Logo
news content
User
Kateqoriyalar

Analitika

Keçmiş baş komandandan “12 illik nağıl” etirafı
Zalujnı niyə “Ukrayna heç vaxt NATO üzvü olmayacaq” deyir?

Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı bildirib ki, NATO-ya mümkün üzvlüklə bağlı müzakirələrə baxmayaraq, Ukrayna “heç vaxt” Alyansın üzvü olmayacaq. Bu barədə The Moscow Times nəşri yazır.

Mən NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il ərzində Ukraynanın NATO standartlarını mənimsəməsi ilə şəxsən məşğul olmuşam və hər il “bax, indi NATO-ya qəbul olunacaqsınız” nağıllarını dinləmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya daxil olmayacağıq”, – Zalujnı Kiyevdə səfirlərin müşavirəsi çərçivəsində keçirilən Avroatlantik inteqrasiya mövzusunda müzakirə zamanı deyib.

Onun sözlərinə görə, problemlərdən biri NATO standartlarının artıq köhnəlməsidir.

Ukrayna Silahlı Qüvvələrinin hazırkı inkişaf səviyyəsi ilə İkinci Dünya müharibəsinin doktrinalarına əsaslanan bir təşkilata qoşulmaq mümkün deyil”, – Zalujnı vurğulayıb.

O əlavə edib ki, Rusiya Federasiyasının hazırkı səviyyəsinin heç olmasa yarısına çata bilməsi üçün Şimali Atlantika Alyansının yeni standartlara keçməsinə “təxminən 12 il” lazımdır.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı etiraf edib ki, Ukraynanın bu gün NATO ölkələrində mövcud olan texnologiyalara, o cümlədən raketdən müdafiə sistemləri sahəsindəki imkanlara ehtiyacı var.

Zalujnının sözlərinə görə, təhlükəsizlik təminatları əldə etmək üçün Ukrayna Şimali Atlantika Alyansına deyil, hazırda formalaşmaqda olan yeni blok və ittifaqlara qoşulmalıdır. “Çox güman ki, söhbət Avropa hərbi-siyasi təhlükəsizlik blokundan gedəcək”, – Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı izah edib.

O, həmçinin təəssüflə bildirib ki, Kiyev Böyük Britaniyanın rəhbərlik etdiyi hərbi koalisiya olan Birləşmiş Ekspedisiya Qüvvələrinə (JEF) qoşulmaq istiqamətində iş aparmır.

Valeri Zalujnı 2021–2024-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub. O, bu vəzifədən yüksək ictimai etimad reytinqi ilə ayrılıb və Ukraynada keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırır. 2026-cı ilin iyun ayına olan sorğulara əsasən, seçicilərin 16 faizi Zalujnıya, 32 faizi isə hazırkı Prezident Volodimir Zelenskiyə səs verməyə hazır olduğunu bildirib.

Ukrayna Konstitusiyasında ölkənin NATO-ya üzv olmaq istəyi təsbit olunub. Bununla belə, Zelenski ABŞ və Avropa tərəfindən təhlükəsizlik təminatları veriləcəyi təqdirdə, Alyansa üzvlükdən imtina etməyə hazır olduğunu bildirib. NATO-nun Baş katibi Mark Rutte isə daha əvvəl bəyan etmişdi ki, Ukraynanın Alyansa qəbulu məsələsi hazırda gündəlikdə deyil. Bununla yanaşı, o vurğulamışdı ki, Kiyev üçün “NATO-ya doğru geri dönməz yol” mövcuddur.

Ümumilikdə vəziyyət kifayət qədər mürəkkəb, kənardan baxdıqda isə demək olar ki, dolaşıq görünür. General Zalujnının gəldiyi nəticələrlə razılaşmaq olarmı? NATO doktrinalarının köhnəldiyi barədə dedikləri nə dərəcədə əsaslıdır? Və ümumiyyətlə, şərqdən gələn təcavüzkarla ağır müharibənin davam etdiyi indiki şəraitdə NATO-ya üzvlük Ukraynaya nə verə bilər?

Pressklub.az-ın suallarını tanınmış ukraynalı siyasi texnoloq, “Üçüncü Sektor” Analitik Mərkəzinin rəhbəri Andrey Zolotaryov cavablandırıb.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyünə inam müəyyən mənada dini inanca çevrilib. Çünki Alyansa və ya Avropa İttifaqına üzvlük perspektivinə şübhə ilə yanaşmaq az qala küfr etmək kimi qəbul olunur.

Bu isə qaçılmaz nəticələr doğurur: fərqli mövqe bildirən siyasətçiyə qarşı dərhal “ləğv mədəniyyəti” işə salınır və ona guya Rusiyapərəst olmaq damğası vurulur. Məhz buna görə də Ukrayna siyasi elitasının bir çox nümayəndəsi şəxsi söhbətlərdə skeptik mövqe sərgiləsə də, ictimaiyyət qarşısında bu kursu dəstəkləməyə davam edir. Başqa sözlə desək, bir şeyi düşünür, başqa şeyi deyir, üçüncüsünü isə edir. Bu tendensiya Pyotr Poroşenkonun prezidentliyi dövründə Ukraynanın NATO-ya üzvlük məqsədinin Konstitusiyaya daxil edilməsi ilə özünü tam şəkildə göstərdi.

Belə hüquqi yenilik Konstitusiya hüququ üzrə mütəxəssislər üçün nonsens təsiri bağışlayır. Çünki hərbi-siyasi ittifaqa üzvlüklə bağlı müddəanın birbaşa Konstitusiyanın mətninə salınması normal hüquqi təcrübə hesab edilmir. Buna baxmayaraq, dəyişiklik edildi. Lakin NATO standartlarının təxminən yarısının tətbiq olunmasına baxmayaraq, bu addım Ukraynanı Alyansa üzvlüyə yaxınlaşdırmadı.

Əslində, Ukraynanın Üzvlük Fəaliyyət Planını (MAP) əldə etməyə həqiqətən yaxın olduğu yeganə dövr 2008-ci il idi. Həmin vaxt Ukrayna və Gürcüstan inteqrasiyanın real əsasını təşkil edəcək sənədi əldə edə bilərdi. Ancaq daxili çəkişmələr və Almaniyanın mövqeyi buna mane oldu və ötən 18 il ərzində Ukrayna NATO-ya bir addım da yaxınlaşmadı.

Standartlara uyğunluğa gəlincə, Rumıniyanın NATO-ya qəbul təcrübəsi göstərir ki, onun silahlı qüvvələrinin vəziyyəti və korrupsiya səviyyəsi maneə olmadı. Çünki NATO hərbi-siyasi ittifaqdır və burada ilk növbədə siyasi qərar qəbul edilir”, – analitik izah edib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı hazırda belə bir siyasi qərar mövcud deyil.

Valeri Zalujnı bunu çox yaxşı anlayır. O, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən ayrıldıqdan sonra əvvəllər özünə icazə verə bilmədiyi fikirləri daha sərbəst ifadə etmək imkanı əldə edib.

Zalujnı açıq-aşkar görünən bir reallığı dilə gətirir: NATO müasir müharibəyə hazır deyil. Avropanın 30 il ərzində ABŞ-ın “hərbi çətiri” altında olması müdafiə büdcələrinin kəskin şəkildə azaldılmasına gətirib çıxardı. Almaniyada mexanikləşdirilmiş quru qoşunları briqadalarının üçdə ikisi ixtisar edildi. Böyük Britaniyanın təxminən 80 min nəfərlik quru qoşunları isə kifayət etmir. Müasir aviasiya və yüksək texnoloji imkanlara baxmayaraq, Avropa böyük kontinental müharibənin reallıqlarına tam hazır deyil. Çünki generallar adətən həmişə əvvəlki müharibələrə hazırlaşırlar.

Hazırda “həqiqət anı” yetişib. Keçmiş baş komandan bir neçə il əvvəl də məlum olan, lakin siyasi səbəblərə görə səsləndirə bilmədiyi fikirləri artıq açıq şəkildə ifadə edir. Bu bəyanatda onun siyasi mövqeyi, hətta gələcək prezident seçkilərinə hesablanmış yanaşması da görünür. NATO və Avropa İttifaqına üzvlük perspektivləri getdikcə daha qeyri-müəyyən xarakter aldığı bir vaxtda, mahiyyət etibarilə bağlı olan qapını döyməyə davam etməyin nə dərəcədə məntiqli olduğu sualı ortaya çıxır”, – Zolotaryov vurğulayıb.

Rauf Orucov