Logo
news content
User
Kateqoriyalar

Analitika

Pandemiya və karantin şəraitində jurnalist panika yaratmadan necə işləməlidir?


Azərbaycan jurnalistlərinin və sosial media fəallarının nəzərinə!


Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa yoluxanların və ölənlərin sayı artır. Eyni zamanda, xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün tədbirlər sərtləşdirilir. Ən təsirli tədbirlərdən biri pandemiya haqqında informasiyalara nəzarətin gücləndirilməsidir. Daxili işlər və prokurorluq orqanları onlarla media fəalına yalan və panikaya səbəb ola biləcək  məlumat yaydığına görə xəbərdarlıq edildiyini, bəzilərinin məsuliyyətə cəlb olunduğunu bildirirlər. 
Medianın ekstremal vəziyyətlərdə, xüsusilə insanların sağlamlığına qlobal təhlükə mövcud olan şəraitdə fəaliyyəti həqiqətən ondan böyük məsuliyyət və peşəkarlıq tələb edir. Ölkədə birbaşa təlim-tədris prosesi dayandırılıb və təəssüf ki, indiki halda jurnalistlər üçün treninqlər keçirmək də mümkün deyil. Amma problemin aktuallığı o dərəcədə böyükdür ki, gözləməyə vaxt yoxdur: səhvlər sözün həm əsl, həm məcazi mənasında baha başa gəlir. Onların qiyməti cəmiyyətin mənəvi və ruhi durumu, insan sağlamlığı və həyatıdır. Boşluğu doldurmaq üçün biz, bir növ, gendən təlimə başlayırıq: ən yeni dünya təcrübəsi əsasında media mütəxəssıslərinin hazırladıqları qaydalar və tanınmış həmkarlarımızın tövsiyələri ilə Azərbaycan jurnalistlərini, sosial şəbəkə fəallarını tanış edəcəyik. Vebinarlar da planlaşdırırıq. Onlara diqqətlə yanaşın, unutmayın ki, belə həssas məqamlarında hətta qərəzsiz xəta böyük günaha çevrilə, peşə karyeramızda pozulmaz ləkə kimi qala bilər. Jurnalistlər bəzən xalqın təkcə mental yox, həm də fiziki sağlamlığına görə məsuliyyəti bölüşməli olurlar. İndi həmin məqamlardan biridir. 

Arif Əliyev

 
  1. Pandemiya və karantin şəraitində jurnalist panika yaratmadan necə işləməlidir?
COVID-19 dünyanı sarmış ilk pandemiya deyil. Professional media qurumları belə hallarda düzgün davranmağı öyrəniblər. Ekstremal şəraitlərdə iş təcrübəsinə malik həmkarlarımız məsləhətlər verirlər: pandemiyadan necə yazmalı, nəyə xüsusi diqqət yetirməli, kimə inanmalı, səhvlərdən necə qaçmalı? Biz əməkdaşlıq etdiyimiz ölkələrin jurnalist təşkilatlarının köməyi ilə topladığımız qayda və tövsiyələrlə bölüşürük.
“Düşünmürəm ki, materiallarda qorxu və çaşqınlıq haqda söz açmaqdan həmişə çəkinmək lazımdır: əlbəttə, əgər konkret şəraitdə cəmiyyətdə məhz belə əhval-ruhiyyə üstünlük təşkil edirsə. Amma həmişə, xüsusilə özünüz hadisə yerindəsinizsə və şahidlərdən aldığınız informasiya tam deyilsə, ehtiyatlı olmalısınız”.

