Logo
news content
User
Kateqoriyalar

Analitika

“Məni öldürmək istəyən ermənini arxadan vurub, boğdu...” – ŞƏHİD HƏKİMLƏR
Səngər həkimi, yaxud ağ durnalara dönən oğullar…

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var.

old.pressklub.az “Şəhid həkimlər” layihəsi çərçivəsində onların həyatını, yaşam və qəhrəmanlıq hekayətini yazır. Növbəti yazımız şəhid həkim Turqut Xəlilbəyli barədədir.

Turqut, Adil, Aqşin, Anar... və onlar kimi yüzlərlə qəhrəman oğulların ruhu vətən səmalarında pərvaz edir, onlar bizi görürlər, biz onları hiss edirik. Onların varlığını duyuruq. Bir mahnıda deyildiyi kimi – onlar torpağa gömülməyib, ağ durnalara çevrilib, vətən göylərinə qalxıblar…

***

Masazır qəsəbəsində Viktoriya adlanan həyətdə binalardan birinin ətrafı gülüstandır. Hansı növ desən gül-çiçək var orda. Hamısı da təzə-tər. Bakının adamı qarsan istisində, adamı yıxan küləyində bu zərif gül-çiçəyi burda kim belə təravətli saxlaya bilər - düşündüm. Binanın qarşısındakı bulağa çatanda anladım, həmin güllərdən burda da çoxdur, bulağın ətrafı, binaya gedən yol, binanın həndəvəri…

Bulağın üstündə Azərbaycan və Türkiyə bayraqları məğrur-məğrur dalğalanır. Gəldiyim yolda iki yerdə onun şəkli və üstündə bu iki bayrağın dalğalandığını gördüm. Anası deyir, bircə arzum odur ki, onlar unudulmasın, illər keçsə də hamı xatırlasın ki, bu gənc, yaraşıqlı, seçmə oğullar vətən uğrunda canlarından keçiblər. 

***

44 günlük Vətən müharibəsində şəhid olan ilk hərbi həkim idi. Şəkli sosial şəbəkələrdə, mətbuatda ildırım kimi çaxdı, hamının, bütün o xəbəri oxuyanların qəlbində çaxdı o ildırım, hamı ildırım vurmuş kimi oldu. Bu gənc, yaraşıqlı, gələcəyi hələ qarşıda idi, amma o, Azərbaycanın daha yaxşı gələcəyi olsun deyə özünü qurban verdi. 

Turqut Xəlilbəylidən danışıram. Əvvəlcə hamı elə bildi ki, şəhid olan gənc hərbi həkim Xəlil Rzanın nəvəsidir. Xəlil Rzanın isə iki qız nəvəsi var, yeganə oğlu, şəhid olan Təbriz Xəlilbəylinin iki qızı var. Turqut Xəlilbəylinin Xəlil Rzaya heç bir qohumluğu çatmır, Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. 

Ailədə üç uşaq olublar, qız hələ uşaqkən dünyasını dəyişib. İki qardaş - Turqutla Xəlil birlikdə böyüyüblər, Turqut ailənin böyük övladıdır. Atası sürücü, anası evdar qadındır. Turqut Nadir oğlu Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur rayonunun Yengicə kəndində anadan olub. Adını yazdıranda anası Almaz xanım atasına deyib ki, gəl soyadını Hüseynli yazdıraq, hamı “ov” soyadı sonluğundan  imtina edir, biz də edək Hüseynli, ya da Hüseynzadə. Turqutun babası öz adını ona vermək istəyirmiş, bibisi isə Turqut adını təklif edib. Atası nə atasının xətrinə dəymək istəyib, nə də bacısının, gedib yazdırıb Turqut Xəlilbəyli, deyib qoy bibisi istəyən adı daşısın, babasının isə adı soyadında əbədiləşsin. Beləcə, olub Turqut Xəlilbəyli. 

6-cı sinfə qədər Turqut elə öz kəndlərində oxuyur. Bütün fənlərdən əla qiymət alır. Anası deyir, bircə dəfə getmişəm o məktəbə, ehtiyac olmayıb, həmişə müəllimlər ondan razılıq ediblər. Sonra Şərurdakı Türk liseyinə qəbul olunur. Orda da əla qiymətlərlə oxuyurmuş. Heç bir hazırlığa getmədən Azərbaycan Tibb Universitetinə yüksək balla qəbul olunub. Müəllimləri deyiblər ki, onu hazırlığa göndərməyə ehtiyac yoxdur. Almaz xanım deyir, onu həkim görmək mənim arzum idi: “İstəyirdim ağ xalatda onu iş kabinetində görüm. Deyirdim, özünü də xəstəliklərdən qoruyar, bizi də, qismət olmadı. Nə özünü qorudu, nə bizi, amma öz arzusuna çatdı, mənim arzularım daramadağın oldu”.  

Hərbçi olmaq isə Turqutun öz arzusu olub. Ona görə də hərbi həkim fakültəsini seçib. Ali məktəbi bitirəndən sonra Beyləqana xidmətə göndərilib. Liseydə oxuyanda da şənbə-bazar günləri evə gələrmiş, ali məktəb illərində də hərbi rejimdə olduğu üçün ancaq şənbə və bazar günləri evə gəlib. Ailəsi ona yaxın olmaq üçün Şərurdan Bakıya köçüb, kirayə ev tutub qalıblar ki, Turqut heç olmasa həftəsonu onlarla olsun.

