Logo
news content
User
Kateqoriyalar

Analitika

Koronavirus Azərbaycan turizminə də zərbə vurdu

Koronavirus Azərbaycanın təhsil sistemindən sonra turizm sektoruna da zərbə vurdu. Nazirlər Kabinetinin qərarı ilə “ASAN Viza” elektron portalı vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılır. Azərbaycana səfər etmək istəyən əcnəbilər viza üçün yenidən səfirlik və baş konsulluqlara müraciət etməli olacaqlar.

Koronavirusun ölkə turizminə vuracağı zərbələr və mümkün zərərlərin aradan qaldırılması üçün hökumətin atacağı addımlar maraq doğuran suallardan biridir.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirdi ki, Azərbaycanda prosesin idarə edilməsi kifayət qədər yüksək səviyyədə aparılır və böhranı ötürmək mümkün olacaq: “Daxili turizm üzrə layihələrdə dəyişiklik yoxdur və bütün layihələr öz axarı ilə davam edir".

Otel və xidmət sahələrinin nə qədər zərərə məruz qala biləcəyi və hökumətin bu sahəyə mümkün dəstəyi barədə suala isə Agentlik rəsmisi belə cavab verdi:

“Biz mütəmadi olaraq otelçilər, turizm şirkətləri ilə görüşlər keçiririk. Bu krizis qlobal krizisdir, təkcə Azərbaycana və Azərbaycan turizminə aid olan bir şey deyil. Demək olar ki, hər gün yeni qərarlar verilir, bir çox problemlər meydana çıxır və s... Ona görə də, konkret proqnoz vermək qəliz məsələdir. Biz indi hesablamalar aparırıq. Otelçilər, turizm şirkətləri ilə birgə müzakirələr gedir, bronlaşdırmada, otellərdə, turizm şirkətlərində nə qədər azalma olduğuna baxırıq. Məsələn, bu gün əlimizdə olan rəqəmlər yanvar-fevral aylarının rəqəmləridir. Həmin rəqəmlərə görə, ölkəyə gələn xarici vətəndaşların sayı 15,8% artıb. Əlbəttə ki, indi vəziyyət dəyişib. Fevralın 28-dən bu yana artıq yarım ay keçib və ciddi dəyişikliklər olub, bu dəyişikliklər hər gün baş verir. Ona görə də qısamüddətli proqnozlar vermək qəliz məsələdir. Biz turizm sənayesinin nümayəndələri ilə görüşüb, dəyəni ziyanı hesablayıb, dövlət tərəfindən verilə biləcək dəstək paketlərini müəyyənləşdiririk. Faktiki olaraq, qlobal krizis şəraitində dəyən ziyanın minimuma endirilməsinə çalışırıq”.

“TURNAZ” turizm agentliyinin baş direktoru Aytən Əliyeva isə məsələ ilə bağlı bir gün əvvəl müzakirələr aparıldığını qeyd etdi: “Yanvar-fevral aylarında Azərbaycana gələn turistlərin sayı nəinki geriləməyib, hətta bir neçə faiz artım müşahidə olunub. Biz gözləyirik ki, mart-aprel aylarında azalma müşahidə olunsun. Hələ ki bu barədə konkret məlumat yoxdur.”

A.Əliyevanın Turizm Bürosundan əldə etdiyi məlumata görə, Dövlət Turizm Agentliyi Turizm Bürosu ilə birgə müvafiq platforma hazırlayıb və sayt açıblar: “Yerli turizm şirkətləri və otelləri bura cəlb ediblər ki, müəyyən endirimlər etsinlər. Bu aylarda xaricdən turistlər gəlməsə, daha çox yerli turistlərin regionlara gedib-gəlmələri üçün addmlar atılır. Əslində bu proqramı onlar çoxdan hazırlayırlar və təqdimatını planlaşdırırdılar. Sadəcə olaraq, bu məsələ koronavirusla bağlı problemlərin ortaya çıxdığı zamana təsadüf etdi. Bu platformadan eyni zamanda risklərdən çıxış yolu kimi istifadə olunacaq. Çıxış yolu da ondan ibarət olacaq ki, kifayət qədər turizm şirkətləri, otellər həmin platformaya qoşulub, xüsusi endirimlər əldə edəcəklər.”

Dəyəcək zərərlərin minimallaşdırılması və ya kompensasiyası üçün hökumətin hansı addımları atmalı olduğu haqda sualı cavabandıran A.Əliyeva dedi ki, hazırda yerli turizm obyektləri ilə danışıqlar aparılır və onların istəkləri, nələri dəyişmək lazım olduğu, vergilərin azadılması və digər məsələlər öyrənilir: “Bu prosesdən sonra dövlət orqanları, Vergilər Nazirliyi ilə müzakirə aparılacaq.”

Ülviyyə Şahin