Logo
news content
User
Kateqoriyalar

Analitika

““Neftçi” bərbad vəziyyətdədir, buna görə klubdakı hər kəs günahkardır” - MÜSAHİBƏ
“İnanıram ki, “Qarabağ” ilk mərhələdə ciddi maneə ilə üzləşməyəcək”

Avrokuboklara vəsiqə qazanan futbol klublarımızın beynəlxalq arenada necə çıxış edəcəkləri maraqla gözlənir. “Qarabağ” bizi uğurlu nəticələrinə alışdırıbsa, digər klublarımızla bağlı son illərdəki vəziyyət heç də ürəkaçan deyil. Bəs bu dəfə necə olacaq? Yenə ölkə futbolunun avrokuboklardakı məsuliyyətini təkcə “Qarabağ” daşıya biləcək, yoxsa digər klublarımız da çiyinlərini yükün altına qoyacaqlar? 

Təmsilçilərimizin hazırkı durumu, çatışmazlıqları, avrokuboklardakı perspektivlərini müzakirə etmək üçün futbol mütəxəssisi Bəxtiyar Musayevlə söhbətləşdik. Millinin keçmiş yarımmüdafiəçisi old.pressklub.az saytına müsahibəsində klublarımızın problemlərinə toxundu, gözləntilərini dilə gətirdi...

“O, “Qarabağ”a çox xeyir verəcək”

- Avrokubok təmsilçilərimiz - “Qarabağ”, “Sabah”, “Neftçi” və “Qəbələ”nin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?

- İlk növbədə onu deyim ki, klublarımız Avropada Azərbaycan futbolunu təmsil edəcək və mən hər birinə uğurlar arzu edirəm. “Qarabağ” heyətini, demək olar ki, qoruyub. “Sabah”da da əsas heyət üzvlərini saxlayıblar, üstəlik, bir neçə transfer ediblər. Təmsilçilərimizdən bu iki komanda daha hazırlıqlı görünür. “Qəbələ”də yarpaq tökümü oldu, bir neçə aparıcı futbolçu komandanı tərk etdi. Yeni gələnlərin nə dərəcədə faydalı olacağını zaman göstərəcək. “Neftçi”də isə vəziyyət tam fərqlidir. Bir neçə futbolçu komandadan getdi, əvəzində hələlik Filip Ozobiç və Emil Balayevi transfer ediblər. Komanda Rusiyadakı turnirə baş məşqçisiz qatıldı. Rusiyadakı oyunlar da göstərdi ki, “Neftçi” Konfrans Liqası oyunlarına heç hazır deyil.

- Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” yoluna davam etmək üçün Cəbəllütariqin “Linkoln” klubunu mübarizədən kənarlaşdırmalıdır. Əksəriyyət Azərbaycan çempionunun bu mərhələni asanlıqla keçəcəyini düşünür...

- Püşk baxımından “Qarabağ”ın bəxti gətirib. Daha güclü klublarla qarşılaşa bilərdi. Bununla belə, “Linkoln”u zəif komanda hesab etmirəm. Çünki 2021/2022 mövsümündə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Zəif komanda heç vaxt qruplara düşə bilməz. Təbii ki, favorit “Qarabağ”dır. İnanıram ki, “Qarabağ” ilk mərhələdə ciddi maneə ilə üzləşməyəcək.

- Yay fasiləsində "Qarabağ"dan Ramil Şeydayev, Musa Qurbanlı və Filip Ozobiç kimi futbolçular ayrıldı, son günlərdə isə Kevin Medinanın da ağdamlılarla vidalaşacağı haqda xəbərlər yayılıb. Əvəzində komandaya Hamidu Keyta və Juninyo cəlb edilib. "Qarabağ"ın heyətinin zəiflədiyini demək olarmı? Gedənlərdən kimin yoxluğu daha çox hiss olunacaq?

