Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan: “Dünya daha bizim şikayətlərimizə qulaq asmaq istəmir!”
“Deyir, get Azərbaycanla danış”

Azərbaycan-Ermənistan sərhədi reallıqda silahlı qüvvələrinin təmas xəttindən ibarətdir. Nə qədər ki, sərhəd dirəklərini səngərlər əvəz edir, bu iki ölkə arasında dayanıqlı sülh mümkün deyil.  

Sülhü kim pozurmuş

Bir ilə yaxındır ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası (ayrılması) və demarkasiyası (işarələnməsi) haqqında söhbət gedir. Maraqlıdır ki, hər iki ölkənin rəhbərləri buna hazır olduqları barədə bəzən gündə iki dəfə bəyanat verirlər. Sərhəd xəttinin isə bir addımı belə cızılmayıb. Səbəb nədir: iki tərəfdən biri bəyanatlarında səmimi deyil, yoxsa sözdən əmələ keçməyə üçüncü tərəf imkan vermir?

“Sərhəd”lərdə növbəti ağır toqquşmanın ertəsi gün, noyabrın 17-də erməni parlamentində çıxış edən baş nazir Nikol Paşinyan bu suala cavab verib. Hakim partiyanın fraksiya nümayəndəsi ondan “ölkənin 41 kv.km. ərazisinin Azərbaycanın əlinə keçməsi” barədə deyilənlərə şərh istəyib.

“Əvvəla, bu, son iki günün nəticəsi deyil, - Paşinyan bildirib. – Dünənki hadisələrdən sonra balans dəyişməyib. Amma bu ərazinin də hamısı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində deyil. Mayın 12-dən sonra müxtəlif sahələrdə Ermənistan və Azərbaycan qüvvələrinin mövqeləri “şahmat qaydasında” yerləşib, bəzən bir-birinin içinə girir, bəzən məntiq görmək olmur”.

Paşinyanın sözlərinə görə, bu, son müharibənin nəticəsidir. Birinci Qarabağ müharibəsi zamanı isə sovet Azərbaycanının elə əraziləri olub ki, Ermənistanın nəzarətinə keçib və hələ də qalmaqdadır. Məhz buna görə delimitasiya-demarkasiya prosesi çox vacibdir.

“Çünki biz deyəndə ki, Azərbaycan ərazilərimizi işğal edib, beynəlxalq ictimaiyyətin də ortalama reaksiyası belə olur: “Elədir, amma birmənalı balans yoxdur”. Yəni, elə ərazilər də var ki, sizin nəzarətinizdədir, olmamalıdır. Ona görə beynəlxalq ictimaiyyət bizə və Azərbaycana deyir ki, demarkasiya və delimitasiya prosesinə başlayın, məsələni həmişəlik həll edin. Biz bu mesajı qəbul edirik, 2021-ci ilin may hadisələrinə baxmayaraq, mən bəyan etdim ki, sənədləri imzalamağa hazıram. Ancaq DAXİLİ SİYASİ HAY-KÜYƏ GÖRƏ PROSES POZULDU”.

Hərbi əsirlər, yoxsa cinayətkarlar? 

Noyabrın 16-da sərhəddəki döyüşdə hər iki tərəfdən ölənlər və yaralananlar oldu, 13 erməni hərbçi əsir götürüldü. Heç şübhəsiz, bu, “hərbi əsirlər” mövzusunda mübahisələri daha da qızışdıracaq, eyni zamanda, Ermənistan daxilində Koçaryan tərəfdarlarının Paşinyana hücumlarına təkan verəcək. Noyabrın 17-də baş nazirin parlamentdə çıxışı zamanı deyilənlərin şahidi olduq. Müxalifət fraksiyasının üzvü əsirlərin taleyi haqqında nə bildiyini və onlara qarşı zorakılığa yol verilməməsi üçün nə kimi tədbirlər gördüyünü söyləməyi Paşinyandan tələb etdi. Baş nazirin cavabı əvvəlkilərdən fərqli olub:

“Ermənistan Silahlı Qüvvələrində hər bir hərbi qulluqçunun öz vəzifələri var. Hər şeyi araşdırmaq lazımdır. “Əsir düşdü” nə deməkdir? Hansı şəraitdə düşdü?”

Paşinyana görə, hansı hallarda əsir düşməyin cinayət sayılmadığı hərbi qanunvericilikdə dəqiq göstərilib:

“Biz araşdırmalıyıq: haqqında danışdığımız hallar həmin hallara uyğun gəlir, yoxsa yox. Məsələn, orada göstərilir ki, əgər insan yaralı, yaxud huşsuz vəziyyətdə əsir götürülərsə, təbii, ona qarşı heç bir iddiamız ola bilməz”. 

