Logo
news content
User
Kateqoriyalar

Analitika

Mədəniyyət Nazirliyindəki qanunsuzluğa görə Əbülfəs Qarayev məsuliyyət daşıyırmı?

Mayın 8-də həbs olunan, ertəsi gün isə prezidentin sərəncamıyla vəzifəsindən azad edilən mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni irsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova qarşı ittihamların mahiyyəti məlum olub. Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, tarixi abidələrin, mədəniyyət nümunələrinin qorunması, bərpası, mühafizəsi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi Z.Sultanova çatıb. Ona qarşı başqa bir ittiham da budur ki, mədəni irs hesab olunan xüsusi arxitektura-memarlıq üslubundakı binalarda rekonstruksiya işlərinin aparılmasına rüşvətlə razılıq verib.

Sabiq nazir müavininə gəlincə, R.Bayramov ölkə boyu mədəniyyət müəssisələrinin (teatr, kitabxana, muzey və s.) tikintisi, əsaslı təmiri məqsədilə büdcədən ayrılan vəsaitlərin bir hissəsinini mənimsəməkdə təqsirləndirilir. İttihama əsasən tenderdə qalib elan edilərək təmir-tikinti aparan şirkətlərin rəhbərləri rəsmi sənədlərdə yazılmış və onların hesabına köçürülmüş vəsaitləri nağdlaşdırandan sonra onun bir hissəsini R.Bayramova çatdırıblar. Sabiq nazir müavini rayonlardakı musiqi məktəblərində işləyən müəllimlərin adlarına artıq dərs saatları yazdırmaqla əlavə əməkhaqqını onlardan geri almaqda da ittiham edilir. İddia olunur ki, Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri həmin müəllimlərin əmək haqlarından tutulan hissəni, həmçinin başqa qanunsuz yollarla əldə olunan vəsaitləri hər ay toplayıb, R.Bayramova çatdırıblar.

DTX yaydığı açıqlamaya videogörüntüləri də əlavə edib. Videoda R.Bayramov və Z.Sultanovun xidməti otaqlarındakı əməliyyatlardan, DTX-da bu işlə bağlı dindirmələrdən görüntülər əksini tapıb.

Ələsgər Məmmədli: “Əbülfəs Qarayev nazir postunda qala-qala bu işin obyektiv araşdırılması şübhə yaradır”

Nazir müavininin həbsi və ona qarşı irəli sürülmüş ittihamlarla bağlı DTX-nın rəsmi məlumatını şərh edən hüquqşünas Ələsgər Məmmədli bildirdi ki, belə böyük miqyaslı korrupsiya varsa, buna görə nazir də məsuliyyət daşıyır. Hüquqşünasın fikrincə, hətta nazirin baş verənlərdən xəbəri olmayıbsa belə, yenə də onun məsuliyyəti var. Hərçənd, Ə.Məmmədli belə işlərin nazirdən xəbərsiz həyata keçirilməsini inandırıcı saymır:

“İki halda məsuliyyət yaranır – istər o prosesdə iştirakda, istərsə də prosesi idarə etmək səlahiyyəti olub, onu idarə edə bilməyəndə. Nazirlikdə bütün bunlar nazirin xəbəri olmadan baş veribsə, yenə nazir məsuliyyət daşıyır. Bu halda, onun məsuliyyəti hüquqi yox, siyasi məsuliyyətdir. İstefa verməlidir. Nazirlikdə bu tip böyük proses getdiyi halda, nazirə çatmaması şübhə yaradır. Nazirliyin tabeliyində olan müəssisələrin təmir, tikinti, investisiya və s. xərcləri üçün ayrılan vəsaitlərin 10 faizinin ticari anlaşma kimi geri qayıtması, rəhbərliyə çatdırılması yalnız bir nazir müavininin qərar verəcəyi məsələ ola bilməz. Hansısa formada nazirin də xəbəri olmalıdır”.