Maykl Stendert,

Bloomberg, The Guardian, Al Jazeera ilə əməkdaşlıq edən müstəqil jurnalist

Etibarlı mənbələr və ekspertlər axtarıb tapın
Etibarlı mənbələr az deyil:
  • ixtisaslaşmış jurnallar;
  • rəsmi dövlət orqanları;
  • tibb universitetləri (epidemiologiya və infeksiya xəstəlikləri üzrə müəllimlər), tədqiqat mərkəzləri (virusları öyrənən laboratoriyalar), xəstəxanalar (epidemioloqlar);
  • Ümumdünya Səhiyyə Təşkilatı və bu tip beynəlxalq qurumların saytları.
İstifadə etdiyiniz materialın müəllifinin olub-olmadığına fikir verin. Müəllif göstərilməyibsə, materialı kənara qoyun.
“Problem təkcə yaxşı ekspert tapmaqla həll edilmir. Sizə elə mütəxəssis lazımdır ki, qərəzsiz olsun.”

Stiven Mors,

Kolumbiya Universitetinin epidemiologiya üzrə professoru

“Ekspert tapanda, əmin olun ki, onun dediklərini başa düşürsünüz. Siz onun dediklərini anlamasanız, auditoriyanız da anlamayacaq. Sual verməkdən, axmaq görünməkdən qorxmayın. Çox ehtimal ki, suallarınız düşündüyünüz qədər də axmaq deyil”.

Con Poup,

Səhiyyə sahəsində 30 illik təcrübəyə malik jurnalist

Tapdığınız ekspertin konkret hansı sahəni yaxşı bildiyini dəqiqləşdirin (bir şəxs peşəsinə aid bütün sahələr üzrə mütəxəssis ola bilməz). Ona şəksiz avtoritet kimi baxmayın. Əgər bir araşdırma, onun necə keçirildiyi haqqında məlumatınız yoxdursa, “elmi araşdırmalara görə...” tipli ümumi ifadələr işlətməkdən çəkinin.

Bəzi hallarda jurnalistlər yalnız onların auditoriyaya təlqin etmək istədikləri fikirləri təsdiqləyən, yaxud sadəcə “üzüyola” ekspertlərə müraciət edirlər. Səhiyyə, xüsusilə epidemiya mövzusunda heç vaxt bu kimi üsullara əl atmayın.

COVID-19-la bağlı məsələləri geniş və hərtərəfli işıqlandıran çinli tədqiqatçı-jurnalistlər GIJN şəbəkəsinin (Global İnvestigative Journalism Network) redaktoruna müsahibədə başqa ölkələrdən olan həmkarlarına ilk növbədə qanunları və qaydaları dərindən öyrənməyi tövsiyə edirlər:

“Əgər siz tibbi mövzularda ixtisaslaşmış jurnalist deyilsinizsə, mütləq işə infeksiya xəstəliklərinə dair əsas qanunlarla, profilaktika və nəzarət  qaydaları ilə tanışlıqdan başlayın. Məsələn, COVID-19-un diaqnostika meyarları hansılardır? Xəstəlik haqqında məlumat hansı tələblərə uyğun açıqlanmalıdır? Bu, sizə çox şey verəcək”.
Statistika və rəqəmlərdən istifadə edin, amma onları dönə-dönə yoxlayın 
Con Poup xəstəliyin necə və harada daha çox yayıldığını göstərən xəritələrdən geniş istifadə etməyi məsləhət görür. Bu, virusun hər ölkəyə və onun xalqına nə dərəcədə yaxınlaşdığını əyani nümayiş etdirir. COVİD-19-un yayılma dinamikasını və dünya üzrə real mənzərəni onlayn rejimdə əks etdirən ciddi mənbələr az deyil. Məsələn: Azərbaycanda koronovirusun onlayn statistikasını əks etdirən Azerforum.com saytı da bu mənbələr sırasındadır.

Materiallarınızda statistikaya yer ayırarkən mənbələri tutuşdurun. Onlar arasında ciddi fərq olmamalıdır, amma varsa, səbəbini tapmağa çalışın. Auditoriyaya da bu barədə məlumat verin. Eyni zamanda oxucu/tamaşaçılara aydın olmayan rəqəmlərə izah verin, müqayisələr aparın, tendensiyaları göstərməyə çalışın. Bir sözlə, çaşqınlıq keçirən insanların informasiyanı qavramasını asanlaşdırın.

