KTMT hara genişlənir, yaxud Azərbaycanla bağlı spekulyasiya
Ekspertlər belə bir ehtimalın olması fikrini rədd edirlər
29 İyun 2024
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov bildirib ki, təşkilat öz funksionallığını genişləndirə və üzvlərinin sayını artıra bilər. Tasmaqambetov tarixi presedentlər və KTMT-nin təklif etdiyi əlverişli şəraitə istinad edərək deyib: “Hərbi-siyasi birliyə ehtiyac xeyli artıb”.
Qeyd edək ki, Rusiyanın rəhbərlik etdiyi KTMT-yə Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Amma Ermənistanın baş naziri Nikol Paşinyan uzun müddətdir təşkilatı tənqid edir, bu yaxınlarda isə bəyan edib ki, Ermənistanda faktiki olaraq təşkilatda iştirakın dondurub.
Ölkə rəsmilərinin vaxtaşırı bu ideyanı rədd etməsinə, öz təhlükəsizlik sistemini yaratmaq imkanında olmasını söyləməsinə baxmayaraq, xüsusən də Rusiya mətbuatında Azərbaycanın KTMT-yə üzv ola biləcəyi ilə bağlı ehtimallar irəli sürülür.
Bəs, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində Şərqi Avropada vəziyyətin ciddi şəkildə pisləşdiyi, Azərbaycanın Qərblə münasibətlərin ən yaxşı dövrünü yaşamadığı, qüdrətli Çinin isə demək olar, açıq şəkildə Moskvaya himayədarlıq etdiyi indiki zamanda situasiya dəyişə bilərmi? Yəni, biz indiki geosiyasi şəraitdə rəsmi Bakının KTMT-yə daxil olmasını tamamilə istisna edə bilərikmi?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu “Turan”a bildirib ki, hazırkı reallıqda Azərbaycan müstəqil şəkildə yeni bir təhlükəsizlik mərkəzi yarada biləcək gücə və imkanlara sahibdir: "Şübhəsiz ki, Azərbaycan özü yeni bir təhlükəsizlik çətiri formalaşdırmağa qadir mərkəzlərin birinə çevrilməkdədir. Şuşada keçirilən beynəlxalq konfransda da Azərbaycan prezidenti bu məsələyə toxunaraq dedi ki, Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə birlikdə beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin birinə çevrilə bilər. Güc mərkəzi isə sadəcə iqtisadi, siyasi, diplomatik güc deyil, həm də hərbi gücdür. Ona görə də Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi aktual deyil".
Deputatın fikrincə, gələcəkdə yeni dünya nizamında baş verən hadisələr sürətli inkişaf edərsə, iki ildən sonra tamamilə fərqli reallıqlar üzə çıxa bilər: "Bu, Şərqi Avropada gedən müharibənin nəticələrindən asılıdır. Elə vəziyyət yarana bilər ki, Türk Dövlətləri Təşkilatı bu proseslərdə özünə təhlükəsizlik çətiri yarada və yaxud da kollektiv təhlükəsizlik təşkilatı formalaşdıra bilər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azadlıq Radiosuna açıqlamasında bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə Almatıda KTMT-nin xarici işlər nazirlərinin görüşündə yeni təkliflə çıxış edib: "Rusiya Ukraynada müharibə aparır və bir çox ölkələrlə münasibətləri korlandığından, hərbi bloku gücləndirmək istəyir. Təklif isə Avrasiyada yeni təhlükəsizlik arxitekturasıdır. Burada iki variant var: onlar ya KTMT-nin genişlənməsini nəzərdə tuturlar, ya da söhbət yeni hərbi blokdan gedir".
Ekspertin sözlərinə görə, Rusiyanın hakim dairələri Azərbaycanın da Avrasiyanın və Mərkəzi Asiya ölkələrinin yeni təhlükəsizlik arxitekturasında yer almasını istəyir. Lakin hesab edir ki, KTMT-yə üzvlük Azərbaycanın milli maraqlarına və təhlükəsizlik maraqlarına ziddir. “Azərbaycan NATO və ya KTMT-yə üzvlükdən yayınmaq üçün Qoşulmama Hərəkatına üzv olub”. E.Şahinoğlu Azərbaycanın KTMT-yə üzvlüklə bağlı təklifə müsbət cavab verəcəyinə şübhə ilə yanaşıb və qeyd edib ki, Bakı Moskvaya görə Qərblə münasibətlərini pisləşdirmək istəməyəcək.