Təyinatla Beyləqana gedəndən sonra evə tez-tez gəlirmiş. Hospitala xəstə gətirəndə, məzuniyyətdə, bayramda gəlirmiş ailəsinin yanına. Anası deyir ki, mən Turqutumdan doymadım: “Onu evdə az gördüm, həmişə ya təhsil arxasınca getdi, ya da iş. Evdə olanda da tibb kitablarını töküb, oxuyudu. Arzusu rezidenturaya getmək idi”.

Son vaxtlar evə gec-gec gəlməyə başlayıb, həm pandemiya vaxtı, həm də general Polad Həşimov şəhid olandan sonra müharibənin qaçılmazlığı bəlli olduğundan kazarma şəraitində olublar. Anası deyir ki, son illər iki dəfə gəlib evə. Avqustun 18-də dostu İlkinin doğum günündə bir günlük gəlib-gedib. Bir də sentyabrın 4-də, ailəsinə sürpriz edib. Sürpriz deyəndə ki, anası baş-beyin insultu keçirdiyindən onu həyəcandan qorumaq üçün demirmiş gəldiyini, yoxsa o gəlib çıxınca anası həyəcanlanır, tez-tez zəng vururmuş. 

Uzun illər kirayə qalandan sonra Masazırda alıb təmir etdikləri mənzildə Turqut cəmi həmin o iki dəfə son gəlişində olub. Almaz xanım deyir, soruşdum ki, evimiz xoşuna gəldimi, dedi hə, yaxşıdır, amma sizin evinizdir, Xəlillə qalacaqsınız, mənim evim şəhərin mərkəzində olacaq: “Dedim yox, sənin də burda otağın olacaq” - oturub söhbət etdiyimiz otağa işarə edir: “Balam düz bilirmiş, indi şəhərin mərkəzində, II Fəxri Xiyabanda gülüstan içində mənzili var. Hamı ona görə məni tanıyır. Deyirdi mən məşhur olacam, məni məşhur elədi. İstəməzdim belə məşhur olam, mən onunla o sağ ola-ola fəxr etmək istəyirdim”.

Polad Həşimov şəhid olanda Turqut ürəklə “inşallah, bizə də qismət olar” - deyirmiş: “O səngər generalı idi, mən də səngər həkimi olacam”

Ailəsi onun evlənməyinə hazırlaşırdı, Turqut isə rezidenturaya. Təkidlə ona “Turqut, daha evlən, evə yığış” deyiblər, sonuncu dəfə gedəndə. “Bu dəfə qayıdanda evlənəcəm” - deyə söz verib. İstədiyi qız olub, amma nədənsə ayrılıblar. İndi hamı deyir ki, həmin qızı tez-tez onun məzarı başında görürlər. 

Əyləşib söhbət etdiyimiz otaq mənzilin ən böyük otağıdır. Büsbütün Turqutun xatirələrindən ibarətdir. Nə yaşadı ki, nə də xatirəsi olsun, amma otaq doludur, şəkilləri, əşyaları, ondan sonra onun xatirəsinə həsr edilmiş əl işləri və sair. Evlərində olduğum şəhidlərin hamısının belə bir otağı var, bəy otağı qismət olmayan oğulların bərbəzəkli şəhid otağı var. Bu da dilimizə belə daxil oldu - şəhid otağı... 

Beyləqanda xidmət etdiyi vaxt müharibə başlayır. Turqut könüllü yollanır cəbhəyə. Füzulinin, Cəbrayılın azadlığı uğrunda döyüşüb yaralanan hərbçilərə yerində tibbi yardım göstərir. Deyirmiş, qoymaram bir yaralı ölsün. Hamısını xilas edib, yenidən döyüşə qatılmalarına vəsilə olacam. 

O, bu missiyanı yerinə yetirən zaman ailəsi elə bilirdi ki, Turqut Beyləqanda işinin başındadır. Bir dəfə hətta həkimlər cəbhə bölgəsinə tibbi yardım aparmaq üçün  Turqutun atasından xahiş ediblər ki, onun maşını ilə aparsınlar. Aparıblar, orda Turqut gəlib onlarla görüşüb. Bir oğlan atasına deyib ki Turquta zirehli gödəkçə  geyindirə bilmirik, ona siz deyin, heç olmasa. Atası da deyir düşündüm ki, yəqin buralara da mərmi düşür, ona görə deyirlər: “Dedim bala, lazımdır geyin də, niyə geyinmirsən, dedi ki, jilet ağırlıq edir, yaralıları daşıya bilmirəm. Mən yenə anlamamışam k, oğlum od-alovun altındadır”.  

