Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus: yoluxma və ölüm riskini necə azaltmalı - 2

Əhalisinin sayına görə Çindən 2 dəfə geri qalan Avropa koronavirusa yoluxanların sayına, təkcə kiçik İtaliya isə ölüm hallarına görə bu ölkəni ötdü. Köhnə qitə dünyadan özünütəcrid rejiminə keçib, bütünlüklə karantindədir, ictimai nəqliyyatın hərəkəti minimum həddə qədər məhdudlaşdırılıb, təhsil müəssisələri, özəl qurumlar, hətta bir çox dövlət orqanları fəaliyyətini dayandırıb. İndi İtaliyada, İspaniyada, Fransada, Almaniyada həyat fevral ayının sonlarında Çinin həyatını xatırladır. Karantin rejimini pozanlar üçün inzibati məsuliyyət və ciddi cərimələr nəzərdə tutulub. Virusun yeni dalğasının Şimali Amerikanı vuracağı proqnozlaşdırılır. ABŞ və Kanadada həyəcan təbili çalındığı andan hesablamaqla, COVİD-19-un inkubasiya dövrünü təşkil edən müddət bu günlərdə bitir və real mənzərə yaxın vaxtlarda aşkarlanacaq. Oxuduğunuz məqalənin 1-ci hissəsinin dərc olunduğu 17 martla müqayisədə martın 21-nə dünyada yoluxanların ən yüksək artım tempi İtaliyadan sonra məhz ABŞ-da qeydə alınıb: təxminən 15 min nəfər. 

Həmin məqalədə bildirilirdi ki, ÜST və Con Hopkins Universitetinin CSSE mərkəzi kimi mötəbər mənbələr COVİD-19 haqqında bütün məlumatları izləyir, təhlil edir, tövsiyələr verir. Rəsmi rəqəmlərə görə, martın 21-i səhərədək dünyanın 166 ölkəsində koronavirusa 275434 (dörd günə artım 90310 nəfər) təsdiqlənmiş yoluxma halı baş verib, 11399 (+4244) nəfər xəstəlikdən ölüb, 88256 (+8533) nəfər sağalıb, qalanlar müalicə prosesindədirlər. Ölüm halları müxtəlif regionlarda yoluxanların orta hesabla 2,3%-ni təşkil edir. Bu, adi mövsümi qriplə (0,1%) müqayisədə çox yüksək, SARS-la (10%), Ebola (50%) ilə müqayisədə xeyli kiçik rəqəmdir. Narahatlıq doğuran həm də odur ki, hazırda müalicədə olanların 5%-i ağır vəziyyətdədir. 

Ən çox yoluxan, yəni dəqiq yoluxanların 83,6%-nin yaşadığı 8 ölkədə ölənlərin virus daşıyıcılarına nisbəti belə dəyişib:

Ölkə 17 mart 2020 (saat 12.00) 21 mart 2020 (12.00)
Yoluxanların təsdiqlənmiş sayı  Ölənlərin sayı Yoluxanların təsdiqlənmiş sayı Ölənlərin sayı
Çin 81053 3,8% 81286 3,9%
İtaliya 27980 7,7% 47021 8,6%
İran 14991 5,7% 19644 7,3%
İspaniya 9942 3,4% 21571 5,1%
Cənubi Koreya 8320 0,9% 8652 1,2%
Almaniya 7272 0,2% 19848 0,3%
Fransa 6655 2,2% 12632 3,6%
ABŞ 4661 1% 19624 1,3%
Daha üç Avropa ölkəsində vəziyyət böyük narahatlıq doğurur: İsveçrə - 5544 (1%), Böyük Britaniya - 4014 (4,4%), Niderland - 3003 (3,5%).

Yoluxma riski kimdə çoxdur? Ölüm riski hansı hallarda daha yüksəkdir?

Bu barədə materialın ilk hissəsində ətraflı yazmışdıq. European Center for Disease Control and Prevention (ECDC) təşkilatının martın 20-nə olan son hesabatı eyni nəticələri təsdiq edir, ona görə xatırlatma olaraq oxucuları həmin materiala yönləndirməklə kifayətlənirik. 

Azərbaycanın “virus xəritəsi”ndə yeri

Virusun yayılma arealına görə dünya 5 zonaya bölünüb. Gördüyümüz kimi, martın 17-si ilə müqayisədə ən təhlükəli zonaya aid edilən tünd rəngli ölkələrin sayı artıb. 

Azərbaycan isə əvvəlkitək yoluxanların sayı 100-ü aşmayan 4-cü zona ölkələri sırasına aid edilib. (CSSE mərkəzinin hesabatına görə, Azərbaycanda indiyədək 44 yoluxma halı təsdiqlənib, 1 xəstə ölüb, 7-si sağalıb, ağır vəziyyətdə olan yoxdur.) Amma ümumi vəziyyət heç bir halda ehtiyatı əldən verməməyə çağırır: bizdə də ilk dəfə fevralın 28-də aşkarlanmış virusun inkubasiya dövrü yeni bitib və “qözdə-qulaqda” olmalıyıq. Bütün təhlükəsizlik tədbirlərinə (həkim məsləhətlərinə, dövlət orqanlarının müəyyənləşdirdikləri məhdudiyyətlərə, ünsiyyətin daraldılması, ən ciddi gigiyenik tələblər, xüsusilə qocaların qorunması barədə tövsiyələrə) dəqiq əməl edilməlidir. Çoxumuzun Avropada, Şimali Amerikada övladları, yaxın qohumları oxuyur, yaxud yaşayır. Onların əksəriyyəti cavan olduğu üçün birbaşa risk qrupuna aid deyil. Bununla belə, məhz cavanlıqlarını nəzərə alaraq onlarla daimi əlaqəni kəsməməli, uzaqdan da olsa, nəzarəti saxlamağa çalışmalıyıq. Biz özümüz də belə edirik.

