Logo
news content
User
Kateqoriyalar

Analitika

Moskvanın türk dünyasına dəvət olunması: Tokayev nə istəyir, bizi hansı risklər gözləyir
Ekspertlər Rusiyanın təşkilata qoşulmasını qeyri-real hesab edirlər

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2026-cı il oktyabrın 30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) XIII Zirvə görüşündə kifayət qədər gözlənilməz təkliflə çıxış edib – Rusiyanı TDT formatında əməkdaşlığa cəlb etmək. Tokayev ona müşahidəçi statusunun verilməsini və ya “TDT plus” formatından istifadə olunmasını təklif edir.

Qazaxıstan Prezidenti bildirib ki, Rusiya əsrlər boyu türk dünyası ilə əlaqələr saxlayıb, onun ərazisində tarixən türk xalqları yaşayıb. Bundan başqa, Qazaxıstanın fəal dəstəklədiyi “Altay – türk sivilizasiyasının beşiyi” adlı humanitar layihə də həyata keçirilir. Bununla əlaqədar o, Rusiyanın müşahidəçi qismində və ya əməkdaşlıq formatında iştirakının nəzərdən keçirilməsini təklif edib.

Bununla yanaşı, Tokayev vurğulayıb ki, Rusiyanın müşahidəçi qismində cəlb edilməsi və ya “TDT plus” formatına tamhüquqlu qoşulması bütün təşkilat üzvlərinə fayda gətirəcək düzgün və ədalətli qərar olardı.

Bir neçə gün sonra isə Kreml bu təklifə münasibət bildirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanın TDT-də iştirakı anlaşılan və məqsədəuyğun olardı, çünki Rusiya ərazisində tarixən çoxsaylı türk xalqları yaşayıb. Bununla belə, Peskov dəqiqləşdirib ki, hazırda Moskvaya rəsmi dəvət daxil olmayıb, lakin məsələ Qazaxıstanla ikitərəfli təmaslar zamanı gələcək müzakirələrin mövzusu ola bilər.

Peskov ayrıca vurğulayıb ki, söhbət Rusiyanın ayrı-ayrı regionlarının deyil, bütövlükdə ölkənin TDT-nin fəaliyyətinə qoşulmasından getməlidir. Baxmayaraq ki, Rusiya Federasiyasının bir çox subyekti tarixən türk xalqlarının yaşadığı ərazilərdir.

Xatırladaq ki, hazırda Türk Dövlətləri Təşkilatına 5 tamhüquqlu üzv (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan) və bir neçə müşahidəçi (o cümlədən Macarıstan və Türkmənistan) daxildir.

Etiraf etmək lazımdır ki, bu vəziyyət qeyri-adidir və bir sıra suallar doğurur. Prezident Tokayevi Rusiyanın TDT-yə cəlb edilməsi məsələsini gündəmə gətirməyə nə vadar edib? Hazırda qonşu dövlətə qarşı qeyri-insani təcavüz həyata keçirən bir ölkənin təşkilata qoşulması təklifini irəli sürməsinə hansı amillər səbəb ola bilər? Belə bir şəraitdə TDT-nin digər üzvləri Tokayevin təklifinə necə reaksiya verməlidirlər? Rusiyanın təşkilata mümkün üzvlüyü hansı risklər yarada bilər?

Pressklub.az bu sualları tanınmış xarici ekspertlərə ünvanlayıb.

Qazaxıstanlı politoloq və alim Jaksılıq Sabitov bildirib ki, Prezident Tokayevin Rusiyanın TDT-yə cəlb edilməsi məsələsini gündəmə gətirməsinin səbəblərindən danışarkən nəzərə almaq lazımdır ki, bu, böyük ölçüdə diplomatik manevrdir və TDT-yə üzv ölkələrin tərkibində real dəyişiklik etmək məqsədi daşımır.

“Rusiya siyasi elitası TDT-ni dost təşkilat kimi deyil, potensial risk mənbəyi kimi qəbul edir. Buna görə də, ümumilikdə, bu, sadəcə diplomatik manevrdir. Peskov da diplomatik cavab verərək bildirib ki, Rusiya belə bir təklifi nəzərdən keçirə bilər. Lakin reallıqda bu, heç bir nəticə verməyəcək. Bunlar adi diplomatik gedişlərdir.

Çoxvektorlu siyasət yürütmək cəhdi ondan ibarətdir ki, Tokayev Türk Dövlətləri Təşkilatının Rusiyanın milli maraqlarına təhdid kimi qəbul edilməyəcəyi bir vəziyyət yaratmağa çalışır. Türk inteqrasiyası təşəbbüslərində Türkiyə ilə yanaşı, Qazaxıstan da az rol oynamır. Lakin rusiyalı ekspertlər bu barədə az danışır və postsovet məkanındakı dövlətləri xarici siyasətin müstəqil subyektləri kimi deyil, şahmat taxtasındakı fiqurlar kimi qəbul edirlər. Onlar Türkiyəni müstəqil subyekt hesab edir, Mərkəzi Asiya dövlətlərinə isə bu cür yanaşmırlar.

Bu təşəbbüs, bir tərəfdən, Rusiyanı sakitləşdirmək, digər tərəfdən isə tərəflər arasında bərabər məsafəni qorumaq məqsədilə irəli sürülüb. Bununla belə, onun arxasında real addımlar dayanmır. Bu, daha çox ritualı xatırladır – “küçələrin təmizliyi uğrunda mübarizə”dir, lakin bu mübarizə real süpürmə ilə nəticələnməyəcək. TDT-nin digər üzvlərinin reaksiyası diplomatik baxımdan təmkinli olacaq, çünki heç kim Rusiyaya qarşı çıxmaq istəmir. Bütün təkliflər dinləniləcək və diplomatik nəzakətlə qarşılanacaq, amma real praktiki nəticələr doğurmayacaq.