- Düzdür, “Qarabağ”dan bir neçə futbolçu ayrıldı. Ancaq bu, komandaya problem yaratmamalıdır. Çünki “Qarabağ” hələ qış fasiləsindən heyətinə yeni futbolçular qatmışdı. Sadəcə, bir az uğursuzluq yaşandı. Yeni gələn oyunçular - Yassin Benzia və Adama Diakabinin zədələrlə bağlı problemləri oldu. Şükürlər olsun ki, indi həmin futbolçuların vəziyyəti qaydasındadır. Məncə, onların avrokuboklarda komandaya çox faydası dəyəcək. Redon Cicanı da bu siyahıya əlavə etməliyik, o da adaptasiya dövrünü keçib. Üstəlik, yayda iki yeni futbolçu - Keyta və Juninyonu transfer ediblər. Daha çox Juninyonu vurğulamaq istəyirəm. Onun komandaya çox xeyir verəcəyinə inanıram. “Qarabağ”ın zəiflədiyini düşünmürəm, əksinə hazırda daha möhtəşəm görünür. Komandada hər mövqedə rəqabət var.

“Kaşukun yerini doldurmaq asan olmayacaq”

- Ramil, Musa və Medina kimi əsas heyət üzvlərinin gedişinə razı olduğuna görə “Qarabağ”ı qınayanlar da var. İndiki məqamda hansı “Qarabağ”ın daha çox xeyrinədir: futbolçuların satışından pul qazanmaq, yoxsa əsas heyət üzvlərinin qalıb avrokuboklarda komandaya kömək etməsi?

- Ramil komandanı tərk etdi. Medinanın da gedişi gündəmdədir. Qurban Qurbanov “Qarabağ”da ən yaxşısını etməyə çalışır. Ramilə Tailand karyerasında uğurlar arzulayıram, öz balamız, öz qardaşımızdır. Açığı, Şeydayevin gedişinin “Qarabağ”a zərbə vuracağını düşünmürəm. Musa avrokubok matçlarında çox oynamırdı. Bununla belə, ən perspektivli gənclərimizdəndir. İldən-ilə artırdığını gördük, yüksələn qrafikdə çıxış edir. Onun da “Qarabağ”dan gedişinə təəssüflənmirəm. Çünki azərbaycanlı futbolçuların legioner həyatı yaşamasını istəyirəm. Musanın əlinə yaxşı şans düşdü, o da doğru qərar verib imkanı dəyərləndirdi. Qurban Qurbanov nə etdiyini çox yaxşı bilən mütəxəssisdir. İnşallah, gedənlər üçün gözümüz arxada qalmaz, gələnlər daha faydalı olar.

- "Qarabağ" "Linkoln"u mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaları da "Qarabağ"ın dişinə görə rəqib adlandırmaq olar...

- “Rakuv” - “Flora” cütünün favoriti polyaklardır. “Qarabağ”ın isə Polşa komandaları ilə oyunlarda böyük üstünlüyü var. Ancaq hələ bu barədə danışmaq tezdir, çünki ilk növbədə “Linkoln” səddi keçilməlidir. Növbəti mərhələdə “Rakuv” düşsə belə, “Qarabağ” onu da adlaya bilər. Polşa futboluna, klublarına yaxşı bələdik. “Qarabağ” polyaklara hər dəfə qalib gəlsə də, “Rakuv”u asan rəqib saymaq olmaz.

- Keçək tarixində ilk dəfə avrokubokda iştirak edəcək "Sabah"a. Bu komanda Premyer Liqanın son mövsümündəki çıxışı ilə adından söz etdirməyi və Konfrans Liqasına vəsiqə qazanmağı bacardı...

- “Sabah” avrokuboklarda debüt etmək hüququ qazanıb. Bu nəticəyə imza atacaqlarını gözləyirdim. Çünki Murad Musayevin gəlişindən sonra ilk mövsümdəcə komandanın oyun planında böyük dəyişikliyin şahidi oldum. Onun rəhbərliyi altında “Sabah” tam fərqli futbol oynamağa başladı.