Bu dəfə daha geniş diqqət yetirəcəyimiz məqam isə yalnız MÖTƏBƏR mənbələrin məlumatlarına etibar etmək barədə məsləhət olacaq. Feyklər, xüsusilə sosial şəbəkələrdə yalan və təhrif olunmuş informasiyalar virusun özündən də böyük sürətlə yayılır. Bu, qismən məsuliyyətsizlikdən, layk yığmaq həvəsidən yaranırsa, əsasən qərəzli şəkildə baş verir. 

İnfodemiya pandemiyaya qarışanda fəsadlar artır

Hələ fevralın əvvəlində ÜST koronavirus haqqında feyk məlumatların yayılmasını “infodemiya” adlandırdı. Bütün xəbərdarlıqlara baxmayaraq, saxta məlumatlar medianı və sosial şəbəkələri dolaşır, insanlarda yanlış təsəvvürlər formalaşdırır, çaşqınlıq yaradır. Martın 16-da Avropa İttifaqının bu problemlə bağlı qapalı hesabatı hazırlanıb. Financial Times qəzetinin həmin hesabata əsasən yazdığına görə, bəzi ölkələrin media orqanları panika və qorxu yaymaq, dövlətlər arasına nifaq salmaq və hakimiyyətlərin virusa qarşı mübarizə tədbirlərinin səmərəsini azaltmaq məqsədilə qəsdən yalan məlumatlar yayırlar, informasiyanı mifləşdirirlər. Azərbaycanın da informasiya məkanına daxil olmuş və daha çox müzakirə edilən belə feyklərdən bəzilərini nəzərdən keçirək:.   

  1. Koronavirusdan peyvənd tapılıb, yaxud dədə-baba qaydasında daha səmərəli müalicə üsulları var.
Belə deyil. Çində, Avstraliyada, Rusiyada, İsraildə alimlər bu barədə bəyanatlar veriblər,  amma təklif olunan dərmanların testdən keçirilməsi üçün aylar lazımdır. Bu günə koronavirusa qarşı ÜST tərəfindən təsdiqlənmiş dərman preparatı yoxdur. “Dədə-baba qaydasında” – alkoqolla, sarımsaqla, küncüt yağı ilə, isti çayla, uşaq sidiyi ilə və s. – müdafiə üsulları virusdan yayınmağa zəmanət vermir. Eynilə isti, yaxud soyuq havada virusun öləcəyi barədə məlumatlar da həkimlər tərəfindən təsdiqlənmir.   
  1. Koronavirus Çini və Rusiyanı zəiflətmək üçün ABŞ-da yaradıb, yaxud onu Qərbi “vurmaq” üçün Rusiya “çıxarıb”
Belə “sui-qəsd nəzəriyyəsi” ilk baxışdan çoxlarına cəlbedici görünür. Amma bu informasiyanı nəinki təsdiq, heç məntiqi cəhətdən izah etmək də mümkün deyil. İnsan ölümləri koronavirusun yeganə fəsadları olmayacaq. Onun sosial həyata, iqtisadiyyata (ilk növbədə ABŞ, Çin, Almaniya, Rusiya kimi iri ölkələrdə) vuracağı zərbəni bütün dünya illərlə hiss edəcək.

Feyklər barədə söhbəti yekunlaşdırarkən demək lazımdır ki, bəzən dövlət orqanlarının özlərinin hərəkətləri şayiələrə, lazımsız yozumlara şərait yaradır. Dünən axşam belə hallardan birinin şahidi olduq. İnfeksiya ilə əlaqədar məmurların bir aylıq məzuniyyətə göndərilməsi barədə Azərbaycan Nazirlər Kabinetinin qərarı saytlarda yerləşdirildi, sonra yığışdırıldı, bir müddət sonra isə yenidən dərc olundu. Bu “götür-qoy”u, əlbəttə, təkcə jurnalistlərin gözü tutmadı və dərhal sosial şəbəkələrdə həyəcanlı müzakirələr başladı.

Kritik vəziyyətlərdə bütün tərəflər informasiya ilə dəqiq işləməlidirlər, əhali dövlət orqanlarının, səhiyyə təşkilatlarının gördükləri işlər barədə maksimum səhihliklə məlumatlandırmalıdır. Xüsusən daxili vəziyyət barədə xarıcdən yayılan informasiyalar yoxlanılmalıdır. Virusun nə dövlət sərhədləri, nə də iqtidar-müxalifəti olur. Düzgün və operativ məlumatlar insanların heç bir panikaya yol vermədən davranışlarını müəyyənlədirməsinə və fərdi qaydada müdafiə olunmasına yardım göstərir.  

Press Klub