Paşinyan “start” düyməsini basdı: Baş nazir siyasi gələcəyini masaya qoyub
Konstitusiya dəyişsə də gedəcək, dəyişməsə də - Amma necə?
25 Noyabr 2026
Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 23-də ölkənin yeni Konstitusiya layihəsini ictimai müzakirəyə təqdim edib. Sənəd bu məqsədlə yaradılmış xüsusi internet portalında yerləşdirilib. Vətəndaşlar həmin portal vasitəsilə layihənin mətni ilə tanış ola və ona dair təkliflərini göndərə bilərlər.
Əsas dəyişikliklərdən biri yeni sənədin preambulasından 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. Həmin bəyannamədə Ermənistan SSR ilə Dağlıq Qarabağın “birləşdirilməsi” haqqında 1989-cu il qərarına istinad yer alır.
Yeni Konstitusiyanın preambulasında “beynəlxalq səviyyədə tanınmış ərazidə müstəqil, sülhsevər, təhlükəsiz və firavan dövlət qurmaq” missiyasından bəhs olunur.
Yeni sənəd qüvvəyə mindikdən sonra Ermənistanın 1995-ci ildə qəbul edilmiş və 2015-ci ildə dəyişikliklər edilmiş Konstitusiyası qüvvədən düşəcək.
Nikol Paşinyan noyabrın 23-də xalqa müraciətində bildirib ki, konstitusiya islahatı dövlətçiliyin yeni modelinə – “Dördüncü Respublika”ya keçidi nəzərdə tutur. Bu modelin əsas fərqi “münaqişənin olmaması” olacaq. Onun sözlərinə görə, layihənin məqsədi “münaqişə məntiqi”ndən institusional sülhə və inkişafa keçməkdir.
Paşinyan atılacaq addımların ardıcıllığını da açıqlayıb: əvvəlcə Ermənistan ümumxalq səsverməsində yeni Konstitusiyanı təsdiqləməli, bundan sonra isə Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh müqaviləsinin imzalanması üçün məcburi şərtdir. Çünki Bakı Müstəqillik Bəyannaməsinə istinadda Azərbaycana qarşı ərazi iddialarının olduğunu hesab edir.
Layihənin referenduma çıxarılması üçün 105 deputatdan ən azı 70-nin səsi lazımdır. Halbuki hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə 64 mandatı var.
Baş nazir müxalifəti referendumun təyin edilməsini dəstəkləməyə çağırıb və vətəndaşlar layihənin əleyhinə səs verəcəkləri təqdirdə istefa verəcəyini vəd edib. Sənəd təsdiqlənərsə, Paşinyan növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini də öhdəsinə götürüb. Ümumilikdə 41 mandata malik “Güclü Ermənistan” və “Hayastan” müxalifət fraksiyaları isə yeni Konstitusiyaya qarşı çıxaraq, bunu Azərbaycana güzəşt kimi qiymətləndirib və hökumət başçısının təklifini rədd ediblər.
Yeri gəlmişkən, noyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə birgə keçirdiyi brifinqdə Ermənistan Konstitusiyası məsələsinə toxunub. O bildirib ki, Azərbaycan Ermənistanın yeni Konstitusiya layihəsində ölkəmizə qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndirir.
“Ermənistan Konstitusiyası ilə bağlı şərh verməkdən çəkinərdim, çünki bu, həmin ölkənin daxili işidir. Bizi maraqlandıran yeganə məsələ yeni layihədə Azərbaycana qarşı ərazi iddialarının olmamasıdır. Görünür, yeni layihədə belə bir müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk.
Ermənistan daxilində konstitusiya prosesinin nə vaxt başa çatacağı həmin ölkənin rəhbərliyindən və cəmiyyətindən asılıdır.
Bu məsələ öz həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin imzalanması üçün əlavə maneə qalmayacaq”, – Bayramov bildirib.
Ceyhun Bayramovun bu bəyanatı Ermənistanın konstitusiya islahatını başa çatdırmasından sonra Azərbaycanın sülh sazişini imzalamağa hazır olduğunu nə dərəcədə təsdiqləyir?
Hakim “Vətəndaş Müqaviləsi” Partiyası (64 mandat) referendumun təyin edilməsi üçün lazım olan 70 deputatın səsini toplamaq məqsədilə hansı taktikanı seçə bilər? Paşinyanın təklifini rədd edən və islahatı güzəşt kimi qiymətləndirən “Güclü Ermənistan” və “Hayastan” fraksiyalarının (ümumilikdə 41 mandat) mövqeyi nəyə əsaslanır?