Rusiyanın TDT-yə üzv olması ilə bağlı risk yoxdur, çünki Rusiya siyasi elitası bu təşkilatı nə tamhüquqlu üzvlük, nə də müşahidəçi statusu üçün platforma hesab edir. Hipotetik olaraq Rusiyanın təşkilata qoşulması halında risklər ilk növbədə elə onun özü üçün yaranardı: Moskva türk dövlətlərinə və öz ərazisində yaşayan türk etnoslarına münasibətdə yürütdüyü siyasəti izah etməli olardı. Rusiya bunu etməyəcəyinə görə, onun təşkilata qoşulması ehtimalı yoxdur”, – Sabitov əmindir.

Öz növbəsində, Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib ki, türk dövlətləri müstəqil siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığı məkanı yaradırlar.

“Orta Dəhliz inkişaf edir, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya arasında əlaqələr möhkəmlənir. Bəs bu məkanın təhlükəsizliyini kim təmin edəcək? Ən əsası isə kimdən qoruyacaq? Türk dövlətlərinin təhlükəsizliyi üçün əsas strateji təhdid Rusiyadan qaynaqlanır. Onun imperiya ambisiyaları, postsovet məkanına nəzarət etmək cəhdi və Ukraynaya qarşı təcavüzü Rusiyanın siyasəti ilə bağlı hər hansı illüziyaya yer qoymur.

Qazaxıstan mürəkkəb vəziyyətdədir. Rusiya ilə böyük uzunluğa malik sərhəd, iqtisadi qarşılıqlı asılılıq, Avrasiya İqtisadi İttifaqına (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük Astananı Moskvanın maraqlarını nəzərə almağa məcbur edir. Buna görə də Tokayevin təşəbbüsünü yalnız Rusiyayönümlü mövqenin təzahürü kimi qiymətləndirmək məsələyə sadələşdirilmiş yanaşma olardı. Yeri gəlmişkən, Rasim Musabəyov bu yaxınlarda YouTube-dakı proqramımızda maraqlı versiya irəli sürüb. Onun fikrincə, Tokayev sadəcə Ərdoğanın Şimali Kiprin TDT-də statusunun yüksəldilməsi təşəbbüsünə cavab olaraq Rusiyanın təşkilata cəlb edilməsini təklif etməklə bu addımı tarazlaşdırıb. Mərkəzi Asiya dövlətləri Kipr məsələsinə görə Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsində maraqlı deyillər. Bununla yanaşı, Rasim əmindir ki, Moskva real dəvət almayacaq. Bu versiya kifayət qədər məntiqlidir. Lakin Tokayevin motivlərindən asılı olmayaraq, daha ciddi bir problem mövcuddur.

Bu gün TDT çərçivəsində hərbi-siyasi ittifaqın yaradılması aktual strateji zərurətdir. Təşkilata üzv dövlətlər bu ittifaqın formalaşdırılmasına nə qədər tez başlasalar, bir o qədər yaxşıdır. Xarici təhdidlərdən bütün bunları birlikdə qorumaq imkanı olmadan nəqliyyat dəhlizləri qurmaq, iqtisadi inteqrasiyanı inkişaf etdirmək və yeni institutlar yaratmaq mümkün deyil. Təbii ki, türk dövlətlərinin maraqları və beynəlxalq öhdəlikləri fərqlidir. Qazaxıstan Türkiyənin Yaxın Şərqdəki münaqişələrində iştirak etməyə borclu deyil, Türkiyə də Mərkəzi Asiyanın bütün risklərini avtomatik olaraq öz üzərinə götürməməlidir. Məhz buna görə də gələcək ittifaqın qərar qəbuletmə mexanizmləri, öhdəlikləri və məsuliyyət sərhədləri dəqiq müəyyənləşdirilməlidir.

Azərbaycan və Türkiyə arasında hərbi-siyasi ittifaq təcrübəsi artıq mövcuddur. Bu təcrübəni inkişaf etdirmək və tədricən TDT-nin digər maraqlı üzvlərinə də şamil etmək lazımdır. Birgə müdafiə planlaşdırılması, hərbi təlimlər, müdafiə sənayesinin inkişafı və qarşılıqlı yardım mexanizmləri belə bir sistemin əsasını təşkil etməlidir. Bu ittifaq Rusiya, Çin və ya İranla qarşıdurma üçün deyil, heç bir xarici dövlətin türk dövlətlərinə öz iradəsini diktə edə bilməməsi üçün lazımdır.

Rusiyanın TDT-də mümkün iştirakına gəlincə, Bakının, Ankaranın və Daşkəndin belə bir qərarla razılaşacağını təsəvvür etmək çətindir. Moskva ilə əməkdaşlıq etmək lazımdır, coğrafiyanı heç kim dəyişə bilməz. Lakin Rusiyaya türk inteqrasiyasının strateji gündəliyinə təsir göstərmək imkanı vermək qətiyyən vacib deyil. Nəticə etibarilə, əsas məsələ Rusiyanı təşkilata dəvət edib-etməmək deyil, türk dövlətlərinin öz kollektiv təhlükəsizlik sistemini nə vaxt yaradacağıdır.

Hərbi-siyasi ittifaqlar birbaşa təhlükə yaranmazdan əvvəl yaradılmalıdır, həmin təhlükə artıq reallaşdıqdan sonra deyil. TDT-nin müstəqil geosiyasi güc mərkəzinə çevriləcəyi, yoxsa daha qüdrətli qonşularının mövqeyini daim nəzərə almağa məcbur olan dövlətlərin birliyi olaraq qalacağı məhz bundan asılıdır”, – Vasadze fikrini yekunlaşdırıb.

Rauf Orucov