KİVDF MİA oldu: nə dəyişəcək?
14 Yanvar 2021
Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Əhməd Məhəmməd oğlu İsmayılov Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Görəsən, ad dəyişikliyi ilə mahiyyət və keyfiyyət dəyişikliyi də baş verəcəkmi? Yeni yaradılan agentliyin medianın inkişafında hansı rolu olacaq? Hakimiyyət öz media siyasətini necə quracaq? Mediaya azadlıq, jurnalistlərə sərbəstlik veriləcəkmi?
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli “Press Klub”a açıqlamasında qeyd etdi ki, KİVDF faktiki olaraq bir funksiya həyata keçirirdi:“Həm maliyyə dəstəyi, qrant və mükafatlar şəklində dəstək, həm də jurnalistləri mənzillə təmin etməklə bağlı funskiyaları idi. KİVDF-nin nəzdində yaradılan Media İnkişaf Agentliyi isə bir qədər təhlükəli səlahiyyətlərə sahibdir. Məsələn, köhnə mətbuat və informasiya nazirliyinin səlahiyyətləri, biznes fəaliyyəti ilə bağlı səlahiyyət, eyni zamanda özünütənzimləmə və inkişaf aspektindən Mətbuat Şurasının da bəzi funksiyalarını Agentliyə qatıblar. Hətta MTRŞ-in səaliyyətlərindən də bu quruma verilənlər var. Birincisi, qarmaqarışıq bir qurum yaradıblar. İkincisi, Avopa məkanında lisenziyalı fəaliyyət istisna olmaqla, medianın dövlət tənzimlənməsinə icazə verilmir. Biz Avropa Konvensiyasına qoşulmuşuq və 10-cu maddə teleradio fəaliyyətinin lisenziyalaşması ilə bağlıdır. İndiki halda isə audiovisual media qurumları anlayışı gətiriblər. Bu da lisenziyalı, qeyri-lisenziyalı fərqi qoyulmadan, hamısını əhatə etməyi planlaşdırır. Daha bir məsələ ondan ibarətdir ki, agentliyə inzibati sanksiya tətbiq etmə səlahiyyəti veriblər. Bu da özünütənzimləmə deyil, mediaya dövlət nəzarətidir. Hətta bunu yalnız çap deyil, onlayn mediaya da aid ediblər ki, bu da yenə dövlətin mediaya müdaxiləsi hesab oluna bilər.
Üçüncü önəmli məqam odur ki, ümumiyyətlə, bu tip qurumlar formalaşarkən cəmiyyətin ehtiyacları və bu sahədə bilavasitə media ictimaiyyətinin rəyi öyrənilmədən addımlar atılır. Bu da prosesin həm də yekununa yönəlik sualları ortaya çıxarır. KİVDF-ni də vaxtilə bəh-bəhlə formalaşdırdılar. O zaman o yaxşı idisə, indi niyə dəyişirsiniz? Pisdirsə, indi niyə eyni metodla gedirsiniz? Bu baxımdan irəliyə yönəlik olaraq orada diqqət çəkən məqam medianın, jurnalistlərin inkişafına müəyyən töhfə vermə məsələsidir. Amma bu, necə olacaq? Universitetlərin jurnalistika fakültələrinin keyfiyyətini görürük. Əgər eyni metodologiya üzərindən gediləcəksə, ciddi dəyişimin olacağını düşünmək bir o qədər əsaslı olmur. Bu prosesi ancaq zaman göstərəcək.
Digər narahatedici məqam da odur ki, iki ay ərzində media qanunu deyilən bir qanun müzakirəyə çıxarılacaq. Bu, özü də şübhə yaradır. Bunun da ictimai müzakirəsi olmalıdır”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı suallarımıza cavabında öncə onu vurğuladı ki, azadlıq verilmir, alınır:“Bu nöqteyi-nəzərdən heç kim heç kimə azadlıq verə bilməz. Amma bunun nəticəsi necə olacaq? Bu, başqa məsəlidir. Bir çox hallarda bizim özümüzdən asılıdır”.
Şıxlının sözlərinə görə, media aləmində xeyli dəyişikliklər var:
“Onlayn media əmələ gəlib, sosial şəbəkələr var. Digər media elementləri və subyektləri əmələ gəlir. Və bizim qanunvericilikdə bunların tətbiqi yoxdur. Fikir verdinizsə, Media İnkişaf Agentliyinin Nizamnaməsinin birinci bəndində yazılıb ki, audiovisual, çap, onlayn və informasiya agentlikləri ilə məşğul olmaq. KİVDF bundan əvvəl ancaq çap versiyası ilə məşğul idi. İndi isə bütün informasiya vasitələri bir Agentlikdə birləşməlidir. Agentliyin bütün bu spektrdə işləyə bilməsi üçün media haqqında yeni qanun qəbul olunacaq. Bu da Nizamnamədə qeyd olub və deyilir ki, iki ay ərzində həmin qanun layihəsi işlənib, Milli Məclisdə müzakirə olunmalıdır. Bu proseslər və bürokratik məqamlar ən azı üç-dörd ay çəkəcək. Agentliyin özünün yenidən təşkilatlanması, mülkiyyətinin, inzibati binasının müəyyənləşdirilməsi və s. məsələlər müəyyən vaxt alacaq. Bu təşkilati işlər yerinə yetirilənə qədər də yeni qanun layihəsi qəbul olunacaq”.
