Logo
news content
User
Kateqoriyalar

Analitika

Miqrantlar üçün yeni məhdudiyyətlər, yaxud “öz ayağına açılan atəş?”
Demoqrafik problemlər yaşayan Rusiya əmək miqrantlarından imtina etməyə çalışır

Rusiya Prezidenti Vladimir Putin ölkədə əmək miqrantlarının qalma qaydalarını sərtləşdirən qanunu imzalayıb. Sənəd hüquqi aktların rəsmi portalında dərc olunub.

Qanuna əsasən, Rusiyada yaşayan miqrantlar özlərini və ailə üzvlərini yaşadıqları region üzrə müəyyən edilmiş yaşayış minimumundan aşağı olmayan gəlirlə təmin etməyə borcludurlar. Bu tələb yerinə yetirilmədiyi halda, onların əmək patenti və ya iş icazəsi uzadılmayacaq, əcnəbilər isə azyaşlı övladları ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməli olacaqlar.

Sənəddə deyilir: “Əcnəbi vətəndaş eyni vaxtda Rusiya Federasiyasının iki və ya daha çox subyektində əmək fəaliyyəti göstərirsə, bu öhdəlik həmin regionlar arasında ən yüksək yaşayış minimumu nəzərə alınmaqla yerinə yetirilməlidir”.

Bundan başqa, qanuna görə, miqrantların övladları 18 yaşına çatdıqdan sonra ya əmək patenti rəsmiləşdirməli, ya da 30 gün ərzində Rusiyanı tərk etməlidirlər. Eyni zamanda, azyaşlı uşaqların müvəqqəti qalma müddəti onların valideyninin əmək patentinin qüvvədə olduğu müddətdən artıq ola bilməz.

Qanun həmçinin miqrantlara özləri və azyaşlı övladlarına fiziki şəxslərin gəlir vergisi (NDFL) üçün avans ödənişləri etmək öhdəliyi də müəyyən edir.

Maraqlıdır, bu məhdudiyyətlər hansı məqsədlə tətbiq olunur? Nəzərə alaq ki, bu, postsovet ölkələrindən olan əmək miqrantlarının Rusiya ərazisində işləməsini çətinləşdirən ilk qanunvericilik aktı deyil. Bu, həm də ona görə təəccüb doğurur ki, Rusiyanın öz əhalisi artmır, üstəlik, ağır və aşağı ixtisas tələb edən işlərdə çalışmaq istəyənlərin sayı da kifayət deyil. Bəs, Kremlin ilk baxışdan məntiqsiz görünən bu addımlarının arxasında duran əsl məqsəd nədir?

Tanınmış xarici ekspertlər mövzu ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüblər.

Rusiyalı politoloq, sosioloq, iqtisad elmləri doktoru, Chatham House-un (Kral Beynəlxalq Münasibətlər İnstitutu) Rusiya və Avrasiya Proqramının assosiativ tədqiqatçısı Vladislav İnozemtsev bildirib ki, onun fikrincə, burada hər şey kifayət qədər aydındır. Onun sözlərinə görə, bu qanun layihəsinin əsas məqsədi miqrantların işləməsi deyil, onların ailələri ilə birlikdə Rusiyada məskunlaşmaq cəhdlərinin qarşısını almaqdır.

Əmək miqrantları uzun müddət Rusiyaya müvəqqəti işləməyə gəlib, pul qazanıb və sonra geri qayıdıb, doğma ölkələri ilə əlaqələrini qoruyublar. Lakin 2010-cu illərin ortalarından etibarən Rusiyaya miqrasiya getdikcə Avropaya köç modelini xatırlatmağa başladı. Doğrudur, Rusiyada dövlətdən əldə edilə biləcək sosial təminatlar çox deyil və keçmiş müstəmləkələrdən gələnlər qarşısında hər hansı günahkarlıq kompleksi də mövcud deyil. Bununla belə, onların uşaqları məktəbdə təhsil almaq və pulsuz (hətta minimal səviyyədə olsa belə) səhiyyə xidmətlərindən yararlanmaq hüququna malikdirlər. Görünür, bir çox miqrant bunu kifayət qədər ciddi üstünlük hesab edir.