Azərbaycanın KTMT-yə qoşulması perspektivi mürəkkəb və mübahisəli məsələ olaraq qalır. KTMT öz təsirini genişləndirməyə çalışsa da, Azərbaycan müstəqil təhlükəsizlik strategiyasını saxlamağa və milli maraqlarına və regional planlarına daha uyğun olan ittifaqlar qurmağa sadiq görünür.
Siyasi şərhçi Murad Sadəddinov Pressklub.az-a açıqlamasında bildirib ki, KTMT baş katibinin bəyanatına əsaslanaraq, Azərbaycanın bu quruma daxil olması ilə bağlı eyhamlar olduğunu söyləmək mümkün deyil.
“Burada daha bir qeyri-müəyyən iddia var ki, ola bilsin, gələcəkdə bəzi ölkələr də alyansa qoşulsun. Bu baxımdan, həmin ölkələrin mütləq postsovet ölkələri olacağını güman etmək lazım deyil. Azərbaycana gəlincə, onun KTMT-yə qoşulmayacağının ilk və əsas amili onun Qoşulmama Hərəkatının bir hissəsi və bu assosiasiyanın liderlərindən biri olmasıdır. Azərbaycan Qoşulmama Hərəkatına iki dəfə rəhbərlik edib, bu təşkilat üzvlərinin sayına görə dünyada ikinci təşkilat kimi böyük nüfuza malikdir, rəsmi Bakı bu format vasitəsilə BMT Təhlükəsizlik Şurasının qərarlarına təsir edə bilir. Siyasi mənada təşkilatın verdiyi dividentlər KTMT-yə üzvlükdən qat-qat yüksəkdir”, - politoloq deyir.
Onun sözlərinə görə, hərbi komponentə gəlincə, bu məqam da KTMT-nin xeyrinə deyil, çünki Azərbaycan Türkiyə ilə hərbi-strateji saziş imzalayıb. “Azərbaycan Türkiyə ilə birgə ordu qurur. Türkiyənin NATO-nun aparıcı dövlətlərindən biri olduğunu nəzərə alsaq, burada ciddi əks arqument ortaya çıxır və Azərbaycanın gələcəkdə KTMT-yə üzv ola biləcəyi fikrinin üstündən xətt çəkir.
O ki qaldı Çinin Moskvanı dəstəkləməsi, Azərbaycanın Qərblə münasibətlərinin pisləşməsi ilə bağlı iddialara, mən bu barədə birmənalı danışmazdım. Çin öz oyununu oynayır, müəyyən məqamlarda Moskvanı dəstəkləyə bilər, amma əhəmiyyətli məqamlarda yox. Bu dəstəyi də ona müəyyən iqtisadi fayda olanda verir. Lakin Pekin ABŞ və Qərbin sanksiya hədələri ilə üzləşəndə dərhal öz maraqlarını rəhbər tutmağa başlayır.
Azərbaycanın Qərblə münasibətlərinə gəlincə, onların korlandığını deməzdim. Bəs biz Qərb deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, dünya siyasətinə çox böyük təsiri olan qüdrətli Britaniya var və onun Azərbaycanla münasibətləri normaldır. Bizim İtaliya və bir çox digər Aİ ölkələri ilə yaxşı münasibətlərimiz var. Buna görə də, burada KTMT-yə qoşulmaq üçün heç bir stimul yoxdur.
Həm də, Azərbaycanın heç bir hərbi bloka - nə KTMT, nə də NATO-ya qoşulmaq niyyətində olmadığını deyən Bakının bəyanatlarını nəzərə almaq lazımdır. Azərbaycan müxtəlif dövlətlərlə ikitərəfli formatda münasibətlərini qurur, onların həm siyasi, həm iqtisadi, həm də hərbi potensialından istifadə edir. Ola bilər ki, gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində hansısa hərbi birlik yaransın. Lakin hazırda bu barədə danışmaq hələ tezdir”, - Sadəddinov yekunlaşdırıb.
Rauf Orucov