E.Şıxlı bildirdi ki, bizim ümumi problemimiz hər zaman bu olur ki, normal qanunlar qəbul edirik, amma onların icrasında problemlər yaranır:
“Ona görə də, düşünürəm ki, agentliyin işinin müsbət olması, qanunların işləməsi və digər məqamlar qanunların necə icra olunmasından və onların icrasına nəzarətdən asılı olacaq”.
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə qeyd etdi ki, yeni qurumda 3 funksiya biləşir:
“Burada üç funksiya birləşir: dövlət tərəfindən idarəetmə, icra nəzarəti, kommersiya funksiyaları. Bunlar hamısı bir-birinə ziddir. Bunların üçünü bir yerdə birləşdirmək dövlət, ictimai, media maraqlarının toqquşması deməkdir. Ona görə də, orada problemlər var. Amma əsas məsələ agentliyin fəaliyyətinin necə olacağıdır. Bu barədə bir yazı da yazdım. Bizim peşə əxlaqı kodeksimizin prinsipləri var. Birinci prinsipimiz həqiqətə xidmətdən ibarətdir. Baxın, həmin prinsip mediada işləyəcəkmi? Bu, nə deməkdir? O deməkdir ki, bütün mediada balans, plüralizm və obyektivlik olmalıdır. Televiziya kanallarında və başqa informasiya portallarında ictimai xadimlər, müxalif siyasətçilər, müstəqil xadimlərə yer verilməlidir, onlar danışmalıdır, cəmiyyətlə ünsiyyətdə olmalıdır. Əgər bunlar baş verəcəksə, o zaman biz medianın azad olduğunu deyə biləcəyik. Yox, əgər bunlar olmayacaqsa, həmin məsələdir, sadəcə olaraq, ad dəyişir, mahiyyət isə dəyişmir”.
Tanınmış jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli deyir ki, son bir ildə media sahəsində islahatların zərurəti haqqında çox danışılıb:“Bütün mətbuat işçiləri belə bir islahatın olmasını arzulayırdı və mən hesab edirəm ki, indi Media Agentliyinin yaradılması həmin islahatların çox ciddi bir başlanğıcıdır. Yeni qurumun yaradılmasına zərurət var idi. Çünki son illər həm yaradılan ictimai təşkilatlar, həm də dövlət qurumları bu sahədə problemləri aradan qaldırmadı. Əksinə, bir çox sahələrdə demək olar ki, iflic vəziyyəti yaratdı. Ona görə də, KİVDF-nin bazasında yeni bir agentliyin yaradılması və ona çox ciddi vəzifələr, səlahiyyətlər verilməsi media sahəsində inkişaf üçün müəyyən ümidlər oyadır”.
Məhərrəmli əlavə etdi ki, Agentliyin Nizamnaməsində göstərildiyi kimi, qurum jurnalistikanın bütün sahələri ilə məşğul olacaq:
“Birinci, mediada mövcud qanunvericiliyin möhkəmləndirilməsi, ikincisi, medianın maddi-texniki bazası ilə bağlı problemlərin həll olunması, üçüncücü, ölkədə plüralizmin təmin olunması, media subyektləri ilə cəmiyyət, dövlət arasında münasibətlərin tənzimlənməsini reallaşdırmaqdır. Bu, asan məsələ deyil. Bununla bağlı vaxtilə Mətbuat Şurası yaradılmışdı. Orada şikayətlər üzrə komissiya bunun icrası ilə məşğul idi. Amma o da effektli olmadı. Çünki həm cəmiyyətdən, həm də medianın özündən gələn bir sıra problemlər bu məsələni yüksək səviyyədə, keyfiyyətli şəkildə reallaşdırmağa imkan vermirdi. Artıq bunun üçün hüquqi baza yaradılır. Bunun üçün səlahiyyətli qurum var. Bu işlərin təkmilləşdirilməsi yeni yaradılan Media Agentliyinin əsas vəzifələrindən biridir”.
Q.Məhərrəmlinin sözlərinə görə, media qurumlarının fəaliyyətinin tənzimlənməsi o demək deyil ki, onları asılı vəziyyətə salmaq lazımdır:
“Çünki bir çox məmurlar tənzimləmə söhbəti ortaya çıxan kimi yalnız medianın fəaliyyətini necə məhdudlaşdırmaq olar deyə düşünürlər. Bütün dünyada medianın gələcəyi azad mətbuatla bağlıdır. Azad mətbuat olmasa, cəmiyyətdə bu və başqa məsələlərlə bağlı çox ciddi problemlər ortaya çıxa bilər. Media azadlığından sui-istifadə olunmamalıdır. Medianın azadlığını qorumaq lazımdır. Bununla bağlı Media Agentliyinə çox böyük səlahiyyətlər verilir. Ümid edirik ki, həmin səlahiyyətləri Agentlik bütün cəmiyyətin köməyi ilə reallaşdıra biləcək”.
Ülviyyə Şahin