Logo
news content
User
Kateqoriyalar

Analitika

Müdafiə sənayemiz nəyə hazırlaşır?
Ekspert: “Ordunun hansısa silahla həddən artıq təchiz edilməsindən söhbət getmir”

Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilir və bu sahələrin daha da inkişaf etdirilməsi prioritet sahələrdən biridir”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına müraciətində deyilir.

Son illərdə ölkəmizin müdafiə sənayesi çox sürətlə inkişaf edir. Mövcud istehsal sahələrinin müasir standartlara uyğun təkmilləşdirilməsi ilə yanaşı, yeni istehsal sahələrinin yaradılması üzrə işlər uğurla həyata keçirilir. Düzgün aparılmış islahatlar nəticəsində ölkəmizdə istehsal edilən müdafiə təyinatlı məhsulların çeşidi artırılıb və bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Həm Azərbaycanın Silahlı Qüvvələri müasir silah növləri ilə təchiz edilir, həm də dünya ölkələrinin müdafiə sənayesi şirkətləri istehsal etdiyimiz məhsullarla yaxından maraqlanırlar”, - deyə dövlət başçısı bildirib.

Mindən çox hərbi məhsul növü, əlbəttə ki, çox böyük rəqəmdir. Ortaya suallar çıxır. Birincisi, Azərbaycanın müdafiə sənayesi həqiqətənmi bu qədər silah istehsal edir? İkincisi, Azərbaycan ordusu bu silahlarla təmin olunandan sonra istehsal olunan məhsullar hara yönəldilməlidir? Yəqin ki, ixrac olunacaq. Belə çıxır ki, Azərbaycan dünyanın ən ciddi silah istehsalçıları və satıcılarından birinə çevrilməyi qarşısına məqsəd qoyub?

Pressklub.az-ın suallarını tanınmış hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə cavablandırıb.

Ekspert dərhal aydınlıq gətirib ki, söhbət min növdən deyil, mindən çox adda hərbi təyinatlı məhsuldan gedir. “Məsələn, güllələri götürək. Azərbaycanda üç növ tapança istifadə olunur və onların hər biri üçün ayrıca güllə tələb olunur – bu da sizə üç adda hərbi məhsul. Yaxud, iki kalibrli (5.45 və 7.62) köhnə sovet “Kalaşnikov” avtomatları. Daha müasir, o cümlədən Türkiyə istehsalı olan avtomatlar var. Tamamilə mümkündür ki, bizimkilər həm onların, həm də daha müasir tapançaların istehsalını qaydaya salıblar. Beləliklə, ancaq təkcə mənim sadaladıqlarım təxminən 10 adda məhsul edir. Bu, yalnız mövcud silahlara - tapançalara və pulemyotlara aiddir.

Üstəlik, deyək ki, onlar iri çaplı snayper tüfəngləri istehsal edirlər. Snayper tüfənginin özü bir məhsuldur, onun üçün nişangah hərbi məqsədli başqa bir məhsuldur, onun üçün patronlar üçüncü adda məhsuldur. Bundan əlavə, rabitə vasitələri, hər cür mobil əlaqə stansiyaları, qoruyucu vasitələr, ayaqqabılar, geyimlər var – bütün bunlar da hərbi məhsullardır”, - ekspert izah edib.

O, deyir ki, bizim bu gün beynəlxalq bazara da təqdim etdiyimiz məhsullar var, lakin təbii ki, onlar min adda deyil. “Mənim üçün indi sərgilərdə nə qədər və hansı növ hərbi məhsullar təqdim etdiyimizi demək çətindir. Bəziləri satılır, bəziləri yox. Amma silahlı qüvvələr qurulan zaman beynəlxalq bazarda bir dənə belə hərbi məhsul nümayiş etdirmədiyimizi nəzərə alsaq, bu istiqamətdə ciddi irəliləyişlər əldə etmişik və silah növlərimizə harada tələbat ola biləcəyi ilə bağlı istiqamətlər tapırıq”, - deyə hərbi analitik qeyd edib.

Onun sözlərinə görə, söhbət Azərbaycan ordusunun qədərindən artıq təchiz edilməsindən getmir. “Biz hansısa məhsul üçün sifariş götürüb, müəyyən dövlətin ordusu üçün bu sifarişi yerinə yetirə bilərik. Məsələn, hansısa bir ölkənin silahlı qüvvələri üçün üç hərbi katerin istehsalı ilə bağlı sifariş var. Bu o demək deyil ki, bizim öz ordumuzda lazımi sayda qayıq var, hətta ordumuz həddindən artıq təchiz edilib. Amma katerlərin satışından əldə edilən vəsait təbii olaraq hərbi istehsalın inkişafına qoyulan investisiyadır. Və bu vəsaitlə Azərbaycan özü üçün əlavə sayda eyni kater istehsal edə bilər.

Ordunun hansısa silah növləri ilə həddindən artıq təchiz edilməsi mümkün deyil. Müqayisə üçün qeyd edək ki, silahla həddən ziyadə təchiz edilmiş ordu sovet ordusu idi. Yəni anbarlar mərmi, raket və s. dolu idi. Bu anbarların əsas hissəsi Rusiya ərazisində qalsa da, Ukraynada iki il yarım davam edən müharibədən sonra görürük ki, bu ölkədə artıq müəyyən növ silah, sursat və s. çatışmazlıqlar var. Yəni ordu hər zaman çalışır ki, mümkün qədər çox silah və texnika əldə etsin. Yəni, həddən artıq təchiz edilmə olmayacaq”, - ekspert əmindir.

O, deyir ki, məhsullarımızın ixrac üçün beynəlxalq bazara çıxarılmasına gəldikdə, nəzərə almalıyıq ki, biznesin ən gəlirli və bahalı növlərindən biri də silah ticarətidir. “Söhbət təbii ki, “ağ” bazardan, rəsmi dövlətlərarası müqavilələrdən gedir. Bunlar istehsal üçün uzun zaman tələb edən bahalı məhsullardır və sifariş olmayana qədər bəzi silah növləri istehsal olunmur. Hələlik biz bu istiqamətdə kifayət qədər yaxşı inkişaf edirik. Ancaq nəyi, harada və nə qədər satdığımızla bağlı rəqəmlər gizli olduğundan və etibarlı məlumatlara çıxışım olmadığından, yalnız açıq mənbələrdə olanlara istinad edə bilərik. Hər halda, məlumdur ki, bu gün praktiki olaraq Azərbaycanın iştirak etmədiyi beynəlxalq müdafiə sərgiləri yoxdur. Yəni, ölkəmizin hərbi-sənaye kompleksi hər zaman bəzi nümunələri satışa çıxarır”, - deyə İsazadə yekunlaşdırıb.

Rauf Orucov