- "Sabah"ın da heyətində müəyyən dəyişikliklər baş verib. Aleksey Kaşuk və Abdulaye Ba kimi aparıcı futbolçular komandanı tərk ediblər. Onların, xüsusən də, Kaşukun gedişi "Sabah"a problem yaratmayacaq?

- Kaşuk artıq komanda ilə birlikdə deyil. O, “Sabah” üçün çox önəmli fiqur idi. Göstərdiyi oyun, vurduğu qollar və məhsuldar ötürmələri ilə “Sabah”ın qələbələrinə böyük töhfə verib. Gedənlərin yerinə Sofian Çakla, Jarl Marqarita, Vinsent Till kimi legionerlər alınıb. Amma razıyam ki, Kaşukun yerini doldurmaq asan olmayacaq. Onun gedişi “Sabah” adına təəssüf doğurur.

“Kubokun finalında qalib gəlmək “Neftçi”nin borcu idi”

- "Sabah" Konfrans Liqasında "Makedoniya" (Şimali Makedoniya) - RFS (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Komandanın debüt ilindəki şanslarını necə dəyərləndirirsiz?

- Püşk “Sabah”ın bəxtinə münasib rəqib salıb. Çünki siyahıda daha iddialı klublar var idi. İnanıram ki, “Sabah” rəqibin kimliyindən asılı olmayaraq, şansını yaxşı mənada dəyərləndirəcək və növbəti mərhələyə adlayan tərəf olacaq.

- "Sabah"ın baş məşqçisi Murad Musayev avrokuboklar öncəsi iddialı danışıb. Musayevli "Sabah"dan Konfrans Liqasındakı ilk ilində hansı nəticəni gözləmək olar?

- “Sabah” ilk dəfədir Konfrans Liqasında çıxış edəcək. Murad Musayev əvvəl işlədiyi klubda Çempionlar Liqası, avrokubok təcrübəsi qazansa da, “Sabah”ın elə təcrübəsi yoxdur. Təcrübəsizlik öz sözünü deyə bilər. Ümid edək ki, bu komanda belə problemlə qarşılaşmayacaq və bacardığı qədər irəliləyəcək. Çox istərdik ki, “Sabah” Konfrans Liqasında ilk ilindəcə qrup mərhələsinə vəsiqə qazansın. Amma belə oyunlarda komandanın təcrübəyə ehtiyacı olur.

- "Neftçi" ötən mövsümdə çempionatda və ölkə kubokunda ümidləri doğrultmadı. Azarkeşlər haqlı olaraq komandanın çıxışından narazı qaldılar. "Neftçi"nin uğursuz çıxışının səbəbini nədə görürsünüz?

- “Neftçi” ötən mövsüm çox zəif çıxış etdi. Üçüncü yer “Neftçi” üçün zəif nəticədir, üstəlik, kuboku da qazana bilmədilər. Özü də kubokun finalında nə “Qarabağ” var idi, nə də “Sabah”. “Qəbələ” komandasını aşağılamaq istəmirəm. Amma büdcəsinə və heyətinə görə “Neftçi”nin borcu idi ki, kubokun finalında “Qəbələ”yə qalib gəlsin. Di gəl ki, bacarmadılar. Uğursuz çıxışın əsas səbəbi klub rəhbərliyinin yanlış məşqçi seçimi və qurulan heyət idi. Bu amillər uğursuzluqda birbaşa rol oynadı. Laurentsiu Regekampfın gəlişindən sonra Konfrans Liqasındakı ilk oyunlarına baxanda məşqçinin işi - heyət seçimi, oyuna müdaxilələri məni yaxşı mənada təəccübləndirməmişdi. İlk oyunlardan gördüm ki, onda böyük məşqçi potensialı yoxdur. Bu səbəbdən də “Neftçi” ötən mövsüm fiasko yaşadı.

