Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan yenə qalib gəlir!
Ermənistan müxalifəti Azərbaycanla normallaşma prosesini poza bilmədi

Azərbaycanla sərhədlərin delmitasiyası prosesi çərçivəsində işğal altında olan 4 kəndin qaytarılması Ermənistanda etirazla qarşılanıb. Amma maraqlıdır ki, etirazlara az sayda insan qoşulur və onun miqyası Qazax rayonu ilə sərhəd olan Tavuş vilayətinin hüdudlarını aşmır. 

Polis və təhlükəsizlik qüvvələri ilk günlərdə yerli sakinlərin etirazına tolerant yanaşsalar da, sonradan münasibət dəyişdi. Paytaxtdan müxalifət deputatlarının, tanınmış simalarının bölgəyə axışması hakimiyyəti sərt addımlar atmağa vadar etdi. Aksiyalar güc tətbiq edilərək dağıdıldı, onların bəzi nümayəndələri həbs edildi. 

Hazırda iki gündür ki, Kirantsa (İcevandan) gedən yol bağlıdır. Əraziyə böyük sayda polis qüvvəsi cəmlənib. Hüquq-mühafizə orqanları dünən səhər saatlarından kəndə gedən bütün yollarda xüsusi rejim qurub. Kirantsa daxil olmaq istəyən vətəndaşlar, yaşayış yerinin Kirants kəndi olduğunu sübut etmək üçün pasportlarını polisə göstərməlidirlər. Çünki kəndə yalnız yerli qeydiyyatı olan vətəndaşların daxil olmasına icazə verilir. Həmçinin, əraziyə Müdafiə Nazirliyin avtomobilləri də buraxılır. 

Yerli mətbuatın yazdığına görə, sakinlərin xahişi ilə Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan, politoloq Suren Petrosyan, müxalif “Hayastan” fraksiyasının deputatı Qarnik Danielya Kirantsa girmək istəsələr də polis icazə verməyib.

Tavuş yeparxiyasının rəhbəri jurnalistlərə deyib ki, onlar xalqı görmək istəyirlər. “Hərəkətimizə qadağa qoymaq qanunsuzdur, minalanmış sahəyə girmirik, heç bir iş görmürük, gedirik, salamlaşıb, qayıdıb getmək istəyirik”, - qeyd edib.

Dünən Daxili İşlər Nazirliyi bildirib ki, hazırda Müdafiə Nazirliyi dövlət sərhədinin Tavuş vilayətinin Kirants kəndi ilə Azərbaycanın Qazax rayonunun Xeyrəmli kəndi arasındakı hissəsində minalardan təmizləmə işləri aparır.

Baş nazir Nikol Paşinyan bəyan edib ki, Kirants bölgəsində demarkasiyaya məruz qalan 11 məntəqə var. Yaxın günlərdə mübahisəli olmayan hissədə sərhədlərinin müəyyənləşdirilməsinə başlayacaqlar, daha sonra qalan 3 nöqtədə problemin həlli yollarını axtaracaqlar.

Beləliklə, Ermənistan hakimiyyəti Azərbaycanla əldə olunan razılaşmaya uyğun addımları davam etdirməkdə qərarlı görünür. Bəs müxalifət niyə “populyar” şüarlarla cəmiyyətin müqavimətini təşkil edə bilmir? Bu, müxalifətə olan münasibətdən qaynaqlanır, yoxsa, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanla sərhədlərin müəyyən olunmasının və münasibətlərin normallaşmasının tərəfdardır? 

Radikal millətçilərin birləşdiyi Daşnaksütyün partiyası normallaşma prosesinin qatı əleyhinədir. Amma partiya paytaxta və başqa bölgələrdə iqtidarın siyasətinə mane olacaq addımlar ata bilmir.

Adıçəkilən təşkilatın ali orqanının nümayəndəsi İşxan Saqatelyan müxalifətə ünvanlanan “Müxalifət haradadır, niyə Tavuş hərəkatını dəstəkləmir” sualına belə cavab verib:

Mən Daşnaksütyunun və “Hayastan” fraksiyasının adından danışa bilərəm. Daşnaksütyun öz strukturları və bütün imkanları ilə ilk gündən Tavuşda olub və yaranan hərəkata əməli dəstək verib. Bütün dövr ərzində “Ermənistan” fraksiyasının deputatları da Tavuşda olublar. Parlamentdə və beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı işlər aparıblar”.