Paşinyanın zəngləri nəticəsiz qalmadı!

Hər dəfə cəbhədə gərginlik yarananda əsgər silahına sarılan kimi, Paşinyan da telefon aparatına qaçırdı. Dünyanın liderlərinə, beynəlxalq təşkilatların rəhbərlərinə zəng vurur, şikayətlənir, kömək umurdu. Bununla bağlı internetdə lətifələr, rəsmlər, şəkillər dolaşır. Bu dəfə - noyabrın 16-da da eyni hal baş verdi. Amma nəticə fərqli oldu. Nəhayət, Ermənistanın baş naziri Qərb liderlərinin dolaşıq bəyanatlarla nə demək istədiklərini və köməyin haradan gələ biləcəyini anladı. Bəlkə də, müraciət etdiyi liderlər özləri bezib hər şeyi ona açıq söylədilər. Əsas odur ki, Paşinyan dilə gəldi. 

Deputatlarla görüşdə baş nazir başlıca açıqlamasına söhbətə bir az uzaqdan başlamaqla keçib:

“Dinc inkişaf epoxasına yol açmaq asan deyil, bunun üçün möhkəm əsəblər lazımdır. Biz qeyd etmişik ki, bu, tək bizdən asılı deyil. Və demişik ki, dinc inkişaf epoxasına çatmağın qeyri-mümkünlüyünü sübut etmək məqsədi ilə kənardan cəmiyyətə təsirlər olacaq. Ancaq biz bunu strategiya kimi qəbul etmişiksə, o yolla getməliyik.”

Sonra baş nazir etiraf edib ki, Qarabağ tənzimlənməsi prosesində erməni tərəfi həmişə yalnız öz dediyini eşidib, beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz adlandırıb, qarşı tərəfi isə heç dinləməyib.

“Nəticədə hansısa andan etibarən bizim mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən ciddiyə alınmamağa başladı. Mən təkcə tənqid etmirəm, bu, həm də özünütənqiddir. Beynəlxalq gündəlikdə duran məsələləri öz arşınınla ölçmək olmaz. Olmağına olar, amma bu, uğura, məsələnin həllinə gətirə bilməz. Biz müəyyənləşdirməliyik ki, həll bizə, ümumiyyətlə, lazımdır, ya yox. Bizim mövqeyimiz həllə doğru getməkdir. Bu heç də o demək deyil ki, istənilən həll bizim üçün məqbuldur. Və o da demək deyil ki, bizim təklif etdiyimiz həll yolu ilə başqa tərəflər, yaxud beynəlxalq ictimaiyyət razılaşacaq”.

Sonda Ermənistan hökumətinin rəhbəri Qarabağ məsələsində Ermənistanın uğursuzluğunun başlıca səbəbindən söz açıb: 

“Çünki bizim mövqeyimiz beynəlxalq ictimaiyyət tərəfindən ciddiyə alınmırdı və əksinə. Biz Qarabağ məsələsinin ermənilərin xeyrinə həllinə xidmət edirdik. Beynəlxalq ictimaiyyəti isə bu yox, məhz problemin həlli maraqlandırırdı. Eyni şey demarkasiya-delimitasiya prosesinə də aiddir. Beynəlxalq ictimaiyyət bizə də, Azərbaycana da deyir: bəsdir, həftəbaşı atəşkəs rejiminin pozulmasından, təcavüzdən danışdınız, bir-birinizi ittiham etdiniz. Öz aranızda danışın, biz yorulmuşuq, bizim çoxlu problemlərimiz var. Niyə sizə elə gəlir ki, bütün dünya sızın qayğılarınızla və problemlərinizlə yaşamalıdır? Onlarla özünüz yaşayın. Beynəlxalq ictimaiyyət bizə təxminən bunu deyir”.

1920-ci ildən 2020-ci ilədək Ermənistan-Azərbaycan müharibələri ancaq Azərbaycan dövlətinin ərazilərində gedib. Son lokal döyüşlər ilk döyüşlərdir ki, Ermənistan müharibənin iynələrini bilavasitə öz bədənində hiss edir. Ölkəsini gözləyən təhlükənin reallığından təşvişə düşmüş Paşinyan gah Şimala, gah Qərbə, gah Şərqə üz tutur, tutmağa ətək axtarırdı, Hindistana qədər əl atmışdı... 

Azərbaycanda əmin idilər ki, Paşinyanın dünya liderlərinə zəngləri axırda nəticəsiz qalacaq. Onların da bir nəticəsi oldu...

PRESS KLUB