“Epidemiyalar və xəstəliklər haqqında statistik məlumatlar heç vaxt tam dəqiq olmayacaqlar. Xüsusilə ilkin mərhələdə qeyri-dəqiqlik daha çox olur”.

Stiven Mors,

Kolumbiya Universitetinin epidemiologiya üzrə professoru

“Statistika hər bir ölkədə səhiyyənin, ondan da artıq cəmiyyətin quruluşundan güclü dərəcədə asılıdır. Əhalinin epidemiyadan zərər çəkməsi riski ayrı-ayrı ölkələrdə müxtəlifdir və xeyli fərqlənir”.

Aleksandra Borisova,

Elmi jurnalist

Pandemiyadan, virusdan, xəstəlikdən danışanda, anlayışları səhv salmayın, hər termini yerində işlədin. Məsələn, virusla onun doğurduğu xəstəliyin adı çox vaxt fərqlənir və bunun səbəbləri var (indi həmin səbəbləri araşdırmağa vaxt itirməyək). Ümumdünya Səhiyyə Təşkilatının izahatına diqqət yetirin:

COVID-19 (ing. COrona VIrus Disease 2019) – yeni tapılmış koronoviruslardan sonuncusunun yaratdığı infeksiya xəstəliyi;

SARS-CoV-2 – koronovirusların sonuncu (2019-cu ilin axırında) tapılmış ştammı, məhz COVİD-19 xəstəliyini doğuran virus, ağır və kəskin respirator sindrom;

Epidemiya –  hər hansı ərazidə, ölkədə insan xəstəliyinin kütləvi yayılması və adi xəstəlik səviyyəsini əhəmiyyətli dərəcədə üstələməsi;

Pandemiya – infeksiya xəstəliyinin bir ölkənin hüdudlarından çıxması və daha iri miqyas alması.

Öz şəxsi fikirlərinizi yox, faktları, hadisələri, insanların hekayətlərini təsvir edin
Nə qədər ki, vəziyyət aydınlaşmayıb və pandemiyanın nə ilə nəticələnəcəyi bəlli deyil, jurnalistlərin bu barədə fərdi mülahizələr irəli sürməkdən çəkinməsi yaxşı olar. Maykl Stendert məhz belə edir. O, cəmiyyəti məlumatlandırmaq öhdəliyi ilə əhalidə qorxu hissini artırmamaq vəzifəsi arasında balansı qorumağa çalışır.
“Belə hallarda həmişə qeyri-müəyyənliklər çox olur. Sizin vəzifəniz isə ağlınıza gələni yazmaq yox, nə baş verdiyini aydınlaşdırmağa çalışmaqdır”.

Maykl Stendert,

Bloomberg, The Guardian, Al Jazeera ilə əməkdaşlıq edən müstəqil jurnalist

Jurnalistin yaratdığı rəyin, düşünmədən hökm vermək həvəsinin nəticəsini The Wall Street Journal-da dərc olunmuş bir məqalə göstərir. Məqalənin müəllifi Çini “Asiyanın əsl xəstəsi” adlandırmaqla həm nəşrinin, həm ölkəsinin rasizmdə ittiham olunmasına rəvac verdi.

Xəstəliklərin yayılması çox vaxt ksenofobiya, hətta yerliçilik əhval-ruhiyyəsinin güclənməsi ilə müşayiət olunur. COVID-19, əlbəttə, bu mənada istisna deyil.  Газета.ру Rusiyada asiyalıların xarici görünüşünə görə ictimai yerlərdə təhqirlərə məruz qoyulması haqda nümunələr gətirir. Yaxud Azərbaycanda Bakı-Sumqayıt dairəsinin qapanmasından sonra sosial şəbəkələrdəki şərhləri yada salın. Buna görə də diqqətli olmaq və rasizmə, ksenofobiyaya, region bölğüçülüyünə əsas yaratmamağa çalışmalıyıq. Jurnalistlərin Asiya-Amerika Assosiasiyasının tövsiyələri bu yerdə kara gələ bilər:

  • Maskalı insanların şəklini dərc edərkən həmişə kontekstə fikir verin, şəkilaltı mətn əlavə edin;
  • Materiala birbaşa aidiyyəti olmadığı hallarda, sadəcə, əlinizin altında lazımi şəkil yoxdur deyə, başqa yerlərdən, məsələn, Çin məhəllələrindən illüstrasiya verməkdən çəkinin;
  • Virusun adında coğrafi təyinatlardan (“Çin virusu”, “İrandan gələn virus”) istifadə etməməyə çalışın.
Virusa müxtəlif dinlərin, millətlərin, sosial təbəqələrin, regionların nümayəndələri yoluxurlar. Bu barədə danışın, yazın.
Xəstəliklərə görə adamlar dərin stress keçirirlər. Müsahibə verməyə, dərdini bölüşmək istəyənlərə qarşı diqqətli olun, onlara əlləri yetməyən təşkilatlarla əlaqə yaratmağa, sözlərini lazımi ünvanlara çatdırmağa kəmək edin. Mərhəmətli və həssas olsanız, insanlar da sizə etibar edəcək, yaxşı material üçün əvəzsiz məlumatlar verəcəklər.

«Çin jurnalistlərinin COVID-19 problemlərini işıqlandırmağa dair tövsiyələrindən»

Faciəvi şəraitdə və ekstremal vəziyyətlərdə materialların qəhrəmanları ilə davranış qaydaları “Dart” Jurnalistika və Travma Mərkəzinin (Dart Center for Journalism&Trauma, US) saytında (rus dilinə tərcüməsi burada) əksini tapıb. İngilis dilini bilərlər saytda “COVİD-19-dan necə yazmaq” mövzusunda vebinarlar seriyasını da dinləyə bilərlər. Aşağıda isə biz ən ümumi qaydaları yerləşdiririk:
  1. Həmişə qəhrəmanlarınıza hörmət və ehtiramla yanaşın;
  2. Onu anladığınızı və vəziyyətini başa düşdüyünüzü hiss etdirin;
  3. Söhbətin əvvəlində çətin suallar verməyin;
  4. Dəqiq olun, suallarınızda klişe və stereotiplərdən qaçın;
  5. Topladığınız məlumatların, materialınızın auditoriyaya mümkün təsirini təsəvvürünüzə gətirməyə çalışın və bunu nəzərə alın;
  6. Zərərçəkənlərə başqalarının mərhəmətli münasibəti, köməyi haqda faktlar axtarın və onları mütləq əks etdirin.
  7. Həmsöhbətinizlə yanaşı, daim özünüzə də suallar verin.
“Dilinizə fikir verin. İnsanlar onsuz da həyəcan içindədirlər, ona görə “epidemiya” kimi ağır sözləri çox təkrarlamaqla vəziyyəti qəlizləşdirməyin. Adamları daha da qorxutmayın. Məsələn, “geniş yayılmış” sözündən istifadə edin. Uzunçuluq etməyin. İnsanlar məlumatlanmaq, həm də mümkün qədər tez sakitləşmək istəyirlər”.

Con Poup,

Səhiyyə sahəsində 30 illik təcrübəyə malik jurnalist

Pandemiya və ümumi karantin şəraitində hansı mövzulardan yazmalı
Hansı mövzuların auditoriya üçün daha aktual olduğunu bilmək üçün, məsələn, Google Trend-dən istifadə edin. Tələbata uyğun olaraq, insanları maraqlandıran mövzuları önə çıxara bilərsiniz.

Bir çox psixoloqlar məsləhət görürlər ki, böyük redaksiyalarda auditoriyanın hər bir üzvünün müraciət edə, problemini söyləyə biləcəyi “Qaynar xətt” yaradılsın. Çünki bir sıra hallarda insanlar mediaya hökumətdən artıq etibar edirlər.