“Atası ordan qayıdıb Bakıya gəlincə Turqut neçə dəfə zəng vurdu ki, ana, atam gəlib çıxdı? Kaş, atasını qoruduğu qədər özünü də qoruyaydı. Atası gələndən sonra dedi ki, Almaz, Turquta çox zəng vurma, məşğuldur, hamıya de heç kim zəng vurmasın, yerləri izlənir, atırlar. Özünə tapşırmışdıq ki, özün bir səhər, bir axşam zəng vur, qısa danışırdıq. Atası heç özü danışmırdı, deyirdi qoy anası ilə danışsın”.

Yeməyini əsgərlə bölürdü Turqut. Özünü həkim kimi yox, əsgər kimi aparırdı. 

Ailəsi sonradan öyrənib ki, işləyən vaxtı tələbə yoldaşları ilə hər ay xeyriyyə işləri üçün vəsait yığırmışlar. Xərçəngdən, ağır xəstəlikdən əziyyət çəkənlərə yardım ediblər. 

Bir dəfə Turqutgilə tibb kollecində oxuyan bir qız gəlib. Deyib ki, mən Turqutu tanımırdım, müəllim mənə onun haqqında yazmaq tapşırdı: “Araşdırdım, yazdım yazını, atam ağır xəstə idi, bir gün yuxuda gördüm ki, Turqut bizə gəlib, nənəmin namaz qıldığı yerdə oturdu, atam üçün resept yazdı, nə yazdığı gözlərimin qarşısında idi, aldım dərmanları və atam o reseptlə sağaldı”.  

Çox qəribədir, haqqında yazdığım əksər şəhid həkimlər barədə belə hekayətlər eşitdim. Bunlar uydurulmuş əfsanə deyil, həqiqətdir, görünür, onlara hədsiz məhəbbətin təzahürüdür, bu cür zühur edir. 

Anası danışır ki, Turqutun yaralanması xəbərini eşidəndə ona nə isə bir iynə vurublar, hər şeyi yuxu, xəyal kimi xatırlayır. Deyir, özümə gəldikcə gördüm ki, evimiz, həyətimiz doludur adamla, anladım ki, bu yaralanmaq deyil, Turqutu yaralı vəziyyətdə evə niyə gətirsinlər ki: “Yalvarırdım ki, balam yarımcan gəlsin, amma sağ gəlsin”.

Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl uğrunda döyüşlər zamanı yaralıları atəş altından çıxaran zaman şəhid olub. Özündən əvvəl yaralılardan əlavə iki həkimi xilas edib, yəni onları atəş altına girməyə imkan verməyib, “siz evlisiniz - deyib, - özüm gedəcəm”. Təcili yardımın sürücüsü danışır ki, dedim mən də gedəcəm, məni necə itələdisə, gördüm dərənin aşağısındayam, Turqut da yoxdur. 

Üç dəfə yaralıları çıxardandan sonra dördüncü dəfə getmək istəyəndə yanındakı əsgər deyib ki, minomyot səsi gəlir, düşsün, sonra gedin, Turqut deyib ki, o düşüncə yaralının fəryadına dözə bilmərəm, çağırır, onu götürüb çıxacam. Həmin yaralıya çatanda minomyot yanlarına düşüb, Turqut özünü yaralının üstünə atıb, yaralı sağ qalıb, Turqut şəhid olub. 

“Həmin yaralı gəlmişdi ki, haqqınızı halal edin, məni qorudu, özünü fəda etdi oğlunuz. Dedim, oğlum sənin yox, vətənin uğrunda şəhid olub, vətəni qoruyub”. 

Turqut Xəlilbəylinin sürücüsü Mövsümov Ağakişi: “Bu gün ayaq üstündə durub danışmağım Turqutun sayəsindədir. Məni iki dəfə ölümdən xilas edib. İlk gün 23 yaralı, çoxlu şəhid çıxarmışdı. Sonrakı günlər də eyni ilə. Ölümün gözünə dik baxırdı. Mənə Rüzgar deyirdi, səngərdə məni qoruyurdu. Bir dəfə səngərdə erməni əsgər məni yaxaladı, silahını dirədi başıma. Arxadan gələn Turqut onu vurdu, boğazından yapışdı, boğdu. İkinci dəfə isə iki yaralı əsgərlə bərabər məni də xilas edib, özü şəhid oldu. İnanın, hər xatırladıqca mən ölürəm, o ölməli oğul deyildi…”

***

Azərbaycan Ordusunun hərbi tibb qulluqçusu, leytenant Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Turqut Xəlilbəyli ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

“Xəlilin toyunda elə ümidli idim ki, düşünürdüm, Turqut həmişəki kimi sürpriz edəcək, toyda birdən içəri girəcək, hamımızı sevindirəcək, qardaşını təbrik edəcək. O gün gəlmədi, onda bildim ki, Turqut həqiqətən yoxdur, yoxsa bu gün gözümü yolda qoymazdı…”

***

Turqut, Adil, Aqşin, Anar... və onlar kimi yüzlərlə qəhrəman oğulların ruhu vətən səmalarında pərvaz edir, onlar bizi görürlər, biz onları hiss edirik. Onların varlığını duyuruq. Bir mahnıda deyildiyi kimi – onlar torpağa gömülməyib, ağ durnalara çevrilib, vətən göylərinə qalxıblar…

Ramilə Qurbanlı