayacaq.

Ermənistan hakimiyyəti üçün əsas maneə qüvvədə olan Konstitusiyanın 202-ci maddəsindədir. Həmin maddəyə əsasən, Konstitusiyanın yeni layihəsinin referenduma çıxarılması barədə qərar parlament tərəfindən ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilməlidir. Hakim Vətəndaş Müqaviləsi Partiyasının siyasi rəqiblərin dəstəyi olmadan bunu keçirməsi mümkün deyil. Yeni parlamentdə isə müxalifət adına yalnız Rusiyaya meylli revanşist qüvvələr təmsil olunur.

Maraqlıdır, hakimiyyət bu tələbi aşmağa çalışacaqmı? Ədliyyə naziri Srbui Qalyan jurnalistlərlə söhbətində bu suala birbaşa cavab verməkdən yayınıb, lakin kifayət qədər ikimənalı bəyanat səsləndirib: “Üçdə iki səs tələbi hazırda Konstitusiyada nəzərdə tutulub. Amma referendum keçirmək hüququ xalqın birbaşa malik olduğu hüquqdur”.

Hakimiyyət yeni Konstitusiyanın mətninin nə vaxt dərc ediləcəyini hələ açıqlamır. Sənəd hazırda son tamamlanma mərhələsindədir.

Bəs bundan sonra nə olacaq? Konstitusiyanı dəyişmək üçün Konstitusiyanın bəndindən yan keçməyin (nə qədər qəribə səslənsə də) hansısa yolu varmı? Yoxsa Azərbaycan və Ermənistan rəsmi sülh sazişinin imzalanmasını kənara qoyaraq, ikitərəfli münasibətləri inkişaf etdirməklə çıxış yolu tapa bilərlər?

Pressklub.az-ın suallarını region üzrə tanınmış ekspertlər cavablandırıblar.

Siyasi şərhçi Murad Sədəddinov hesab edir ki, Ermənistan Konstitusiyasında, onun Müstəqillik Bəyannaməsinə istinad edilməklə, Azərbaycana qarşı ərazi iddiaları açıq şəkildə təsbit olunduğu halda sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz.

Çünki sülh müqaviləsinin mətni beynəlxalq hüququn fundamental prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə istinad edir və belə bir vəziyyət həmin prinsiplərin kobud şəkildə pozulması olardı. Yəni ortaya paradoksal vəziyyət çıxır. Konstitusiyanın dəyişdirilməsi məsələsi birmənalı şəkildə gündəmdədir və Ermənistan tərəfi bu məsələni həll etməlidir. Necə həll etməlidir? Bu, əlbəttə ki, Ermənistan hakimiyyətinin problemidir. Bunun üçün neçə deputat səsi çatışmır? Altı? Amma düşünürəm ki, indiki hökumət müxalifətdəki müəyyən qüvvələrlə bağlı məsələləri araşdıracaq: onların parlamentə necə düşdüyünü, kim tərəfindən maliyyələşdirildiyini və sair. Beləliklə, parlamentin tərkibini müəyyən qədər dəyişmək mümkün ola bilər. Çünki müxalifət tərəfindən çoxsaylı qanun pozuntuları və seçicilərin satın alınması halları barədə artıq danışılıb.

Nikol Paşinyan seçkilərdən sonra bir neçə dəfə birmənalı şəkildə bəyan edib ki, xaricdən idarə olunan müxalif qüvvələr məsuliyyətə cəlb olunmalıdır. Mən düşünürəm ki, onların fəaliyyəti və seçki prosesində iştirakı ətraflı araşdırıldıqda, bu səsləri ümumiyyətlə hansı yolla topladıqlarına dair təkzibedilməz sübutlar ortaya çıxacaq. Məncə, bu variantlardan biridir.

Əlbəttə, başqa variantlar da var. Mən onları səsləndirmək istəmirəm. Amma hesab edirəm ki, Ermənistan hakimiyyəti ölkəni bu hörümçək torundan, ölkə daxilində fəaliyyət göstərən xarici təsir agentləri şəbəkəsindən qəti şəkildə təmizləməlidir. Çünki bu qüvvələr Ermənistanın müstəqilliyi və suverenliyi üçün açıq təhlükə yaradır və bu təhlükə həmişə qalacaq.

Buna görə də Ermənistan qanunvericiliyinə uyğun şəkildə araşdırmalar aparılmalıdır. Düşünürəm ki, bunun üçün artıq ilkin şərtlər mövcuddur. Biz gördük ki, müxalifətin iki lideri ölkəni tələsik tərk etmək istəyirdi, lakin onların qarşısı alındı. Görünür, onlar törətdikləri əməllərə görə hansı məsuliyyətin gözlədiyini anlayırlar. Beləliklə, hesab edirəm ki, Konstitusiyanın dəyişdirilməsi ilə bağlı məsələlər həll oluna bilər. Çünki bunsuz sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz”, – Murad Sədəddinov vurğulayıb.

Öz növbəsində erməni analitik və publisist İşxan Verdyan qeyd edib ki, həqiqətən də Nikol Paşinyan seçkilərdə qələbə qazanmağa nail olub, lakin onun komandası parlamentdə üçdə iki səs çoxluğunu əldə edə bilməyib.

Bu o deməkdir ki, mövcud şəraitdə Konstitusiyanın dəyişdirilməsi onlar üçün hələ də əlçatmaz vəzifə olaraq qalır.

Amma təkcə sülh müqaviləsinin imzalanması deyil, Ermənistan və Azərbaycan arasında gələcək diplomatik və hüquqi münasibətlərin inkişafı yolunda əsas problemlər də məhz Konstitusiyada gizlənir. Deməli, burada digər beynəlxalq hüquq subyekti ilə bərabərhüquqlu münasibətlərin qurulmasına mane olan müəyyən baryer mövcuddur. Başqa sözlə, ölkənin digər dövlətlə tamhüquqlu əməkdaşlıq etməsinə imkan verməyən sistemli problem göz qabağındadır.

Konstitusiya indiki formada bir çox cəhətdən müasir reallıqlara uyğun gəlmir. Və mənim başa düşdüyümə görə, Nikol Paşinyan komandası bu məsələni bu və ya digər şəkildə həll etməyə çalışacaq.

Konstitusiyanın dəyişdirilməsi üçün müxtəlif yanaşmalar mövcuddur. O cümlədən imza toplanması mexanizmləri və digər mümkün hüquqi alətlər də nəzərdən keçirilir. Hər necə olursa-olsun, əminəm ki, Nikol Paşinyan çıxış yolu tapacaq. Çünki Konstitusiya indiki vəziyyətində Ermənistanın inkişafı və firavan gələcəyi yolunda ciddi maneədir. Və böyük ehtimalla, bu maneə gec-tez aradan qaldırılacaq”, – erməni analitik hesab edir.

Rauf Orucov