Nikol Paşinyanın referendum baş tutmayacağı təqdirdə istefa vermək, uğurla nəticələnəcəyi halda isə növbəti müddətə namizədliyini irəli sürməmək barədə öhdəlikləri tərəfdarlarının və əleyhdarlarının motivasiyasına necə təsir göstərir?
Pressklub.az-ın suallarını tanınmış erməni analitik, İrəvan Mətbuat Klubunun fəxri prezidenti Boris Navasardyan cavablandırmağa razılıq verib.

Onun sözlərinə görə, nazir Bayramov Ermənistan Konstitusiyası məsələsində Bakının mövqeyini bir daha təsdiqləyib və bu, Ermənistandakı daxili siyasi müzakirələr üçün müəyyən əhəmiyyət daşıyacaq.
“Ermənistanda münasibətlərin normallaşdırılması prosesini tənqid edənlər iddia edirlər ki, Azərbaycanın tələblərinin sonu olmayacaq və yaxın gələcəkdə sülh sazişinin imzalanması və həyata keçirilməsi mümkün deyil. Buna görə də Azərbaycan rəhbərləri iki ölkə arasındakı münasibətlərdən danışarkən əldə olunmuş razılaşmalara uyğun olaraq niyyətlərində qətiyyətli olduqlarını nə qədər tez-tez nümayiş etdirsələr, Ermənistan vətəndaşları da Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması perspektivinə bir o qədər çox etimad göstərəcəklər. Düşünürəm ki, erməni liderlərinin regionda sülh və sabitliyə doğru ardıcıl addımlar atması Azərbaycan ictimaiyyəti üçün də vacibdir”, – ekspert hesab edir.
O qeyd edib ki, Nikol Paşinyan öz üzərinə olduqca ciddi öhdəliklər götürüb və bu, geniş ictimaiyyətdə təsirsiz ötüşə bilməz.
“Konstitusiya islahatının uğursuzluğa düçar olacağı təqdirdə istefa vermək təbii addım sayıla bilər. Lakin baş nazir vəzifəsindən “şöhrətinin zirvəsində” getməyə hazır olmaq çox güclü mesajdır. Çünki referendumun uğurla nəticələnməsi və Azərbaycanla sülh sazişinin imzalanması həm ölkə daxilində, həm də xaricdə məhz belə qəbul ediləcək. Bu isə noyabrın 23-də rəsmən başlanmış prosesdə nələrin ortaya qoyulduğunu və məsələnin nə qədər böyük əhəmiyyət daşıdığını hər kəsə göstərir.
Hərçənd bu fədakarlıq heç də Paşinyanın dəqiq hakimiyyətdən getmək əzmində olduğu demək deyil. Axı başqa vəzifə tutmaqla da ölkəni faktiki olaraq idarə etmək mümkündür.
Bu güclü siyasi gedişdən sonra nələrin baş verəcəyini söyləməyə cəsarət etmirəm. Ola bilsin ki, Paşinyan və komandası rəqibləri ilə qarşıdurmanı daha da gücləndirsin və yalnız əsas tərəfdarlarının sıralarını birləşdirməklə kifayətlənsin. Lakin belə olan halda referendumda az-çox geniş konsensusa nail olmaq çətin görünür.
Ancaq mövcud məqamın əhəmiyyəti hakim elitanı ictimai müzakirələri səmərəli şəkildə təşkil etməyə sövq edərsə və nəticədə qanunun aliliyinin, demokratik institutların möhkəmləndirilməsinə dair yeni təminatları ehtiva edən layihə hazırlanarsa, islahat vətəndaşların təbii dəstəyini qazanacaq.
Birinci halda həm referendum zamanı, həm də ondan əvvəl – Konstitusiya layihəsinin parlamentdə səsverməyə çıxarılması üçün müxalifətdən lazımi səsləri toplamaq məqsədilə inzibati resurslardan bütün gücü ilə istifadə etmək lazım gələcək.
İkinci halda isə konstitusiya hüququnun müxtəlif sahələri üzrə nüfuzlu mütəxəssislərin layihəni bəyənməsi müxalifət deputatlarının ən azı bir hissəsini onların rəyini nəzərə almağa məcbur edəcək”, – Navasardyan hesab edir.
Rauf Orucov