Logo
news content
User
Kateqoriyalar

Analitika

Madam Buayonun ikinci zühuru
Fransanın səfirlə bağlı iki həftəlik demarşı hansı siyasi nəticələrə səbəb oldu?

Fransanın Azərbaycandakı səfiri Ann Buayon iki həftəlik fasilədən sonra Bakıya qayıdıb və diplomatik fəaliyyətini davam etdirir. Buayon Bakı ilə Paris arasında münasibətlərin kəskin şəkildə pisləşməsi ilə əlaqədar Fransa prezidenti Emmanuel Makron tərəfindən “məsləhətləşmələr üçün” geri çağırılmışdı. Fransa Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, diplomat Fransa prezidenti tərəfindən qəbul edilib.

Qeyd edək ki, Fransa Azərbaycanı “ikitərəfli münasibətlərə xələl gətirən addımlarda” ittiham edib.

Bundan əvvəl Azərbaycan hökuməti iki fransalı diplomatı ölkədən çıxarıb, daha əvvəl isə casusluqda ittiham olunan fransalı iş adamı həbs edilib.

Öz növbəsində, Paris Fransadakı Azərbaycan səfirliyinin iki diplomatını ölkədən çıxarıb.

Son aylar Bakı ilə Paris arasında qarşılıqlı ittihamlarla dolu təbliğat dueli davam edir. Azərbaycan tərəfi prezident Makronun və Fransa parlamentinin açıq ermənipərəst mövqeyindən narazıdır.

Ortaya sual çıxır: sonuncu demarş nə idi və hər şey bununla bitəcəkmi? Madam Buayon iki həftə Parisdə qalandan sonra geri qayıtdı – Makronun addımı Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərə nə verdi və gələcək münasibətlərə necə təsir göstərəcək? Fransa səfirinin geri çağırılması sadəcə Parisin narazılığının nümayiş etdirilməsi idi, yoxsa ortada başqa nəsə var? İki ölkə arasında siyasi və iqtisadi əlaqələr bundan sonra hansı istiqamətdə inkişaf edə bilər?

Beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Politoloq ilk növbədə qeyd edib ki, Fransa tərəfinin atdığı addımlar, xüsusən də səfirin geri çağırılması ikitərəfli münasibətlərə heç bir töhfə verməyib. “Hətta səfirin geri çağırılması ilə bağlı demarş ölkələrimiz arasında onsuz da mürəkkəb olan münasibətləri bir qədər də çətinləşdirib. Bu aksiyadan sonra Bakı Fransız Liseyinin bağlanması ilə bağlı qərar qəbul edilib. Amma bütövlükdə vəziyyətin düzəlməməsinə və əksinə, bir az də çətinləşməsinə baxmayaraq Paris səfirini yenidən Bakıya qaytarmaq qərarına gəlib. Yəni sual yaranır - nəyə nail olmağa çalışırdılar? Əgər münasibətlərin pisləşməsinə ümid edirdilərsə, o zaman onları təbrik edə bilərik - Fransa hökuməti bu məqsədinə nail olub. Amma əgər düşünürdülər ki, bu yolla Azərbaycanı qorxutmaq, onu nəyəsə məcbur etmək, Bakıya ibrət dərsi vermək olar, o halda tamamilə yanılıblar”, - Vəlizadə deyir.

Onun fikrincə, son həftələrin dinamikası göstərir ki, Paris heç nəyə baxmayaraq regionumuzdakı geosiyasi problemlərinin həllində lider mövqeyə iddia etsə də, indi başqa oyunçular da bu mövqeyə iddia edə bilərlər. “Xüsusən də, Fransadan fərqli olaraq Bakı ilə dialoqu gücləndirən Almaniya. Bu dialoqa misal olaraq Azərbaycan Prezidentinin Berlinə işgüzar səfərini göstərmək olar. Səfər zamanı həm ikitərəfli münasibətlər, həm regional gündəm, həm də bugünkü beynəlxalq gündəliyin əsas məsələsi – iqlim dəyişikliyi müzakirə olunub. Bildiyiniz kimi, Azərbaycan COP-29 sammitinə ev sahibliyi edəcək. Buna görə də Berlindəki görüşün xüsusi əhəmiyyəti var.

Bundan başqa, Azərbaycan prezidentinin ABŞ dövlət katibi ilə telefon danışığı olub və tərəflər Cənubi Qafqazdakı vəziyyəti ətraflı müzakirə ediblər.

Və bütün bu dinamika Fransasız, onun iştirakı olmadan baş verir. Üstəlik, Fransanın Azərbaycandakı səfiri də iki həftə ölkədə olmayıb. Əslində, situasiya fərqli formada inkişaf etməli idi, heç olmasa dinamikanı yerindəcə öyrənib öz ölkəsinin rəhbərliyinə müəyyən tövsiyələr verməsi üçün Fransa səfiri Azərbaycanda qalmalıydı. Amma vacib siyasi gedişatlar zamanı səfirin ölkədə olmaması Fransa xarici siyasətinin bərbadlığını növbəti dəfə nümayiş etdirdi. Necə deyərlər, böyük işlər bu şəkildə görülmür. Son vəziyyət Fransanın nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada niyə uduzduğunu bütün çılpaqlığı ilə ortaya qoyur. Məncə, Parisin bütün son bəlalarının, beynəlxalq aləmdəki bütün uğursuzluqlarının əsl səbəbi Fransa diplomatiyasının bu gün nümayiş etdirdiyi açıq-aşkar siyasi savadsızlıqdır”, - deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov