Logo
news content
User
Kateqoriyalar

Analitika

Keçmiş hakim Samir Talıbovdan açıqlama

Son iki gündə sosial medianın əsas müzakirə mövzularından birinə çevrilən hakim Samir Talıbov səlahiyyətlərinə vaxtından əvvəl xitam verildiyini təsdiqləyib. Amma o, hadisənin AXCP fəalı Aqil Hümbətovun xeyrinə verdiyi qərarla əlaqələndirilməsinin əleyhinədir. Bu barədə fikirlərini sosial media hesabından paylaşan sabiq hakim bildirib ki, hakimlikdən öz istəyi ilə uzaqlaşdırılıb.

S.Talıbov yazıb ki, iş yükünün ağırlığına görə bu vəzifədən getmək qərarı verib:

“Hakim kimi fəaliyyət göstərdiyim ilyarıma yaxın dövrdə bu vəzifənin şərəfli olması ilə yanaşı, həddindən artıq çətin və məsuliyyətli olduğunu da dərk etdim. Təkcə onu deyim ki, ötən il 1500-dən çox işə baxmışdım. Bu böyük iş yükü nəinki həvəs göstərdiyim elmi fəaliyyətlə, heç digər qayğılarımla da məşğul olmağıma imkan vermirdi. Ona görə də götür-qoy edib, vəkillik fəaliyyətinə keçərək daha sərbəst olmaq, elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan, müraciətimə anlayışla və hörmətlə yanaşıldı, öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi. Hər kəsdən adımın hər hansı başqa məqsədlə hallanmasına son qoyulmasını tələb edirəm...”

1980-ci il təvəllüdlü S.Talıbov hakimlikdən əvvəl 10 ilə yaxın Ali Məhkəmədə işləyib. O, öncə məhkəmə iclas katibi, daha sonra hakim köməkçisi olub. 2018-ci ilin dekabrında isə Sabunçu rayon Məhkəməsinə hakim təyin edilib. Bu vəzifədə cəmi 1 il 4 ay işləyən S.Talıbovun səlahiyyətlərinə aprel ayında xitam verilib. S.Talıbov aprelin 1-də AXCP fəalı Aqil Hümbətovun xeyrinə - onun məcburi salındığı psixiatriya xəstəxanasından çıxarılmasına qərar vermişdi. Hakimlik səlahiyyətlərinə həmin qərardan cəmi on gün sonra xitam verilməsi müxtəlif müzakirələrə yol açıb.

Gülər