Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan yeni dilemma qarşısında
Avropalı müşahidəçilərin Ermənistanda qalması yeni gərginlik mənbəyinə çevrilir

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin perspektivi və ona mane olan əsas səbəblərdən danışıb. Habelə dövlət başçısı Bakı və İrəvan arasında müzakirə edilən layihədə razılaşdırlmamış 2 maddəni də açıqlayıb:

Bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq;

Başqa ölkələrin nümayəndələrini Azərbaycanın dövlət sərhədində yerləşdirməmək.

Dövlət başçısı hər iki məsələ haqqında deyib:

“Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. 

Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq, iki aylığına 40 nəfər yerləşdiriləcək. Bundan sonra bu missiya bizimlə razılaşdırılmadan uzadıldı və arqument bundan ibarət idi: niyə sizinlə razılaşdırmalıyıq, axı, bu missiya Ermənistan ərazisindədir. Bizim isə arqumentimiz belə idi: razılığa gələndə siz niyə bizimlə razılaşdırdınız? Axı, belə olmaz. Sonra onların sayı 200 nəfərdən çox artırıldı. Bundan başqa, bu missiya tədricən NATO-nun missiyasına çevrildi, belə ki, oraya Kanadanın nümayəndələri qoşuldu...”

Prezident həmçinin Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılmasından narahatlığını ifadə edib:

“...Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir”.

Rəsmi Bakı müxtəlif tribunalarda Avropa İttifaqı müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazılığını ifadə edib, amma ilk dəfədir bu tələbi sülh sazişinin bir hissəsi kimi təqdim edir. Yeri gəlmişkən, bu günlərdə Prezidentin köməkçisi Hikmət Hacıyev bu barədə aydın mesajlar vermişdi:

“İki ölkənin sərhədində üçüncü dövlətin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktdır. Azərbaycan Respublikası dəfələrlə bunu bildirib. Biz Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) missiyasının yerləşdirilməsinə hər hansı lüzum görmürük. Azərbaycanla Ermənistan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya-demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması, onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə və genişləndirilməsinə ehtiyac görmürük. Ona görə də sülhün gücləndirilməsi bilavasitə Azərbaycanla Ermənistan arasında olan prosesdir və ikitərəfli xarakter daşıyır. Əksinə, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin müəyyən dərəcədə gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir”.

Fransanın Ermənistandakı səfiri Olivier Decotini isə daha əvvəl Azərbaycan sərhədində avropalı müşahidəçiləri ziyarət etdikdən sonra Tvitter hesabında bu mesajı paylaşmışdı: 

“Avropalı müşahidəçilər hər gün Azərbaycanla təmas xəttində patrul edir. Onlar insidentləri müəyyənləşdirməyə, yalan xəbərləri dağıtmağa və risk altında olan bu ərazilərdə həssas əhalini əmin etməyə kömək edir".

Xatırladaq ki, gələn ilin yanvarında Avropa İttifaqı missiyasının Ermənistanda mandatı başa çatır, onun uzadılıb-uzadılmayacağı hələ məlum deyil. Rəsmi İrəvan hələ ki, belə bir xahişlə Aİ rəhbərliyinə müraciət etməyib. Amma Fransanın Ermənistandakı səfirinin xüsusi canfəşanlığı göstərir ki, Makron hökuməti missiyanın fəaliyyətinin davam etməsi, hətta genişləndirilməsi ilə bağlı Paşinyan hökumətinə təzyiq edir. 

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, sözügedən missiyanın Ermənistanda olması Azərbaycan üçün qıcıqlandırıcıdır, çünki bu missiya Azərbaycana qarşı istifadə olunur: “Bu gün Azərbaycan və Ermənistan arasında faktiki sülh rejimi mövcuddur və bu, avropalı müşahidəçilərin fəaliyyətinin nəticəsi deyil. De-fakto sülh ikitərəfli danışıqların nəticəsidir və Ermənistandan təhlükə gələrsə, Aİ missiyası bu təhlükəni neytrallaşdırmaq üçün gücdən istifadə etməyə mane ola bilməyəcək. Ermənistan rəhbərliyi mövcud de-fakto sülh rejimini qiymətləndirməli və ikitərəfli formatda danışıqları davam etdirməli, hər fürsətdə üçüncü tərəfləri danışıqlar prosesinə dəvət etməməlidir”.

