Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus haqda feyklərin aşkarlanması və onlardan yayınmaq üsulları


Azərbaycan jurnalistlərinin və sosial media fəallarının nəzərinə!


Jurnalistlər və sosial şəbəkə fəalları üçün virtual təlimləri davam etdiririk. Ötən məşğələdə “Pandemiya və karantin şəraitində jurnalist panika yaratmadan necə işləməlidir?” sualı müzakirə mövzusu idi. Biz ən yeni dünya təcrübəsi əsasında media mütəxəssislərinin hazırladıqları qaydalar və həmkarlarımızın məsləhətləri ilə sizi tanış etdik. Bu dəfə “Koronavirus haqda feyklərin aşkarlanması, təhlili və onlardan yayınmaq üsulları” barədə söhbət açacağıq. Tövsiyələrə diqqətlə yanaşın, unutmayın ki, belə həssas məqamlarda hətta qərəzsiz xəta böyük günaha çevrilə, peşə karyeramızda pozulmaz ləkə kimi qala bilər. Jurnalistlər bəzən xalqın təkcə mental yox, həm də fiziki sağlamlığına görə məsuliyyəti bölüşməli olurlar. İndi həmin məqamlardan biridir.

Arif Əliyev

Hələ fevralın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatı koronavirus haqqında feyk məlumatların yayılmasını “infodemiya” adlandırdı. Bütün xəbərdarlıqlara baxmayaraq, saxta məlumatlar medianı və sosial şəbəkələri dolaşır, insanlarda yanlış təsəvvürlər formalaşdırır, vəziyyətin ağırlaşmasına səbəb olur. Martın 16-da Avropa İttifaqının bu problemlə bağlı qapalı hesabatı hazırlanıb. Financial Times qəzetinin həmin hesabat haqqında əldə etdiyi məlumata görə, bəzi dövlətlərin (!!!) media orqanları panika və qorxu yaymaq, ölkələr arasına nifaq salmaq və hakimiyyətlərin virusa qarşı mübarizə tədbirlərinin səmərəsini azaltmaq məqsədilə qəsdən yalan məlumatlar yayırlar, informasiyanı mifləşdirirlər. Sinqapurda yerləşən, kibercinayətlərə qarşı mübarizə sahəsində ixtisaslaşmış Group-IB təşkilatı COVİD-19-la bağlı 9500 təhlükəli feyk qeydə alıb və bu istiqamətdə xüsusi təhqiqata başlayıb.  Azərbaycanın da informasiya məkanına daxil olmuş feyklər az deyil. Onların bir qismi yerli jurnalistlərin, xüsusilə sosial şəbəkə fəallarının “yaradıcılığının” məhsuludur. Martın ikinci yarısında yayılmış feyklərdən biri guya Bakı və Sumqayıtda şəxsi nəqliyyatın hərəkətinə qadağa qoyulması ilə bağlı idi. Bu məlumat Daxili İşlər Nazirliyi tərəfindən təkzib edildi, amma qısa müddət ərzində az fəsad yaratmadı. Mövzu çox aktual, vəziyyət gərgin olduğu üçün koronavirus haqda feyklərin qarşısını almaq digər feyklərlə mübarizə aparmaqdan daha çətindir. Bununla belə, “informasiya gigiyenasını” qorumağın yolları barədə ekspert məsləhətləri media məkanını təmiz saxlamağa kömək edir.

1. Əl saxlayın və fikirləşin

Whatsapp, Facebook və Twitter-də paylaşmalar sırasında COVİD-19-a dair materiallar böyük üstünlük təşkil edir. Bu, təbiidir: hamı yaxınlarına, darda olanlara kömək üçün aldığı yeni məlumatı dərhal bölüşmək istəyir. Ancaq tələsməyin, əvvəl düşünün: bu xəbərin dezinformasiya olmadığına əminsinizmi? Doğrudurmu ki, məsələn, cənub rayonunda xəstəxanada karantinə yerləşdirilmiş adamlara pulsuz su da vermirlər? (Azərbaycanda koronovirus mövzusunda ilk feyklərdən biri – red.) Axı belə həyəcanlı məlumata, təbabət bir yana, heç insani baxımdan şübhə ilə yanaşmamaq mümkün deyil. Odur ki, xəbəri ötürməyə tələsməyin, nəyəsə şübhəniz yaranırsa, fikirləşin.

