Koronavirus özünü harada daha rahat hiss edir: Azərbaycanda, Gürcüstanda, yoxsa Ermənistanda?
06 May 2020
“Ermənistandakı koronavirus epidemiyası ilə bağlı vəziyyət dəhşətlidir”. Bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan mayın 5-də “PRESSİNG” müəllif proqramının efirində danışıb.
News.am saytının məlumatına görə, Baqratyan martın ortalarında Ermənistanda fövqəladə vəziyyət tətbiq olunduğunu və baş nazirin müavini Tiqran Avinyanın komendant təyin edildiyini xatırladıb və deyib:
“O zaman 18 xəstə var idi, indi, səhv etmirəmsə, 2619. Əlli gün ərzində yoluxanların sayı 146 dəfə artdı. Martın 15-nə olan məlumata görə, dünyada 156 min nəfər yoluxmuşdu, bu gün isə 3,5 milyondan çoxdur. Martın 15-də hər 100 min nəfərə 2 xəstə, Ermənistanda isə 0.4 xəstə düşürdü. Bu gün dünyada hər 100 min nəfərə 46, Ermənistanda 91 xəstə düşür. Yəni, biz bütün dünyanı üstələdik.”
Keçmiş baş nazir qeyd edib ki, Ermənistanda fövqəladə vəziyyət bu cür adlandırıla bilməz:
“Epidemiyanı aradan qaldırmaq üçün mexanizmlər var. Martın 15-də Gürcüstanda 35, bizdə isə 18 yoluxan var idi. Bu gün Gürcüstanda vəziyyət bizdəkindən 7 dəfə yaxşıdır. Demək olar ki, 10 milyon əhalisi olan Azərbaycanda isə 1800 xəstə var".
Baqratyan xatırladıb ki, 90-cı illərdə Gürcüstan enerji sistemini idarə edə bilməyəndə Ermənistanın energetika naziri gürcü həmkarının kabinetində bu ölkənin enerji sistemlərini qaydasına salmışdı: "Bu gün arzu edirəm ki, Qaxariya (Gürcüstanın Baş naziri – red.) iki həftəlik Ermənistana gəlib, hökumət başçısı vəzifəsinə keçsin və epidemiya ilə necə mübarizə aparmağı göstərsin."
Tərcümə edib: Gülnarə Rəhimova