Ekspertin sözlərinə görə, sülh müqaviləsinin bəndlərindən biri sərhədin müəyyən edilməsi prosesindən bəhs edir və Azərbaycan, silahlı qüvvələr və ya qondarma “mavi jiletlilər” olmasından asılı olmayaraq, sərhəddə üçüncü qüvvələrin müşahidəçilərinin olmasına qarşıdır. “Məntiq belədir: danışıqlar masasında üçüncü tərəf yoxdursa, deməli, yerdə də heç kim olmamalıdır!”, - o, vurğulayıb.

F.Məmmədov xatırladır ki, Ermənistanın Baş naziri bu yanaşmadan istifadə edərək, Moskvanı 2021-ci ildə Rusiyaya verdiyi Ermənistan-Azərbaycan şərti sərhədindəki dislokasiya yerlərini tərk etməyə razı salıb. O, hesab edir ki, indi yola salınmaq növbəsi Avropa İttifaqı missiyasına çatıb: “Bu yaxınlarda Paşinyan avropalı nümayəndələrin sərhədin artıq delimitasiya və demarkasiya olunmuş hissələrində görünməyəcəyinə işarə etdi. Yəni belə çıxır ki, müşahidəçilər hələ uzun illər Azərbaycanla sərhəddə olacaq... Ermənistan bu yanaşma ilə sərhədin müəyyənləşdirilməsi üzrə hökumətlərarası komissiyanın effektivliyini şübhə altına alacaq və onu iflic vəziyyətinə salacaq. Axı o zaman Azərbaycan da komissiyanın fəaliyyətini davam etdirmək üçün Aİ missiyasının fəaliyyətinin dayandırılması ilə bağlı şərt qoya bilər...”

Politoloq xatırladır ki, Ermənistan gələn ilin əvvəlində bitəcək missiyanın fəaliyyətinin uzadılması tələbi ilə hələ də Aİ-yə müraciət etməyib: “Bununla yanaşı, Aİ-nin özündə də maraqlı proseslər gedir. Belə çıxır ki, Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəliyinin strukturları 2024-cü il üçün büdcəsini azaldıb və 2025-ci ildə məhdudiyyətlər gözlənilir. Yeni Ali Nümayəndə Kaja Kallas Aİ-nin xarici təmsilçiliyini optimallaşdırmaq üçün təkliflər hazırlayıb. Bu gün Aİ-nin 145 ölkədə ofisi var. Aİ-nin fəaliyyətinin prioritet istiqamətlərdə cəmləşdirilməsi təklif olunur. Gəlin qeyd olunan prioritetləri nəzərdən keçirək və Ermənistanın hara aid olduğunu görək:

Prioritet - qonşu ölkələr və regionlar (Ermənistan Aİ-nin qonşusudur),

Prioritet – Aİ-yə daxil olmaq istəyən ölkələr (Ermənistan bu siyahıda yoxdur),

Prioritet – G20 ölkələri (Ermənistan bu siyahıda yoxdur və olmayacaq),

Aİ üçün təhlükənin gələ biləcəyi ölkələrə üstünlük verilir (Ermənistan bu siyahıda yoxdur).

Həmçinin diplomatik nümayəndəliklərin birbaşa Avropa İnvestisiya Bankının ofisləri, mülki müdafiə və humanitar yardım üzrə əməliyyatları həyata keçirən strukturlarla birləşdirilməsi təklif edilir.

Ümumiyyətlə, 800-ə qədər işçini ixtisar edəcəklər”.

Fərhad Məmmədov qeyd edir ki, bu şərtlər daxilində Aİ-nin Ermənistanda missiyasını uzatmağa hazırlaşması sual doğurur. “Hansı prioritetə daxildir? Rusiyaya sanksiyalardan yan keçmək üçün şərait yaradan və Rusiya büdcəsini doldurmaqla məşğul olan ölkədə Avropa İttifaqı niyə missiya ilə iştirak etməlidir?”, - Fərhad Məmmədov sual edir.

Beləliklə, Ermənistan hakimiyyəti üçün yenidən çətin dilemma yaranıb. Azərbaycanın sülh üçün əsas şərtlərindən birini yerinə yetirib Aİ müşahidəçilərini ölkədən çıxarmaq, yoxsa Fransanın diktəsi ilə hərəkət edərək onların müddətini uzatmaq? Baş nazir Nikol Paşinyanın düşünmək üçün az vaxtı var, yaxın həftələrdə bu barədə qərar verməlidir.

Turqut