- "Neftçi" mövsüm bitəndən sonra baş məşqçisi ilə yollarını ayırdı. Amma keçən il olduğu kimi, yenə yeni baş məşqçini gətirməkdə gecikdilər. Bu, klub rəhbərliyinin qeyri-peşəkarlığının növbəti təsdiqi deyilmi?

- “Neftçi”də keçənilki hadisələr bu il də təkrarlandı, hətta budəfəki təyinat daha da uzandı. Məşqçi seçimində çox yubandılar. Halbuki bu məsələdə “Neftçi” rəhbərliyi uzaqgörən olmalıydı. Hazırlıq dönəminə kimi məsələni həll etmək üçün bir-iki məşqçinin arxasınca düşmək yox, bir neçə mütəxəssislə danışıq aparmalıydılar. Mətbuatdan oxuduğumuza görə, Sərgən Yalçınla danışıqları alınmadı. B planları isə çox vaxt aldı. “Neftçi” indi heç də yaxşı durumda deyil. Konfrans Liqasına təxminən 10 gün qalmış gələn məşqçinin nəsə edəcəyini gözləmək olmaz. Yeni komanda, yeni heyət qurmaq asan məsələ deyil. “Neftçi” çox gecikdi və bunda klubdakı hər kəs günahkardır. Daha operativ davranmaq lazım idi.

“Neftçi”nin uğursuzluğundan hər kəsə pay düşür, eləcə də klub prezidentinə”

- Nəhayət, “Neftçi”nin yeni baş məşqçisinin adı dəqiqləşdi. Ötən illərin məşhur futbolçusu Adrian Mutudan nə gözləyirsiniz?

- Mutunun məşqçilik bacarığı ilə bağlı bir söz deyə bilmərəm. Çünki onun hazırlaşdırdığı komandaların oyununu izləməmişəm. “Neftçi” üçün xeyirli-uğurlu olsun. Ümid edirəm ki, bu dəfə yanlış qərar verməyiblər.

- Uğursuz nəticələrə görə "Neftçi"nin prezidenti Kamran Quliyev başda olmaqla, rəhbərliyin bir neçə üzvünün istefaya göndəriləcəyi haqda xəbərlər dolaşır. Kamran Quliyevin "Neftçi"dəki limitinin çoxdan bitməsi fikri ilə razısızmı?

- “Neftçi”, doğrudan da, son çempionatda çox zəif çıxış etdi. Burada məşqçi və futbolçularla yanaşı, klubdakı hamını günahlandırmaq olar. Uğursuzluqdan hər bir kəsə pay düşür, eləcə də “Neftçi”nin prezidentinə. Azarkeşlər də narazıdırlar, onlar “Neftçi”dən həmişə çempionluq mübarizəsi tələb edirlər. Düzdür, bir dəfə çempion ola bildilər. Amma təəssüf ki, onun davamını gətirməyi bacarmadılar. “Neftçi” ölkə çempionu olan ildə də Avropada tam fiaskoya uğradı. Həm Çempionlar, həm Avropa, həm də Konfrans Liqasında ümidləri doğrultmadı.

- Yeri gəlmişkən, “Neftçi” Konfrans Liqasında “Jelezniçar” (Bosniya və Herseqovina) - “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq...

- “Neftçi” üçün də püşkü uğurlu saymaq olar. Komanda dişinə görə rəqiblərlə qarşılaşmaq şansı qazanıb. Belarus futbolu indi tənəzzüldədir, onlarda çox geriləmə var. Məlum məsələlərə görə, hazırda Belarusda legionerlər duruş gətirməyib ölkəni tərk edirlər, güclü əcnəbi oyunçuları cəlb edə bilmirlər. Bosniya və Herseqovina klublarının isə Avropa arenalarında yaddaqalan çıxışı yoxdur. Bu mənada, püşkün nəticəsi “Neftçi” üçün qənaətbəxşdir. “Neftçi”nin kapitan və lideri Emin Mahmudovu heyətində saxlaması yaxşı oldu. Əvəzində bir neçə oyunçu ilə yollar ayrıldı. Və yenə də “Neftçi” transfer məsələlərində gecikir. “Neftçi”nin, demək olar ki, hər mövqedə güclənməyə ehtiyacı var. Hazırlıq dönəmi çox vacib idi, onun da böyük qismini baş məşqçisiz keçirdilər.