Ə.Məmmədli hesab edir ki, Əbülfəs Qarayev nazir postunda qala-qala bu işin obyektiv araşdırılması şübhə yaradır. Hüquqşünas 2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) keçirilmiş əməliyyat zamanı həbs olunan generallar və digər vəzifəli şəxslərin işi üzrə istintaq və məhkəmə araşdırmalarını yada salır. O zaman nazir Eldar Mahmudov vəzifəsindən azad edilsə də, cinayət məsuliyyətinə cəlb olunmadı. “İndiki halda da nazirin həbsi üçün yetərli əsaslar olmasa belə, bu cür böyük qalmaqaldan sonra onun vəzifədə qalması uyğun deyil”, - deyə Ə.Məmmədli vurğuladı.

Hüquqşünas hesab edir ki, Mədəniyyət Nazirliyindəki əməliyyat da icra başçılarının həbsi ilə başlanmış prosesin davamıdır. O, həbs dalğasının bundan sonra da davam edəcəyini istisna etmir:

“Rüşvət, korrupsiya, səlahiyyətlərdən sui-istifadə, mənimsəmə az qala bütün dövlət strukturlarında var. Ola bilsin ki, bu əməliyyatlardan sonra kimlərsə o əməlləri dayandırıb, kimlərsə yox. Belə əməliyyatların davam edəcəyini düşünürəm, buna ehtiyac da var. Amma bunun sona qədər gedən iradə olub-olmadığını zamanla görəcəyik. Çünki bu əməliyyatlar birmənalı olaraq siyasi prosesdir. Siyasi razılıq olmasa, nə DTX, nə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi prezident sərəncamıyla təyin edilən şəxslərə qarşı belə əməliyyat keçirə bilər”.

Bir çox təhlilçilər kimi, Ə.Məmmədli də bu əməliyyatları “siyasi təmizləmə” planının tərkib hissəsi kimi görür:

“Prezident Administrasiyasında kadr idarəçiliyi üst səviyyədə - başdan sona qədər dəyişdi. Sözsüz ki, burada həm də köhnə şəxsin təyin etdiyi kadrların təmizlənməsi də var. Bunları kim, hansı iradə təyin edib? Əlbəttə, təyin edən, sərəncamı imzalayan prezidentdir. Prezidentə bunların təyinatını kim veribsə, o yoxdur artıq. Başqa sözlə, o adamların hamisi yoxdur. Dolayısıyla bu əməliyyatlar o dövrdə təyin olunmuş hər kəsin qapısını döyə bilər”.

Hüquqşünasın fikrincə, həbs olunan vəzifəli şəxslərlə bağlı əməliyyat-istintaq materiallarının ətraflı yayılması doğru deyil. Onun sözlərinə görə, istənilən əməliyyat-istintaq prosesi məhkəməyə qədər gizli olur. Amma ictimai əhəmiyyət kəsb edən məsələlərlə cəmiyyəti məlumatlandırmaq məqsədilə istisna olaraq, müəyyən məlumatlar paylaşıla bilər: “Fikrimcə, indiki halda, DTX bunları yaymaqla göstərmək istəyir ki, ciddi problemlər vardı və bunun qarşısını almışıq. Amma bu da o çərçivədə olmalıdır ki, Konstitusiyanın 63-cü maddəsini zədələməsin. Bu maddə şəxsin təqsirsizlik prezumpsiyası hüququna təminat verir. Məhkəmə hökmünə qədər hər kəs təqsirsiz sayılır. Yayılan məlumat və görüntülər şəxsin bu hüququnu pozmamaqla yanaşı, məhkəməyə də təzyiq xarakteri daşımamalıdır”.

Sabiq nazir müavini R.Bayramov və Xidmət rəisi Z.Sultanov DTX-nın istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə istintaq araşdırmaları da bu qurumda aparılır. Hər iki sabiq məmura qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və s. ittihamlar irəli sürülüb.

Gülər