Böyük şəhərlərin kənar ərazilərində yerləşən məktəblərdə rus dilini ümumiyyətlə bilməyən uşaqların payı bəzən üçdə biri keçir. Görünür, yeni qanun hakimiyyətin bu uşaqları dolandırmaq və onların təminatını öz üzərinə götürməməsi üçün minimum maliyyə zəmanətinin olmasını tələb edir. Ən başlıcası isə odur ki, onların valideynləri nə vaxtsa geri qayıtmaq niyyətini saxlasınlar və Rusiyada birdəfəlik məskunlaşmağa çalışmasınlar. Qeyd edim ki, Putinin hakimiyyətini dəstəkləyən seçicilər belə bir perspektivi qətiyyən alqışlamırlar”, – İnozemtsev bildirib.

Rusiyalı politoloq, “Poistine” portalının baş redaktoru Ruslan Aysin isə hesab edir ki, yaranmış vəziyyət kifayət qədər paradoksaldır. Onun sözlərinə görə, Rusiya Federasiyasının Əmək Nazirliyinin məlumatına əsasən, hazırda ölkə iqtisadiyyatının normal fəaliyyəti üçün 5 milyon 200 min əmək miqrantına ehtiyac var.

Hazırda mənzil-kommunal təsərrüfatı və ticarətdən tutmuş fəhlə, mühəndis və tibb sahələrinədək demək olar bütün istiqamətlərdə ciddi işçi qüvvəsi çatışmazlığı müşahidə olunur. Məntiqli olardı ki, bu boşluqları MDB ölkələrindən gələn əmək miqrantları doldursunlar. Çünki onlar rus dilini bilirlər, eyni mədəni mühitə yaxındırlar, yerli mentaliteti anlayırlar, üstəlik, bir çoxunun Rusiyada dostları və ya qohumları yaşayır.

Lakin Rusiya hakimiyyəti növbəti dəfə məhdudlaşdırıcı qanunlar qəbul edir və bununla da onsuz da çevik olmayan sistemi daha da çətinləşdirir. Əmək miqrantları və onları işə götürənlər maksimum dərəcədə hüquq və imkan baxımından məhdudlaşdırılır. Elə şərait yaradılır ki, insanlar normal yaşayıb işləyə bilmirlər. Çoxsaylı qadağalar onların Rusiyada möhkəmlənməsinə imkan vermir. Hətta kimsə ölkəyə gəlsə belə, ailəsini gətirməyə qoyulan qadağa və ya yerinə yetirilməsi çətin olan əlavə öhdəliklər onu geri qayıtmağa məcbur edir. Çünki nəticədə insan öz ziyanına işləməyə başlayır. Əmək miqrasiyasının əsas prinsipi – pul qazanmaq və ailəsini dolandırmaq imkanı – bu şəraitdə faktiki olaraq aradan qalxır. Miqrant ailələrinin hüquqlarının məhdudlaşdırılması isə onların uzunmüddətli işləməsinə əslində qadağa qoyulması deməkdir.

Bu vəziyyət siyasi sinfin səriştəsizliyindən və miqrantlara qarşı təzyiqlərin artırılmasına yönəlmiş ideoloji sifarişdən irəli gəlir. Digər mühüm amil isə güc strukturlarının lobbiçiliyidir. Onlar qadağa mexanizmləri vasitəsilə korrupsiya modeli formalaşdırırlar. İşəgötürənlər məcbur qalıb müxtəlif çıxış yolları axtaranda, güc strukturları onlara “boz” və “‘qara” sxemlər təklif edirlər. Rusiyanın daxili siyasətinin məntiqi ümumilikdə hər sahədə nəzarətin və məhdudiyyətlərin daha da sərtləşdirilməsinə əsaslanır. Ksenofob əhval-ruhiyyə isə ilk növbədə cəmiyyətin ən müdafiəsiz təbəqəsinə – əmək miqrantlarına yönəlir”, – Aysin bildirib.

Rauf Orucov