Logo
news content
User
Kateqoriyalar

Analitika

Müxalifətçi fəala 10 il cəza... 
Karton, kağız, plastik və məişət tullantılarını çeşidləyib, təhvil verməklə məşğul olan AXCP üzvü Aqil Hümbətov bıçaqlama hadisəsində günahkar bilinərək ağır cəzaya məhkum edilib 

Sosial mediada tez-tez canlı yayım açaraq hökuməti tənqid edən, uşaqpulu verilməsini tələb edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Aqil Hümbətova 10 il həbs cəzası verilib. Noyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi əsasında hökm çıxarılıb. A.Hümbətov yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsi bıçaqlamaqda təqsirli bilinib.

A. Hümbətov təqsirsiz olduğunu, hökumətin ünvanına səsləndirdiyi tənqidlərə görə siyasi sifarişlə cəzalandırıldığını deyir. O, məhkəmədə ifadəsində bildirib ki, Yamən Məmmədov özü özünə xəsarət yetirib.

Məişət tullantılarını çeşidləyib təhvil verməklə, yaşadığı qəsəbədə bəzi sakinlərin tullantılarını atmaqla pul qazanıb ailəsini saxlayan Aqil Hümbətov üç azyaşlı uşaq atasıdır. Onun dediyinə görə, bu ilin avqustunda – hadisə günü, axşam saat 19.00 radələrində Yamən Məmmədovun ailə üzvləri onu zibillərini atmağa çağırıb. Gedib həyətə çatandan az sonra Yamən Məmmədov həyətə daxil olaraq onunla mübahisə edib. “Qəfildən bıçağı çıxarıb, özünü vurdu. Dərhal da polislər tökülüşdü. Onda başa düşdüm ki, bu təxribat imiş, əvvəlcədən plan qurulub”, - deyən Aqil Hümmətov hadisədən sonra Xəzər rayon Polis İdarəsinə aparıldığını söyləyir. Orada işgəncələrə məruz qaldığını iddia edən cəbhəçinin sözlərinə görə, hətta zorlanmaqla da hədələnib: “Məcbur olub, onların dediyi etiraf ifadəsinə imza atdım. Halbuki, mənim o hadisəyə aidiyyətim yoxdur”.

Noyabrın 15-də hökmdən əvvəl məhkəmədə son sözünü deyən Aqil Hümbətov bildirib ki, cinayət işinin materiallarında çoxsaylı saxtakarlıqlar var: “Onlardan biri də təcili yardıma zəng məsələsidir. Guya Yamən Məmmədovun anası zəng eləyib. Amma biz müəyyənləşdirdik ki, təcili yardıma “215”lə başlayan telefon nömrəsindən zəng olunub. O nömrə də polis rəisinin müavini İlhama məxsusdur”.

Aqil Hümbətov iddia edir ki, onun həbs olunması üçün sifariş yuxarılardan gəlib. Çünki çıxışlarında ölkə rəhbərliyini tənqid edirdi. 

Aqil Hümbətovun vəkili Nemət Kərimli “Press Klub”a bildirdi ki, hökm əsassız və ədalətsizdir. Müdafiəçinin sözlərinə görə, məhkəmə zəruri araşdırmalar aparmadan, lazım olan ekspertizalar keçirmədən hökm çıxarıb: 

“Bu məhkəmə prosesində Aqil Hümbətovun cinayət törətməsi – Yamən Məmmədova bıçaqla xəsarət yetirməsi sübuta yetirilmədi. Əksinə, cinayət işiylə bağlı çoxsaylı ziddiyyətlər, suallar ortaya çıxdı. Təəssüf ki, məhkəmə bunların heç birini araşdırmadı. Heç bizə də araşdırmağa imkan vermədi. Vəsatətlərimizin heç biri təmin olunmadı”.

Vəkil hökmdən apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Aqil Hümbətov 2020-ci il martın 29-da “Facebook” hesabında tənqidi çıxışlarından birindən sonra Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinə aparılıb, daha sonra bölməyə çağırılan təcili yardım maşınıyla Maştağadakı 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Orada üç gün saxlandıqdan sonra Sabunçu rayon Məhkəməsinin qərarıyla xəstəxanadan buraxılmasına qərar verilib. Bundan bir gün sonra Bakı Apellyasiya Məhkəməsi əvvəlki qərarı ləğv edərək A. Hümbətovun 2 ay Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicəsi barədə qətnamə çıxarıb. Əvvəlki qərarı verən Sabunçu rayon Məhkəməsinin hakimi isə az sonra hakimlikdən uzaqlaşdırılıb.

Aqil Hümbətovun psixiatriya xəstəxanasında saxlanma müddəti sonradan uzadılıb və o, 4 ay sonra evə buraxılıb. Cəbhəçi fəal bundan əvvəl də bir neçə dəfə inzibati qaydada həbs olunub. 

Gülər