2. Mənbəni yoxlayın

Özünüzə sual verin: məlumat hansı mənbədən yayılıb? Onu tanıyırsınızmı? Nəzərə alın ki, tanımadığınız və etibar etmədiyiniz mənbədən informasiyanın yanlış, yaxud məqsədli olması ehtimalı onun doğru çıxması şansından böyükdür.    Bir misal: martın ilk günlərində Facebook-da “magistr əmimin məsləhətləri” başlıqlı post populyarlıq qazandı. Məşhur Snopes fakt-yoxlama saytı güman edir ki, onu ilk dəfə 84 yaşlı bir ahıl yayıb. Sonra həmin postu Qanadan tanınmış televiziya aparısı İnstagram-a , Hindistandan katolik icması Twitter-ə ötürüb. Post genişləndikcə versiyaları yaranıb. Nəticədə insanlar ağıllı məsləhətlərlə yanaşı, tamamilə yalnış diaqnostika üsullarına da etibar etməyə başlayıblar. Martın ortalarında isə ABŞ-da “dostumun FBİ-dan olan dostuna” istinadən yayılmış xəbər əhalidə az qala panika doğurmuşdu, mağazalarda nəhəng növbələr yaranmışdı. Britaniyanın Full Fact müstəqil fakt araşdırma xidməti bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq və milli səhiyyə orqanları koronavirusa dair ən etibarlı informasiya mənbələri olaraq özlərini təsdiq ediblər. Hətta ekspertlər də yanıla bilərlər, amma istənilən halda onlar “magistr əmilərdən” və “dostumuzun dostundan” etibarlı mənbələrdir. 

3. Informasiyanın “zahiri görünüşünə” aldanmayın

Feyklərin əksəriyyəti elə tərtib olunur ki, rəsmi məlumata, hətta sənədə bənzəyir. Yalan xəbərlərin müəllifləri bəzən mötəbər agentlikləri (onların saytlarını, blanklarını), yaxud dövlət orqanlarını imitasiya edirlər. Martın 27-də sosial şəbəkələr Bakı Baş Polis İdarəsinin rəis əvəzi adından imzalanmış bir telefonaqramın (№338!) mətnini yaymışdılar. Orada avtomobillərin və vətəndaşların küçələrdə hərəkəti qadağan edilirdi. Facebook qəfil xəbərdən çaşmış vətəndaşların şərhləri ilə dolu idi. Tələsikdə heç kimin ağlına gəlmirdi ki, mənbəni dəqiqləşdirsin, yaxud “sənədi” paylaşmazdan əvvəl onun yuxarı hissəsində saxtakarın dəyişmək yadından çıxmış kiçicik tarixə diqqət yetirsin: “14 Feb 2017”. Oxşar hadisə bir neçə gün əvvəl Moskvada da baş vermişdi. Orada komendant saatının təyin olunması haqqında əmrin qondarma surəti şəbəkədə paylaşılmışdı.  

Auditoriyanı inandırmaq üçün geniş tətbiq olunan üsullardan biri də uydurma mətnə nüfuzlu telekompaniyanın verilişindən skrinşot əlavə etməkdir. Dünyaya səs salmış feyklərdən birində Polşa arağının koronavirusu öldürdüyü iddia edilir və bu cəfəngiyyat CNN-dən götürülmüş “kadrla” təsdiqlənirdi. Bu məlumat Şərqi Avropada çoxlarını havayı xərcə salmışdı. 

4. Əmin deyilsinizsə, yaymayın

Əgər informasiyanın dəqiqliyini yoxlaya bilməmisinizsə, yaxud mənbəyə əmin deyilsinizsə, onu dostlarınızla bölüşməyin, dərc etməyin. Heç olmasa məlumatın aid olduğu sahə üzrə ekspertlərlə məsləhətləşin. Ən pis halda isə informasiyanı ötürdüyünüz auditoriyaya şübhələrinizi də çatdırın.

5. Hər faktı ayrılıqda yoxlayın

WhatsApp-da koronavirus haqqında ən populyar feyklər həkimlərin və guya xəstəlikdən özlərini sağaltmış insanların məsləhətləridir. Yəqin, hər birimiz belə mətnlər, audiomesajlar almışıq. Onlarda adətən həqiqətlə yalan bir-birinə qarışmış olur. Ümumiyyətlə, faktla uydurmanın vəhdəti təbliğatın əsas prinsiplərindəndir. Siz tövsiyələrin siyahısını alanda, on məsləhətdən səkkizinin doğru olduğunu biləndə, ilk dəfə eşitdiyiniz digər ikisinə də inanırsınız. Amma feyk bircə bəndin içində də gizlənə bilər. Odur ki, hər faktı ayrılıqda yoxlayın.