Con Poup həmkarlarına məsləhət görür ki, xəstəliyin necə yayılması və hansı hallarda yoluxmaması barədə tez-tez danışsınlar. Risk qrupuna daxil olanlara daha çox müraciət etsinlər, sağlam qalmaq üçün necə davranmaq lazım olduğunu onlara dəfələrlə başa salsınlar. Profilaktika tədbirlərinin vacibliyini dönə-dönə yada salsınlar: əllərinizi sabunla yuyun, asqıranda və öskürəndə ağzınızı tutun, zəiflik hiss edəndə evdən çıxmayın və s.

Jurnalistlərin Beynəlxalq Şəbəkəsinin (International Journalists` Network) saytında COVID-19-a dair ən uğurlu materiallardan nümunələr toplanıb (saytdakı 6 dildən heç birini bilmirsinizsə, məsələn, Google translate-in köməyinə müraciət edin). Onlar sizə çox şey öyrədəcək. Deyək ki, aşağıdakı mövzularda “əyani vəsait” rolunu oynaya biləcək nümunələrlə tanış olacaqsınız:

  • Təhsil müəssisələrinin bağlanması koronavirusun yayılmasını dayandırmağa təsir edəcəkmi?
  • Xəstəliyin yayılması biznesə necə təsir göstərir?
  • İctimai nəqliyyat necə işləyəcək və sərnişinlərini virusdan necə qoruyacaq?
  • Koronavirus turizmə necə təsir edəcək?
  • Xəbər xidmətləri oxucuları COVİD-19 haqqında mecə məlumatlandırmalıdırlar?
Müəssisə və təşkilatların əksəriyyəti öz əməkdaşlarını evdən iş rejiminə keçirirlər. İnsanları evdən işi necə düzğün qurmaq barədə məlumatlandırmaq lazımdır:
  • Diqqəti məişət problemlərinə yayındırmadan evdən necə işləmək lazımdır?
  • Uzaqdan əməkdaşların işinə necə səmərəli nəzarət etmək olar?
  • Evdən iş haqqı necə ödəniləcək?
  • Evdən işləyənlərin hüquq və vəzifələri dəyişirmi?
  • Hansı işi uzaqdan görmək olar, hansı işlərdə buna yol verilmir?
Eyni zamanda, evdən iş zamanı psixoloji problemlər də yarana bilər. Bəs, onları necə həll etməli?

Bir-birini necə bezdirməməli?

Bu mövzuya mütləq diqqət yetirmək lazımdır. Evdən çıxmağa məhdudiyyətlər qoyulduğu şəraitdə ailə üzvləri bir-biri ilə necə yola gedə bilərlər? Axı, adətən səhər-axşam bir neçə saatlığına görüşən insanlar indi həftələrlə dörd divar arasında yaşamalıdırlar!

Ər-arvad mübahisəsini boşanmaq həddinə necə çatdırmamalı?

Həqiqətən ciddi sualdır. Daim dar məkanda ünsiyyətdə olan ailə üzvləri qıcıqlanırlar, hirslərini bir-birinin üstünə tökürlər. Psixoloqların məsləhətləri, təsirli hekayətlər, filmlər belə yerdə “odun üstünə su səpmək” üçün yararlı ola bilər.

Evdə özünü və ailəni nə ilə məşğul etməli?

Filmlərə baxmaq və sosial şəbəkələrdə “oturmaq” da adamı bezdirir. İnsanlara maraqlı hobbilərdən, yaradıcılıq məşğuliyyətlərindən danışın. Məsələn, səhərlər musiqi altında birgə idman etmək, oyunlar oynamaq, ailəliklə onlayn viktorinalarda iştirak etmək və hətta qiymətli mükafatlar udmaq, redaksiyaların elan etdikləri müsabiqələrə qatılmaq, evdə yemək bişirmək... Televiziyalar interaktiv verilişlərini, intellektual proqramlarını artırmalıdırlar.

Necə depressiyaya düşməmək?