Müxalif siyasi qüvvələr liderliyi ələ ala bilməməsinin səbəblərinə gəlincə, Saqatelyan deyib ki, artıq Tavuşda hərəkat yaranıb. “Biz əvəzsiz və tarixi missiyanı yerinə yetirən yepiskop Baqratın simasında təbii lideri irəli çıxarmışıq”, - o bildirib.

Saqatelyan deyir ki, müxalifət indiki məqamda ayrıca və ya paralel prosesə başlamağı düzgün hesab etmir. Onun sözlərinə görə, artıq formalaşmış müxalifət mərkəzi var. “Hesab edirik ki, biz bu prosesi bütün gücümüzlə dəstəkləməli, onu panerməniləşdirməliyik. Müxtəlif siyasi hesablamalar səbəbindən passivlik nümayiş etdirən qüvvələri və şəxsləri başa düşə bilmirəm: müqəddəs mübarizə var, bu mübarizə dəstəklənməlidir”, - o vurğulayıb.

Parlamentdəki müxalifət fraksiyasının Paşinyan iqtidarına qarşı hərəkətsiz olmasına gəlincə, Saqatelyan deyib ki, bu mübarizənin məntiqi yekunu Məclisdə impiçment prosesinin başlanması ola bilər. “Lakin biz bu prosesə vaxtından əvvəl başlamaq və uğrsuzluğa gətirib çıxarmağı yolverilməz hesab edirik. Biz bu prosesə o zaman başlayacağıq ki, xalqın iradəsini nümayiş etdirmək üçün lazımi və kifayət qədər qüvvə küçədə peyda olacaq. Ona görə də, yaxın gələcəkdə bizim bütün addımlarımız bu gücü toplamağa yönəlməlidir”, - İşxan Saqatelyan qeyd edib.

Radikal müxalifət nümayəndəsinin dediklərindən o nəticəyə gəlmək olur ki, əsas problem cəmiyyətin əhəmiyyətli hissəsi sərhədlərin dəqiqləşdirilməsi prosesinə qarşı çıxmamasıdır. Müxalifət ictimai dəstəksiz qalıb, ona görə də Saqatelyan bütün məsuliyyəti Tavuşda lokal etirazlara rəhbərlik edən yepiskop Baqrata yükləyir. Belə çıxır ki, din xadimi Paşinyan hakimiyyətinə qarşı böyük etirazçı elektoratı bir araya gətirsə, müxalifət onun qabağına düşüb liderlik etməyə hazırdır. İndiki halda isə yalnız bu qüvvənin ortaya çıxmasına dəstək verə bilər. Saqatelyan incə şəkildə vurğulayır ki, cəmiyyətdə nüfuzu olmayan müxalifətin qabağa düşməsi ancaq prosesin uğursuzluğa düçar olmasına gətirib çıxaracaq. Sosial sifariş cəmiyyətdən gəlməlidir, müxalifətin onu yaratmaq və ya genişləndirmək imkanları yoxdur.

Daşnaksütyün liderlərindən biri olan Saqatelyan indiki şərtlər daxilində parlament daxilində iqtidara qarşı mübarizəni də perspektivsiz sayır. Çünki müxalifəti parlamentin divarlarından kənarda dəstəkləyən böyük ictimai hərəkat mövcud deyil. Həlledici say üstünlüyünü əlində saxlayan və monolit olan Paşinyan komandası isə əksinə, xalqdan və Qərbdəki müttəfiqlərindən böyük dəstək alır.

Qüvvələr nisbəti qeyri bərabərdir, ona görə də qarşıdakı dövrdə daxili siyasi qüvvələr Ermənistan-Azərbaycan arasında normallaşma prosesini pozmaq iqtidarında deyil. O başqa məsələdir ki, Paşinyan iqtidarı sərhədlərin delmitasiya prosesindən sonra sülh üçün vacib olan Konstitusiya islahatlarına nə zaman gedəcək. Bu artıq başqa mövzudur.

Turqut