Logo
news content
User
Kateqoriyalar

Analitika

Müharibə və rəsmi sükut...
Milli Məclis sərhəddə baş verənlərə reaksiya vermədi, hökumət isə bu mövzunu çoxdan bağlayıb

Dünən Milli Məclisin növbəti iclası keçirilsə də bir gün əvvəl - noyabrın 16-da Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində baş verən hərbi toqquşmalar müzakirə edilmədi. İnsident zamanı Azərbaycan ordusunun 7 hərbi qulluqçusu şəhid olmuşdu, 10 nəfər yaralımız var, rəsmi məlumatlara görə, ordumuz Ermənistanın nəzarətində olan bir neçə yüksəkliyi nəzarət altına alıb, düşmənin 1 əsgəri ölüb, 13 hərbçisi əsir götürülüb, 24 nəfərdən isə xəbər yoxdur. Rusiya müdafiə naziri Sergey Şoyqu general Muradovu təcili Bakıya və İrəvana göndərib... Hadisələrin miqyası göstərir ki, Azərbaycan dövləti, cəmiyyəti kifayət qədər gərgin gün yaşayıb. Amma bu gərginlik, parlamentin gündəminə yansımadı, təəccüblü və təəssüfləndiricidir...

Cəbhədəki insident, təbii ki, ölkə gündəminin əsas hadisəsidir, cəmiyyətdə qızğın müzakirələr gedir, ortada çoxlu suallar var. Ən əsası, hökumətin açıqlamalı olduğu xeyli məsələlər var. Çünki Müdafiə Nazirliyinin bir neçə açıqlamasından, Xarici İşlər Nazirliyinin bir quru bəyanatından başqa ortada heç nə yoxdur. Bir də rəsmi mənbələr ölkə başçısının Avropa Şurasının prezidenti Şarl Mişellə telefon danışığından bir hissə yayımlamışdılar. 

Parlament isə ümumiyyətlə, susub, əslində ən azı müdafiə naziri, prezidentin köməkçiləri Milli Məclisə gəlib baş verən insident haqqında deputatlara və ictimaiyyətə məlumat verməli, onların suallarını cavablandırmalıydılar. Hökumət bu vəzifəsindən boyun qaçırırsa, deputatlar onların məsuliyyətsizliyini sorğulamalıydılar.

Tək bu hadisə deyil, ümumiyyətlə, Milli Məclislə cəmiyyətin gündəmi həmişə fərqli olub. Parlament üzvləri hökumətin ağzına baxır, hökumət isə təəssüf ki, heç xalqın üzünə baxmır, nə istədiyini dinləmək belə istəmir. 

Əlbəttə, hazırkı Milli Məclisdən böyük gözləntilərə qapılmaq özünü aldatmaq olardı. 9 fevral seçkisi, deputatların hansı meyarla seçilməsi, onların tezis-tapşırıqla hərəkət etməsi məlumdur, onlar cəmiyyətin iradəsini nümayiş etdirə bilməzlər. Deputatların əsas vəzifəsi onları o posta təyin edən hökumətin maraqlarını ifadə etməkdir, bundan kənar fəaliyyətə icazə verilmir. 

Amma cəbhə xəttində baş verən hadisələr sıradan məsələ deyil, cəmiyyət narahatdır, məlumatsızdır, "nə baş verir", "niyə baş verir", "bizi nə gözləyir" kimi suallara cavab axtarır. Həm də qarşı tərəfdə - Ermənistandakı hakimiyyət sisteminin xalqla necə operativ, hesabatlı işlədiyini seyr edib məyus olur. 44 günlük müharibədə bizə məğlub olmuş, siyasi təlatümlər içində olan ölkədə hansı mənzərəni görürük? Parlament bütün günü işləyir, Baş nazir az qala hər gün çıxıb hesabat verir, danışır, Təhlükəsizlik Şurası tez-tez toplaşır, hökumətin iclasları keçirilir və bütün fəaliyyətlərdən cəmiyyətə tam informasiya verilir. Media qurumları xəbər bolluğu içində üzürlər... Bütün bunlar ölkədə böhranı nəinki dərinləşdirir, əksinə siyasi sistemi hər hansı kataklizmlərdən sığortalayır. Gizli heç nə yoxdur, cəmiyyətin hər şeydən, siyasi qüvvələrin mövqelərindən, planlarında tam xəbər var. Küçədə etirazlar, parlament divarları arasında etirazlar, senzurasız mediada kəskin tənqidlər bu iddiası ilə gücü bir araya sığmayan balaca ölkəni bizim rəsmilərin təbirincə desək, dağıtmır, əksinə, daha dinamik hala gətirir.

Azərbaycanda da Təhlükəsizlik Şurası, Nazirlər Kabineti, Xaric İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Məclis var. Nəinki 16 noyabr hadisələrində, heç 44 günlük müharibədə belə bu qurumların fövqəladə iş rejimində çalışdığını görmədik. Müharibədən keçən bir il ərzində münaqişə ilə bağlı çoxsaylı hadisələr baş verib, gərginliklər yaşanıb. Məsələn, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı özbaşınalıqları ilə bağlı hökumət qurumlarından bir informasiya almaq belə mümkün olmayıb. Yaxud, İranla 2 ay soyuq müharibə apardıq, amma bu "müharibə" mediada və bağlı qapılar arxasında getdi. Prezidentin dediklərindən başqa rəsmi şəxslərin doğru-dürüst bir açıqlaması olmadı. Gorus-Qafan yolu, bağlandı, açıldı, yenidən gömrük postu qoyuldu, yenə də aidiyyatı qurumlardan bir kəlmə informasiya qoparmaq mümkün olmadı. Azərbaycan mediası Ermənistanın, Rusiyanın, İranın KİV-lərindən informasiyaları kopyalayıb yaymaqla, bir də yerli ekspertlərdən açıqlamalar almaqla kifayətlənməyə məcbur oldu. Rəsmi şəxslərdən birini də mikrofon qarşısında görmədik. 

Regionda, ölkədə taleyüklü proseslərin getdiyi bir ərəfədə cəmiyyətin bu qədər kənarda, informasiyasız saxlanılması, ona hər hansı hesabat verilməməsi arzuolunmaz haldır. Belə situasiyalarda xalq-hakimiyyət tandemi daha güclü olmalıdır, onların bağları isə şəffaflıq və hesabatlılıqdan keçir. Müşahidə etdiyimiz saymazlıq hökuməti gücləndirmir, əksinə, zəiflədir. Cəmiyyətə, mətbuata qarşı hörmətsiz davranış hökumətə, parlamentə hörmət gətirmir, ona etimadı zəiflədir. Bu tendensiyanın nə qədər davam edəcəyi məlum deyil, amma ötən 1 ilin təcrübəsi göstərir ki, hökumət kifayət qədər rahatdır. Yəni ona belə rahatdır...

Turqut