“Qəbələ”nin Konfrans Liqasında işi çətindir”

- "Neftçi"nin yeni mövsümdə qarşısına konkret çempionluq missiyası qoyulduğu, buna görə hətta klubun büdcəsinin artırıldığı haqda məlumatlar yayılıb. Sizcə, "Neftçi" yeni mövsümdə "Qarabağ"ın hegemonluğuna son qoya biləcəkmi?

- Biz də mətbuatdan oxuyuruq ki, “Neftçi” bu il fərqli olacaq. Eşidirik ki, komanda üçün daha yaxşı şərait yaradılır. Amma bu gedişlə “Neftçi”ni nəinki “Qarabağ”ın hegemonluğuna son qoymaq, heç “Sabah”a yaxınlaşmaq iddiasında da görmürəm. “Neftçi” kimi komanda indi bərbad vəziyyətdədir. Əsas hazırlıq dövrü idi. Çünki hazırlıq dövrü komandanın formalaşması baxımından Konfrans Liqası ilə yanaşı, çempionat oyunlarına da siraət edəcək. Lakin “Neftçi” yenə gecikdi. Bu gedişlə “Neftçi” “Sabah”la ikincilik mübarizəsinə də qoşula bilməz.

- Ötən mövsüm yaxşı nəticəyə imza atan "Qəbələ"nin yayda daha da güclənəcəyi, klubun büdcəsinin artırılacağı gözlənilirdi. Lakin belə olmadı, əvəzində komandanın bir neçə aparıcı oyunçusu daha sərfəli təklif qarşılığında klubu tərk etdi...

- “Qəbələ”yə ötən mövsümdəki çıxışına görə alqış düşür. Güclü rəqiblər arasında rəqabətə tab gətirərək həm ölkə kubokunu qazandılar və Konfrans Liqasına vəsiqə əldə etdilər, həm də çempionatda 4-cü yeri tutdular. Əfsuslar olsun ki, aparıcı oyunçularını qoruya bilmədilər. Görünür, klubun büdcəsi buna imkan vermədi. Düzdür, bəzi yeni futbolçular cəlb ediblər. Amma həmin oyunçuların hazırda hansı formada olduqlarını bilmirəm. Keçənilki inamlı “Qəbələ”nin daha da güclənəcəyini gözləyirdik, əksinə, gerilədilər. Hələ ki xüsusi transfer etməyiblər, onlar da gecikirlər. Bu səbəbdən Konfrans Liqasında çətinliklə üzləşə bilərlər.

- Aparıcı futbolçuları ilə vidalaşmış "Qəbələ" Konfrans Liqasında “Omoniya” ilə qarşılaşacaq. Razısızmı ki, klublarımızın rəqibləri arasında ən çətini məhz “Qəbələ”nin bəxtinə düşüb?

- Bəli. “Qəbələ”nin Konfrans Liqasında işi çətin görünür. Rəqib yetərincə təcrübəli komandadır. Kipr klubu müntəzəm olaraq Avropa arenasında çıxış edir. “Qəbələ” heyətini qoruya bilmədi. Buna görə də Elmar Baxşıyevin işi çətindir. Ümid edirəm ki, yenidən normal komanda formalaşdırmaqla bunun öhdəsindən gələ biləcək. Amma vaxt gedir. Çatışmazlıqları tez bir zamanda aradan qaldırmaq lazımdır.

Rizvan Babayev