Logo
news content
User
Kateqoriyalar

Analitika

Media biznes modelləri yenidən qurmalıdır

Tatyana Repkova 18 ölkədə media menecment üzrə məsləhətçi olub, Media Menecerləri Klubunun təsisçisidir. Buna qədər isə ümumdünya qəzetlər və xəbər naşirləri Assosiasiyasının (WAN-IFRA) tədqiqatlar və informasiya idarəçiliyi şöbəsinin direktoru, “Dünya mətbuat tendensiyaları” (“World Press Trends”) layihəsinin rəhbəri olub, 13 dildə kitab və dərsliklər müəllifidir. Azərbaycana treninq keçirmək üçün dəvət olunmuş mütəxəssis old.pressklub.az saytına müsahibəsində ölkədə media menecment problemlərinin həlli yolları barədə danışır.

- Azərbaycanda medianın vəziyyətini və media menecmentin səviyyəsini necə dəyərləndirirsiniz?

- Bu söhbətə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Ömrümdə ilk dəfə gəldiyim və cəmi dörd gün olduğum ölkədə bütövlükdə media menecmentin səviyyəsini qiymətləndirmək mənə çətindir. Amma gördüklərim və eşitdiklərim əsasında deyə bilərəm ki, müəyyən inkişaf var, biznes nöqteyi-nəzərindən də müxtəlif media layihələri mövcuddur. Çatışmayan odur ki, bazar hələ media menecerlərin öz bizneslərini inkişaf etdirməsinə imkan verəcək dərəcədə genişlənməyib. Amma biznes yanaşması da çatışmır. Ona görə ki, bir çox jurnalistlər, o cümlədən bizim kurs iştirakçıları, bunu real həyatda görməyiblər. Eyni zamanda, başqa yanaşma tərzi tətbiq edilsə, hər şey işə düşə bilər.

- Bəs bu sahədə müasir dünya tendensiyaları nədən ibarətdir və onların Azərbaycanla müqayisəsi nə göstərir?

- Hesab edirəm ki, bu məsələdə bütün ölkələr eyni başlanğıc inkişaf səviyyəsinə malikdirlər, çünki yeni texnologiyalar, internet bütün ölkələrdə əlçatandır və Azərbaycan əhalisinin əksəriyyəti - dünya statistikasına görə təxminən 80%-i də artıq fəal internet istifadəçisidir. Odur ki, imkanlar təxminən eynidir. Ancaq onlardan kim və necə istifadə etməyə hazırdır? Yenə də burada sistemli yanaşmaya ehtiyac var və biz treninq iştirakçılarına göstərməyə çalışırdıq ki, bunu təcrübədə necə həyata keçirmək olar. İmkanları reallaşdırmaq lazımdır. Bizə təqdim olunan kiçik startaplarda da çatışmayan odur ki, onlara məhz kommersiya yanaşması yoxdur. Hər şeylə jurnalistlər, redaktorlar, baş redaktorlar özləri məşğul olurlar. Onların isə bazarda pul qazanmaqla məşğul olmağa vaxtları qalmır. Xüsusi adamlar işə götürülməlidir ki, yalnız bizneslə məşğul olsunlar və redaksiyanı maliyyə vəsaitləri ilə təmin etsinlər.

- Sonuncu sualım da elə bu barədədir: nə kimi tövsiyələriniz, məsləhətləriniz olacaq?

- Biz məsləhət görürük ki, strateji planlaşdırma ilə məşğul olsunlar. Missiyanın formalaşdırılmasından başlasınlar. Əgər yoxdursa, yazsınlar; varsa, missiyanı yenidən qiymətləndirsinlər, çünki indi bütün dünyada biznes-modellər yenidən qurulurlar. Elə qurulurlar ki, biz əsas gəlirimizi artıq Facebook-a və Google-a köç etmiş reklamdan yox, auditoriyamızdan, istehsal etdiyimiz kontentdən qazana bilək. Bizim istehsal etməyə alışdığımız kontenti, yəni, məzmunu artıq hər kəs başqa yollarla da əldə edə bilir. Elə etməliyik ki, insanlar onu məhz bizdən almaq istəsinlər, bunun üçün isə kontenti  yeni formada “qablaşdırmalıyıq” və elə hala gətirməliyik ki, o bizim auditoriyamız üçün fərqli dəyər kəsb etsin. Bu işə, əlbəttə, strateji planlaşdırmadan başlamalı, sonra məqsəd və vəzifələrimizi qurmalı, ardınca konkret biznes-plan hazırlamalıyıq. O da mesajlara bölünməlidir ki, hər kəs komandada nə etməli və kimin üçün etməli olduğunu dəqiq bilsin. Yəni, auditoriya dəqiq müəyyənləşdirilməlidir, sonra isə bu auditoriyanı öz “cəmiyyətimizə” çevirməyi bacarmalıyıq. Çünki artıq fəal sürətdə Facebook-dan istifadə edən insanlar -  Azərbaycanda isə onlar əhalinin böyük hissəsidirlər -  informasiya almağın ənənəvi KİV-lər tərəfindən  təklif olunan daha aşağı keyfiyyət səviyyəsinə qayıtmayacaqlar. Facebook-da başqaları ilə asanca ünsiyyət yaratmaq, reaksiya göstərmək, şərh verməyə alışanlar ənənəvi media çərçivəsində də eyni informasiya xidməti səviyyəsi görmək istəyirlər.