
Od olmayan yerdə tüstü...
“Azərbaycandakı israilli hərbçilər” səs-küyü nəyə hesablanıb?
14 Avqust 2024
İsrailin KAN TV telekanalı İranın mümkün hücum təhlükəsi səbəbindən İsrail hərbçilərinin Azərbaycandan çıxarılması ilə bağlı xəbər yayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bu məlumata hələ də münasibət bildirməyib.
Xatırladaq ki, İsrailin KAN dövlət televiziya və radio şirkəti İsrail ordusunun İrandan gələn hücum təhlükəsi fonunda öz hərbi qulluqçularına Azərbaycan və Gürcüstanda qalmağı qadağan etdiyi barədə informasiya yayıb.
“Hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsində olan İsrail hərbi qulluqçuları dərhal İsrailə qayıtmalıdırlar”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, İran uzun müddətdir Azərbaycanın İranla sərhədində İsrailin kəşfiyyat obyektlərinin yaradıldığında israr edir. Rəsmi Bakı dəfələr bu iddianı təkzib edərək, öz ərazisindən İrana qarşı heç bir düşmən hərəkətinə imkan verməyəcəyini bəyan edib.
Öz növbəsində Tehran hələ də Azərbaycanda İsrailin kəşfiyyat obyektlərinin olmasına dair heç bir sübut təqdim etməyib.
Ötən şənbə günü Britaniyanın “The Telegraph” qəzeti İranın Kürdüstan (İraq ərazisi nəzərdə tutulur – red.) və Azərbaycandakı “İsrail hədəflərinə” zərbə endirməsinin mümkünlüyü ilə bağlı məlumat yayıb.
Bu nəşr prezident Pezeşkianın köməkçilərindən birinə istinadən yazıb ki, İran üçün İsrailə qarşı böyük müharibəyə başlamaqdansa, Kürdüstan və Azərbaycan rəhbərlərinə əvvəlcədən xəbərdarlıq edərək, İsrailin bu ölkələrdəki hədəflərinə şərti zərbə endirmək daha sərfəlidir.
“The Telegraph” və KAN TV-nin bu mesajları nə deməkdir? Məlumat nəyə hesablanıb? İrandakı hökumət mənbələri jurnalistlərə belə bir informasiya sızdırırlarsa, o zaman bu “sızmanın” əsl məqsədi nədir? Bəlkə bu, İranın Azərbaycana hələ də dost ölkə olmadığı barədə xəbərdarlığıdır?
Bəlkə də bütün bu qeyd olunanlar doğrudur. Amma israilli siyasi ekspert, publisist Aviqdor Eskin (Qüds) Pressklub.az-a açılamasında baş verənlərlə bağlı çox gözlənilməz və daha sadə versiya irəli sürüb.

O, əmindir ki, söhbət gözlənilən eskalasiya nəzərə alınmaqla hərbi xidmətə istənilən formada aidiyyatı olan israillilərə onların Gürcüstan və Azərbaycanda qalmasının təhlükəli ola biləcəyi ilə bağlı texniki xəbərdarlıqdan gedir.
“Söhbət hərbi xidmətə cəlb olunanlara ictimai müraciətdən gedir. Bunun bölgədə İsrail kəşfiyyatının olub-olmaması məsələsi ilə heç bir əlaqəsi yoxdur. Onlara müraciət texniki, bürokratik, formaldır və başqa heç bir mənası yoxdur. Bütün fərziyyələr isə sistemin necə işlədiyini düzgün başa düşməməkdən irəli gəlir”, - israilli analitik deyib.
Rauf Orucov