Kreml Cənubi Osetiyanı ilhaq etməyə hazırlaşır?
Ekspert: Moskva Suxumi–Tsxinvali–Tbilisi üçbucağı vasitəsilə təsirini Bakı və İrəvan istiqamətində genişləndirmək istəyir
01 İyul 2026
Kremldə Gürcüstanın separatçı regionu olan Cənubi Osetiyanın Rusiya Federasiyasına birləşdirilməsi ssenarisi müzakirə olunur. Bu barədə Meduza nəşri Rusiya prezidentinin administrasiyasına yaxın mənbələrə istinadən yazıb.
Nəşrin iddiasına görə, Moskva hələ 2022-ci ildə Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi üzərində ciddi şəkildə düşünməyə başlayıb. O zaman güman edilirmiş ki, belə bir addım Rusiya ordusunun Ukraynanın işğal olunmuş ərazilərinin bir hissəsini tərk etməsindən sonra Rusiya vətəndaşlarına “ərazi qazanclarını” nümayiş etdirə bilər.
Lakin həmin vaxt bu plan təxirə salınıb. Buna, Abxaziyanın qəti şəkildə plana qarşı çıxması, Cənubi Osetiyanın isə kuratorlar tərəfindən “çirkli pulların yuyulduğu və nağdlaşdırıldığı boz zona” kimi qiymətləndirilməsi səbəb olub. Ancaq regionda çalışan siyasi texnoloqların sözlərinə görə, Moskvada yenidən “mini-SSRİ” layihəsi üzərində düşünməyə başlayıb.
Mövzunun yenidən gündəmə gəlməsinə Tsxinvalidə baş verən köklü kadr dəyişiklikləri səbəb olub.
Cənubi Osetiyanın de-fakto “prezidenti” Alan Qaqloyev iyunun 23-də gözlənilmədən istefa verdiyini elan edib. Bu, onun Moskvada Vladimir Putinlə görüşündən cəmi bir gün sonra baş verib. Qaqloyev Rusiya Federasiyası Prezidentinin müşaviri vəzifəsini tutmaq üçün postunu tərk edib.
Qaqloyevin istefası bir neçə ay əvvəl hazırlanmağa başlanmış prosedur mexanizmini işə salıb. Dünyada Rusiya və daha beş dövlət tərəfindən tanınan bu “respublikanın” qanunlarına əsasən, növbədənkənar seçkilərə qədər prezident səlahiyyətlərini baş nazir icra edir.
Maraqlıdır ki, istefadan cəmi bir həftə əvvəl – iyunun 16-da Marat Kambolov de-fakto baş nazir təyin olunub. Bu, Moskva ilə Tsxinvali arasında bağlanmış yeni “müttəfiqlik əməkdaşlığı” sazişi sayəsində mümkün olub. Həmin saziş Rusiya vətəndaşlarına Cənubi Osetiyada istənilən dövlət vəzifəsini tutmağa icazə verir.
Kambolov Rusiya məmurudur. O, 2014–2026-cı illərdə Mixail Kovalçukun rəhbərliyi altında Kurçatov İnstitutunun rəhbərliyində çalışıb. Qeyd edilir ki, Mixail və Yuri Kovalçuk qardaşları Vladimir Putinin ən yaxın və ən nüfuzlu çevrəsinin üzvləri hesab olunurlar.
Beləliklə, Kambolov cəmi yeddi gün baş nazir vəzifəsində işlədikdən sonra Cənubi Osetiyaya rəhbərlik etməyə başlayıb.
Tsxinvalinin keçmiş de-fakto “prezidenti” Anatoli Bibilov vəzifədən getməzdən əvvəl Cənubi Osetiyanın Rusiyanın tərkibinə daxil olması ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalamağa macal tapmışdı. Sonradan “respublikaya” rəhbərlik edən Qaqloyev isə bu prosesi dondurdu.
Beləliklə, Kreml Gürcüstanın işğal altında olan iki regionundan birini Rusiya Federasiyasına birləşdirmək kimi addım ata bilərmi? Prinsipcə, Moskva Ukrayna vilayətləri ilə bağlı belə bir addım atıb və hətta bu qanunsuz aktı Rusiya Konstitusiyasında da təsbit edib. Bəs Cənubi Osetiyanın ilhaqı Putinə nə verə bilər? Əhalinin daha böyük loyallığı? Yəni, Ukraynada istədiyinə nail ola bilməsə də, əvəzində qan tökmədən Gürcüstandan torpaq alması və Rusiya Federasiyasının sərhədlərini “genişləndirməsi” mesaj? Hesab bunun üzərində qurulub? Yoxsa burada başqa məqsədlər də var?
Bununla bağlı Pressklub.az-ın suallarını cavablandıran siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya (Tbilisi) qondarma “Cənubi Osetiya Respublikası” ilə bağlı proseslərin başladığı fikrini bölüşür.

“Görünür, Kreml Kovalçuk qardaşları vasitəsilə regionun yeni lideri olan Kambolovu irəli çəkir. Kambolov Sergey Kiriyenkonun protejesidir. Bu isə o deməkdir ki, Cənubi Qafqazda Rusiyanın təsirini bərpa etmək üçün rıçaqlar – ilk növbədə işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərindən başlayaraq – rəsmi şəkildə Kiriyenkoya verilib.
Kiriyenkonun Qafqaz siyasətinin “baş memarı” təyin edilməsi indiki Gürcüstan hakimiyyətini “kəndirdə” saxlamaq və ya onun qərarlarına təsir göstərmək üsuludur. Bu, Gürcüstan hökumətinin təhlükəsizlik strukturları və keçmiş baş prokuror Romanovla əlaqəli rusiyapərəst qruplaşmalardan birini darmadağın etdiyi (Gürcüstanın sabiq baş prokuroru Otar Romanov-Parsxaladze barəsində qiyabi qaydada həbs qətimkan tədbiri seçilib, o, hazırda Rusiyadadır – red.) və casusluq təbliğatı aparan şəxsləri həbs etdiyi bir vaxta təsadüf edir.
Kiriyenkoya Kreml adından fəaliyyət göstərmək üçün bütün səlahiyyətlər verilib. Rusiya hazırda Ukraynada mövqelərini itirir, hücumların qarşısını almağa çalışır və ciddi itkilər verir. Dövlət Dumasına qarşıdan gələn seçkilər (17–20 sentyabr) fonunda Kremlə Ukraynadakı uğursuzluqları kompensasiya etmək üçün ya “ildırımsürətli qalibiyyətli müharibə”, ya da Qafqazda uğur lazımdır”, – professor hesab edir.
Onun sözlərinə görə, Suxumi–Tsxinvali–Tbilisi üçbucağı vasitəsilə təsirin Bakı və İrəvan istiqamətində genişləndirilməsi planlaşdırılır.
“Plan aşağıdakılardan ibarətdir:
- Gürcüstandakı təsir dairələrini “təmizləmək”.
- Gürcüstan hakimiyyətinə təsir göstərmək üçün Kiriyenkodan Tsxinvalidə Putinin birbaşa canişini kimi istifadə etmək.
- Suxumi–Tsxinvali–Tbilisi oxundan bütün Cənubi Qafqaza, daha sonra isə Türkiyə və İran istiqamətinə təsiri genişləndirərək yeni siyasi xətt formalaşdırmaq.
Nəticə etibarilə, Tsxinvali regionu indi Putinin etibarlı adamları – Kiriyenko və Kambolov vasitəsilə şəxsən onun tərəfindən idarə olunur”, – Maisaya vurğulayıb.
Rauf Orucov