Logo
news content
User
Kateqoriyalar

Analitika

Lukaşenko Putindən kömək istədi 

Müəllif: Şahin Cəfərli

Lukaşenko Putinin istədiyi duruma gəlib və onun köməyinə möhtacdır. 

Rusiyanın məhz buna nail olmağa çalışdığını əvvəlki yazımızda qeyd etmişdik.

Avqustun 14-də Lukaşenko seçki ərəfəsində ölkə ərazisində böyük hay-küylə yaxalanan Rusiyanın “Vaqner” özəl hərb şirkətinin 32 döyüşçüsünü Moskvaya göndərib, halbuki bu adamlar Belarusda terror aktı hazırlamaqda ittiham olunurdular. Ardınca bu gün baş tutan telefon danışığında Belarus prezidenti (əslində keçmiş prezident demək daha doğru olar) Kremldəki köhnə dostundan kömək istəyib. Birdən-birə Rusiya-Belarus İttifaq Dövlətini xatırlayan “Batka” deyib ki, bu dövlətə təhlükə var. Onun sözlərinə inansaq, Putin cavabında söz verib ki, Belarusa təhlükə yaransa, sənin elə ilk müraciətin əsasında köməyə gələcəyik. Yəni, Rusiya Belarusa ordu yeridəcək. 

Burada 2 önəmli sual yaranır: 

Kreml təhlükə kimi nəyi nəzərdə tutur? 

Belarusa xaricdən hər hansı hücum gözlənilmir, daxildəki etiraz aksiyaları əsas vermir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (ODKB) və İttifaq Dövləti çərçivəsindəki razılaşmalar bu situasiyada keçərli olsun. Amma əlbəttə ki, Rusiya etirazları "xaricdən idarə olunan destruktiv qüvvələrin antikonstitusion çevriliş cəhdi" kimi təqdim edib, "qardaş Belarus xalqının, Rusiya-Belarus İttifaq Dövlətinin təhlükəsizliyini, dövlət orqanlarının normal fəaliyyətini təmin etmək" bəhanəsi ilə bu ölkəyə ordu yeridə bilər. Qonşu Polşada ABŞ hərbi kontingentinin sayının artırılması faktının da Belarusa potensial təhdid kimi qiymətləndirilməsi mümkündür. 

Moskva xalq arasında dayaqlarını itirmiş lideri müdafiə etmək naminə hər hansı geopolitik çalar daşımayan, antirusiya xarakterli olmayan, radikal millətçilərin ön planda çıxış etmədiyi etirazların Rusiya əleyhinə yönəlməsinə səbəb olacaq addımlar atarmı? 

Belə bir qərar veriləcəyi təqdirdə, Rusiya Belarus ictimai şüurunda özünü bitirəcək və daha bir qardaş xalqın nifrətini qazanmış olacaq. Rusiya ictimai rəyində bu müdaxiləni əsaslandırmaq da problem olacaq, çünki ötən günlərdə bu ölkədə nəinki müxalif və müstəqil çevrələr, hətta Kremlə yaxın bəzi siyasətçilər, media nümayəndələri və sənət adamları da Lukaşenkonu sərt tənqid edərək etirazlara dəstək veriblər. Digər tərəfdən, Rusiyanın Belarusa hərbi müdaxiləsi onun Avropa Birliyi ilə nisbətən yaxşı olan münasibətlərinə də ağır zərbə vurardı. Bu halda, AB Rusiya ilə bağlı siyasətini ABŞ-ın siyasəti ilə sinxronlaşdırmağa məcbur olar ki, bu da Putin üçün arzuolunan variant deyil. Putin ABŞ və NATO-nun Avropa qanadının mümkün olduğu qədər bir-birindən uzaqlaşmasını, transatlantik ittifaqda çatın böyüməsini istəyir, bu yöndə siyasət yeridir. 

Bununla yanaşı, aydındır ki, Moskvanın əsas resursu sərt gücdür və o, baltanı əlindən yerə qoymayıb. Bütün risklərə rəğmən, Rusiyanın Belarusa daxil olması və öz hakimiyyətini qorumaq üçün kollaboranta çevrilməyə hazır olan qanunsuz rəhbərin dəvəti ilə faktiki, oranı işğal etməsi istisna deyil. Mümkündür ki, ABŞ-da Cozef Baydenin iqtidara gəlməsi ehtimalından ehtiyatlanan Putin Vaşinqtondakı andiçmə mərasiminə - 2021-ci il yanvarın 20-nə qədər olan dövrü fürsət pəncərəsi sayır və həmin tarixə qədər postsovet məkanında maksimum dividentlər toplamağa çalışacaq. Bu mövzuda da daha əvvəl yazmışdıq.

Amma Belarus hazırda sürətlə Lukaşenkonun nəzarətindən çıxır. Hətta Dövlət Televiziyasının əməkdaşları da tətilə başlamaq, yaxud obyektiv, tərəfsiz informasiya siyasətinə keçmək niyyətlərini bildiriblər. Bunun qarşısını almaq üçün Belarus parlamentinin sədri Natalya Koçanova və Lukaşenkonun mətbuat katibi Natalya Eysmont bu gün təcili televiziyaya gedərək orada görüş keçiriblər. Koçanova Lukaşenkonun 80% səs topladığını dedikdə əməkdaşlardan biri zaldakılardan xahiş edib ki, Lukaşenkoya səs verənlər əllərini qaldırsın. Məlum olub ki, əksəriyyət ona səs verməyib. Belarus hərbi sənayesinin ən böyük müəssisələrindən olan MZKT-nın (Минский Завод Колесных Тягачей) baş direktoru Aleksey Rimaşevski bu gün kollektiv qarşısındakı çıxışında bəyan edib ki, özü Lukaşenkoya səs versə də, bilir ki, o, seçkidə uduzub. Bu cür faktların sayı çoxdur. 

Lukaşenko küçələrdə etirazçılarla qucaqlaşan milisin və digər güc strukturlarının ona sədaqətindən əmin deyil, bu səbəblə, Putinə üz tutub.  

Rus ordusunun gəlib, Belarusda xalqı küçələrdə döyməsi, onları qovması, dağılmaqda olan hakimiyyət vertikalını toparlaması çox çətin məsələdir. Bu əziyyətli və riskli işə baş qoşmaqdansa, Moskvaya sərfəli variant o olar ki, Belarusda yeni, demokratik seçkilərin keçirilməsinə mane olmasın və bu seçkidə Rusiyaya yaxın siyasətçi prezident seçilsin - məsələn, Qırğızıstanda olduğu kimi. Qərb də buna etiraz etməz, hətta Paris və Berlin alqışlayar. Belə bir siyasətçi kimi hazırda həbsdə olan “Belqazprombank”ın sabiq müdiri Viktor Babarikonun adı çəkilir. Babariko seçki kampaniyasının əvvəlində prezidentliyə şanslı namizədlərdən biri sayılırdı, lakin Lukaşenko onu və oğlunu həbsə atdırdı. Nəticədə Babariko Svetlana Tixanovskayanı dəstəklədi və onun qələbəsində rol oynadı. 

Lakun Putin həmlə etməyi, hücumda oynamağı sevir, ona görə də sabah Belarusda “nəzakətli yaşıl adamlar” görsək, çox da təəccüblənmək lazım deyil.