Paşinyan Putinə açıq meydan oxuyur? – İrəvan Avropa kursunda israrlıdır
Erməni ekspert: Müəyyən siyasi hesablama olması mütləqdir
31 İyul 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın Avropa inteqrasiyası kursunu davam etdirmək niyyəti barədə şəxsən Rusiya Prezidenti Vladimir Putinə məlumat verib.
“Rusiya Prezidentinə dedim ki, biz Avropa inteqrasiyası yolunu elan etmişik və bu yolla irəliləyəcəyik. Ermənistan xalqı bu kursun lehinə səs verdikdən sonra işləri davam etdirəcəyik”, – Paşinyan brifinqdə bildirib.
Bununla yanaşı, Ermənistan hökumətinin başçısı vurğulayıb ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, İrəvan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq niyyətində deyil.
Paşinyanın sözlərinə görə, problem Ermənistanın mövqeyində deyil, məhz birliyin öz fəaliyyətindədir. O bildirib ki, Aİİ-nin mexanizmləri faktiki olaraq işləməyi dayandırıb.
“Bu, Ermənistanın problemi deyil, problem məhz Aİİ-nin mexanizmlərindədir. Belə çıxır ki, Avrasiya İqtisadi İttifaqı iflic vəziyyətindədir və işləmir”, – deyə baş nazir ittifaq bazarında erməni mallarına tətbiq olunan məhdudiyyətləri şərh edərkən bildirib.
O, həmçinin xəbərdarlıq edib ki, yaranmış problemlər operativ şəkildə həll olunmasa, bu, birlik üçün ciddi nəticələr doğura bilər.
“Əgər problem vaxtında həll edilməsə, düşünürəm ki, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq”, – Paşinyan vurğulayıb.
Bundan əlavə, baş nazir yenidən seçildikdən sonra Vladimir Putinlə telefon danışığı zamanı Rusiya prezidentinin onu təbrik etməməsinə də münasibət bildirib.
“Rusiya Prezidenti məni təbrik etmədi. Amma burada sual yaranır: bəs o zaman o, kiminlə danışırdı?” – Paşinyan bildirib.
Baş nazir, həmçinin, Kremlin son günlərdə Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməli olduğu və bununla bağlı referendum keçirməsinin vacibliyi barədə səsləndirdiyi təkrar bəyanatlara da münasibət bildirib. Paşinyan vurğulayıb ki, mümkün referendum məsələsi yalnız Ermənistanın daxili işidir və xarici dövlət rəhbərləri ilə müzakirə olunmur.
Jurnalistlərin Rusiya Prezidenti Vladimir Putinin son telefon danışığı zamanı referendumun keçirilmə vaxtı məsələsini qaldırıb-qaldırmadığı barədə sualını cavablandıran Paşinyan bildirib ki, bu cür müzakirələr yersizdir.
“Referendumun keçirilmə vaxtı ilə bağlı söhbətlər yersizdir. Söhbət bizim suveren hüquqlarımızdan gedirsə, qərarları biz qəbul edirik. Referendumu nə vaxt və hansı şərtlərlə keçirmək, yaxud ümumiyyətlə keçirməmək barədə qərarı da biz verməliyik. Buna görə də bu mövzuda müzakirələr yersizdir”, – baş nazir vurğulayıb.
Avropa İttifaqı ilə münasibətlərə toxunan Paşinyan qeyd edib ki, İrəvan əməkdaşlıq məsələləri ilə bağlı rəsmi məlumatları üçüncü ölkələrin kəşfiyyat orqanlarından deyil, birbaşa Aİ-dəki tərəfdaşlarından alır.
Bu bəyanatların məzmununu və tonunu necə qiymətləndirmək olar? Belə çıxır ki, Paşinyan Moskva ilə münasibətlərdə diplomatik davranışa getdikcə daha az riayət etməyə çalışır?
Pressklub.az-ın suallarını tanınmış erməni analitik və publisist İşxan Verdiyan cavablandırıb.
.jpg)
Onun sözlərinə görə, əsas tezisləri ümumiləşdirsək, belə bir mənzərə yaranır.
“Birincisi, hesab edirəm ki, Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsində müəyyən qədər şişirdilmiş mövqe sərgiləyir. Aydındır ki, Aİİ Rusiyanın ətrafında formalaşıb və məhz Rusiya bu birliyin əsas dayağıdır. Ermənistanın iqtisadi və siyasi çəkisini nəzərə alsaq, İrəvanın ittifaqın fəaliyyətinə onun dağılmasına səbəb olacaq dərəcədə təsir göstərməsi inandırıcı görünmür. Buna görə də bu cür bəyanatlar daha çox siyasi ritorikanın tərkib hissəsi təsiri bağışlayır. Bununla belə, hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Biz artıq dəfələrlə şahidi olmuşuq ki, Nikol Paşinyanın səsləndirdiyi fikirlər sonradan yaranmış şəraitin təsiri altında dəyişib. Böyük ehtimalla, Aİİ ilə bağlı vəziyyət də oxşar ssenari üzrə inkişaf edə bilər.
Avropa inteqrasiyası və mümkün referendum məsələsinə gəlincə isə, burada vəziyyət bir qədər mürəkkəb görünür. Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, Ermənistan referendumu yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt keçirəcək. Bu, həqiqətən də Ermənistan dövlətinin suveren hüququdur. Lakin məsələyə Rusiyanın mövqeyindən baxsaq, Moskva da cavab tədbirlərini yalnız özünün uyğun bildiyi vaxt tətbiq edəcəyini və bu zaman İrəvanın mövqeyini nəzərə almayacağını deyə bilər. Başqa sözlə, Ermənistan Avropa inteqrasiyası kursunu həyata keçirmək kimi suveren hüququndan istifadə edərsə, Rusiya da öz milli maraqları anlayışına əsaslanaraq iqtisadi təzyiq siyasətini davam etdirə bilər. Əslində, bu siyasət artıq erməni mallarına tətbiq olunan məhdudiyyətlərdə özünü göstərir”, – ekspert bildirib.
Onun fikrincə, Vladimir Putin çox güman ki, Nikol Paşinyanın telefon danışığı zamanı Ermənistanın inkişafında yenidən məhz Avropa istiqamətini ön plana çıxarmasından məmnun qalmayıb.
“Mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, belə bəyanatların Kremldə müsbət qarşılanması çətin idi. Üstəlik, Avropa inteqrasiyası mövzusu Rusiya üçün ənənəvi olaraq son dərəcə həssas məsələdir və demək olar ki, həmişə sərt müqavimətlə qarşılanır. İndi isə Moskvanın bu dəfə necə cavab verəcəyini izləmək qalır.
Ümumilikdə isə Nikol Paşinyan artıq uzun illərdir Vladimir Putinlə kifayət qədər qeyri-standart ünsiyyət tərzi ilə tanınır. O, tez-tez özünə klassik diplomatik protokolun çərçivəsindən kənara çıxan açıqlamalar verməyə imkan yaradır. Bundan sonra isə Rusiya tərəfi adətən asimmetrik addımlarla cavab verir.
Paşinyanın bu davranış tərzini həm onun şəxsi ünsiyyət üslubu, həm də müəyyən siyasi hesablamalarla izah etmək olar. Bu hesablamaların nədən ibarət olduğunu isə yalnız ehtimal edə bilərik.
Məncə, əsas məqam ondan ibarətdir ki, Nikol Paşinyan müəyyən bir “təhlükəsizlik yastığı”na arxalanmasaydı, Moskvaya qarşı bu qədər sərt ritorikaya yol verməzdi. Hazırda belə bir təhlükəsizlik yastığı, şübhəsiz ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesidir. Məhz qonşu ölkələrlə münasibətlərin normallaşması Ermənistan üçün elə bir strateji çıxış yolu ola bilər ki, bu, Avropa inteqrasiyası kursu fonunda Rusiya ilə münasibətlərin pisləşməsinin doğura biləcəyi riskləri əhəmiyyətli dərəcədə azaltsın və mümkün mənfi nəticələri yumşaltsın”, – Verdiyan vurğulayıb.
Rauf Orucov