Burada psixoloqlarla jurnalistlərin əməkdaşlığı böyük rol oynayır. Cəmiyyətdən uzunmüddətli təcrid mövzusunda bütün həyatlarını “karantində” keçirməyə məcbur olan insanların hekayətləri də xeyirlidir. Eyni zamanda, onlar tərbiyəvi, humanitar məna kəsb edir. Peterburqlu proqramçı, bloqger İvan Bakaidov yazır ki, indi bizim öz vəziyyətimizi və ehtiyaclarımızı insanlara anlatmağımızın zamanıdır ki, gələcəkdə onlar bizi daha yaxşı başa düşsünlər, ehtiyaclarımızı anlasınlar.

İllüstrasiya və şəkillərlə manipulyasiya etməyin
The Guardian küçədə, tibb işçilərinin əhatəsində ölmüş kişinin fotosunu belə bir şəkilaltı mətnlə dərc edib: “Uhanda koronavirusun yaratdığı böhrandan mənzərə”. Əslində isə həmin kişinin ölümü başqa səbəbdən baş verib.

Materiallarda xəstəliyin yayılmasına, böhrana dair şəkillərdən, videosüjetlərdən  istifadə edərkən həddən artıq məsuliyyətli olmaq lazımdır. Redaksiya əmin olmalıdır ki, onun verdiyi illüstrasiya təsvir olunan hadisəni əks etdirir. Sensasiyaya hesablanmış, haradan gəldi götürülmüş kadrlar (məsələn, küçədə yıxılıb qalmış adam) yanlış təsəvvürlər yaratmaqla yanaşı, qorxu və panika yayır.

“Şəkil çəkməyə və yazmağa başlamazdan əvvəl, hadisə yeri ilə tanış olun, insanlarla danışın, orada nə baş verdiyini əvvəl özünüz anlamağa çalışın. Bundan sonra öyrəndiklərinizi materiala çevirin. İnsanların başına gələnləri həqiqətə tam uyğun əks etdirməyən məzmun yaratmayın!”

Teylor Mülkey,

“COVID-19-un yayılması ilə bağlı vəziyyətin işıqlandırılmasına dair məsləhətlər” toplusunun müəllifi

Feykləri yaymayın
Hələ fevralın əvvəlində ÜST koronavirus haqqında feyk məlumatların yayılmasını “infodemiya” adlandırdı. Bütün xəbərdarlıqlara baxmayaraq, saxta məlumatlar medianı və sosial şəbəkələri dolaşır, insanlarda yanlış təsəvvürlər formalaşdırır, vəziyyətin ağırlaşmasına səbəb olur. Martın 16-da Avropa İttifaqının bu problemlə bağlı qapalı hesabatı hazırlanıb. Financial Times qəzetinin həmin hesabat haqqında əldə etdiyi məlumata görə, bəzi ölkələrin media orqanları panika və qorxu yaymaq, dövlətlər arasına nifaq salmaq və hakimiyyətlərin virusa qarşı mübarizə tədbirlərinin səmərəsini azaltmaq məqsədilə qəsdən yalan məlumatlar yayırlar, informasiyanı mifləşdirirlər. Sinqapurda yerləşən, kibercinayətlərə qarşı mübarizə sahəsində ixtisaslaşmış Group-IB təşkilatı COVİD-19-la bağlı 9500 təhlükəli feyk qeydə alıb və bu istiqamətdə xüsusi təhqiqata başlayıb.

Azərbaycanın da informasiya məkanına daxil olmuş feyklər az deyil. Onların bir qismi isə yerli jurnalistlərin, xüsusilə sosial şəbəkə fəallarının “yaradıcılığının” məhsuludur. Martın 26-da yayılmış sonuncu feyklərdən biri guya Bakı və Sumqayıtda şəxsi nəqliyyatın hərəkətinə qadağa qoyulması ilə bağlı idi. Bu məlumat Daxili İşlər Nazirliyi tərəfindən tez təkzib edildi, amma qısa müddət ərzində az fəsad yaratmadı.

Feyklərin aşkarlanması, təhlili və onlardan yayınmaq üsulları barədə söhbət geniş mövzu olduğu üçün bu barədə növbəti məşğələmizdə danışacağıq.

Press Klub