Logo
news content
User
Kateqoriyalar

Analitika

Nazirlər Kabinetinin qərarı ciddi narazılıq yaradıb

Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik etməsi ciddi narazılıq yaradıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bundan sonra ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi. Həmçinin, bundan sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1000 ABŞ dolları idi.

Deputat Elnur Allahverdiyev bu qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsi ilə ziddiyyət təşkil etdiyini bildirib:

“Təsəvvür edirsiniz, cəmi 800 dollar. Yəni, bu 1500 ABŞ dolları nə böyük rəqəmdir ki, onu da endirib 800 dollara salmışıq? Aydın məsələdir ki, bu qərar güzəranını xırda biznesə bağlamış vətəndaşların dolanışığına ciddi zərbə vuracaq. Gəlin, ticarəti qoyaq kənara, tutaq ki, sıravi vətəndaş xaricdən qiyməti cəmi 1000 dollar olan əşya və yaxud ailəsinə geyim alıb. Bundan gömrük rüsumu tutmaq absurd deyilmi? Gömrüklə bağlı qəbul edilən bu dəyişiklik çox ciddi yanlışlıqdır".

Deputat güzəştlərin birdən-birə 3 dəfə azaldıldığını, buna hansısa izahatın olmadığını vurğulayıb:

"Bunun bir izahı var görəsən? Açığı, mən bu dəyişiklikləri düşünənləri başa düşməkdə çətinlik çəkirəm. Görəsən, onların alış-veriş nöqtələrindən xəbərləri varmı? Ölkədə iri ticarət mərkəzləri bağlıdır. Fərdi qaydada işləyən mağazalara girsəniz, tutaq ki, geyim biznesi ilə məşğul olanlara - görəcəksiniz ki, mövsümə aid bir dənə olsun yeni nümunə yoxdur. Payız qapıdadır, satılan isə yay mallarıdır. İnsanlar bu səbəbdən üz tutublar onlayn sifarişə. Həm istədikləri tərzdə, həm də mövsümə görə sifarişlərini edirlər. İndi təqribən 500 manatdan yuxarı məbləğdə sifarişlərinə rüsum ödəməlidirlər. Məncə, bu qərar çox ciddi yanlışlıqdır”.

İqtisadçı Rövşən Ağayev "old.pressklub.az"a bildirdi ki, bu, az gəlirli istehlakçı təbəqəsinin maraqlarına zərbə vuran, itirdiyi neft gəlirlərinin müxtəlif vasitələrlə kompensasiya etməyə çalışan hökumətin büdcə maraqlarına xidmət edən qərarıdır:

"Onsuz da son illər gömrük xidmətinin fiskal əhəmiyyəti xeyli dərəcədə artıb. Hazırda büdcənin hər 6 manatından 1 manatı gömrükdən gəlir. Bu qərar, həmçinin, müxtəlif məhsullar bazarında hökmran mövqeyi olan iri idxalataçı şirkətlərin maraqlarına uyğundur. İnsanların sifariş əsasında poçtla, yaxud xaricdən özləri ilə gətirdikləri mallar az da olsa, bazarda qiymətlərə, habelə idxalçı şirkətlərinin qiymətqoyma davranışına təsir edə bilirdi".

İqtisadçı qeyd etdi ki, qərar orta və az gəlirli istehlakçı təbəqəsinin maraqlarına zərbədir: "İstənilən halda, zəngin istehlakçıların qiymət problem yoxdur”.

Deputat Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, 1000 dollar həddinin 300 dollara endirilməsi məsələsində problem var:

"Gömrük Komitəsinin sədri ilə, idarə rəisi ilə danışdım. Onların dediyinə görə, problem odur ki, burada vergidən yayınma var. Müəyyən qədər mal gətirərək kifayət qədər vəsait əldə edirlər, amma vergi ödəmirlər. Əgər müəyyən şəxslər bu məsələyə gəlir mənbəyi kimi baxırsa, vergi ödəməlidirlər".

V.Əhmədovun sözlərinə görə, iş adamı olaraq mal gətirənlər var, rüsumlar, vergilər ödəyirlər, ona görə də malı ucuz sata bilmirlər, baha qiymətə də alan olmur.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı açıqlamada isə qeyd olunur ki, vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində Azərbaycanın iqtisadi mənafeyinin, təhlükəsizliyinin, daxili bazarının qorunmasında və dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir:

"...Son illər fiziki şəxslər... tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün... gömrük ödənişlərindən yayınma, həmçinin, qeyd olunan malların qaçaqmalçılığı halları artıb”.

Turqut