6. Emosiyalarınızdan ehtiyat edin, obyektivliyi itirməyin

Güclü emosiya oyadan – qorxu, qəzəb, sevinc yaradan məlumatların feyk olması ehtmalı daha böyükdür. 
“Qorxu – dezinformasiyanın hərəkətverici qüvvəsidir, məhz qorxu ona həyat verir”

Kler Uordl, dezinformasiyalara qarşı mübarizə aparan First Draft təşkilatının eksperti

 

“Demos” sosial medianın təhlili institutunun əməkdaşı Karl Miller isə deyir ki, insanlar onların bir şey haqqında təsəvvürlərinə uyğun gələn və hisslərini qıcıqlandıran məlumatları daha tez bölüşürlər. 

"Biz informasiyanın ehtiraslarımıza toxunduğu anda dezinformasiya üçün daha açıq oluruq. Məhz bu məqamda əyləci basmaq lazımdır”.
Əgər bir xəbərdə çoxlu maraqlı və yeni məsləhətlər toplanıbsa, artıq ehtiyatlı olun. Feyklər bu keyfiyyəti ilə də seçilirlər. 2018-ci ildə Twitter-də şayiələrə dair Science jurnalında dərc olunmuş araşdırma göstərir ki, feyklər adi materiallarla müqayisədə daha məzmunlu olduqları üçün onları çox bölüşürlər. Əsl jurnalistikada xəbərlər adətən fərqli prinsip üzrə hazırlanır: “bir yenilik – bir xəbər”. Saxta xəbərlər isə cəlbedicilik naminə müxtəlif “maraqlı” detallarla zənginləşdirilir. Fevralın sonunda “Mühüm məlumat” başlıqlı bir xəbər İnterneti dolaşırdı. Orada guya Şençjendə (Çin) işləyən bir rus həkimi qohumlarına öz-özünə diaqnoz qoymaq və qorunmaq üçün məsləhətlər verirdi: “burnunuz axırsa, koronavirusa yoluxmamısınız”, “xəstələnəndə sizdə elə təsəvvür yaranır ki, sanki suda boğulursunuz”, “tez-tez isti su içsəniz, yoluxmazsınız”  və s. Əlbəttə, belə deyildi. “Həkim” virus haqqında da ətraflı məlumat verir, hətta onun diametrinin ölçüsünü göstərirdi. Məhz bu sonuncu detallar medianın “mütəxəssis rəyinə” etibar etməsinə və məlumatı yaymasına rəvac vermişdi. Və bu o vaxt idi ki, vəziyyəti kifayət qədər araşdırmamış ÜST hələ tövsiyə verməkdən çəkinirdi. 

7. Videolar və şəkillərlə xüsusilə ehtiyatlı olun

Xəbərə video, ya şəkil əlavə edilibsə, o daha inandırıcı və maraqlı görünür. Ancaq bu artıq çoxdan belə deyil. Odur ki, hər detala (mətn-şəkil-video) ayrıca fikir verin. Epidemiya dövründə hətta ən xoş xəbər də sonradan qərəzli istifadə edilən feyk ola bilər. Bir misal.Qu quşlarının Venesiyaya qayıtması haqda xəbər milyondan artıq layk topladı, onu 280 min şəbəkə fəalı və yüzlərlə KİV bölüşdü. Ancaq  Bellingcat təhqiqat qrupu aydınlaşdırdı ki, xəbərə əlavə olunmuş şəkil başqa bir adada - Buranodakı kanalda çəkilib. National Geographic jurnalı isə müəyyənləşdirdi ki, eyni məzmunlu video da Venetsiyadan min kilometr aralıda – Sardinya adasında hazırlanıb.Və nəhayət: əgər koronavirus barədə aldığınız məlumatın həqiqi, ya saxta olduğunu heç cür müəyyən edə bilimirsinizsə, amma şübhələriniz qalırsa, sahə üzrə dövlət orqanlarına, o da nəticə vermədikdə bu məqalədə linkləri göstərilmiş fakt araşdırma təşkilatlarının, yaxud Snopes.com, BuzzFeedNews kimi saytların köməyinə müraciət edin. (Novbəti məşğələ: “COVİD-19 haqqında medianın yaydığı ən populyar miflər və yanlış təsəvvürlər”in ÜST tərəfindən tərtib olunmuş siyahısı)