Logo
news content
User
Kateqoriyalar

Analitika

“Kaş, Bərzani ilə Bakıya türkmən nümayəndələr də gələydi” - Kürdüstanın türkmən naziri “Pressklub”a danışdı
“Ərbildə konsulluq açılmasını səbirsizliklə gözləyirik” 

İyulun 18-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana rəsmi səfəri başa çatdı. Bəs rəsmi Ərbil və Bakı arasında aparılan danışıqlar Kürdüstanda yerli vətəndaşlar, ələlxüsus etnik icmalar tərəfindən necə qarşılandı?

old.pressklub.az bu və mövzuya dair digər suallara İraq Kürdüstan Regionunun Etnik Azlıqlarla İş üzrə Dövlət naziri Aydın Marufdan cavab alıb. Əslən İraq türkməni olan Aydın Maruf Bərzani və Prezident İlham Əliyev arasındakı görüşün Kürdüstan regionunda böyük sevinclə qarşılandığını bildirib:

“Doğrusu, Cənab Neçirvan Bərzani ilə cənab Prezident İlham Əliyev arasında baş tutan görüş Ərbil hökuməti olaraq xarici əlaqələrimizdə yeni bir səhifənin açılmasına səbəb oldu. Cənubi Qafqaz bu gün dünyanın ən əhəmiyyətli regionlarından biridir. Bu regionun əsas aparıcı dövləti sayılan Azərbaycanla qurulan münasibətlər gələcəyimiz üçün böyük perspektiv vəd edir. Həmçinin deyə bilərəm ki, diplomatlar və dövlət rəsmilərindən savayı, xalqımız da rəsmi Bakı və Ərbil arasında siyasi əlaqələrin intensivləşməsindən çox məmnundur. Ələlxüsus da türkmənlər. İraq türkmənləri üçün Türkiyə və Azərbaycan qardaş dövlətlərdir. Türkmənlər bu dövlətləri həm də öz dövlətləri hesab edir. Bu baxımdan, İraq türkmənləri Azərbaycan və Türkiyənin rəsmi Ərbillə əlaqələrini genişləndirməsini özləri üçün böyük fürsət hesab edirlər”.

Aydın Maruf həmçinin Bakı ilə Ərbil arasındakı münasibətlərin şaxələndirilməsinin zəruri olduğunu söyləyib:

“Keçən günlərdə biz Azərbaycanın Bağdaddakı səfiri ilə görüşüb, qarşılıqlı əlaqələri müzakirə etdik. Orada da vurğulandı ki, Bakı ilə Ərbil arasında siyasi, iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə böyük ehtiyac var. Kürdüstanda yaşayan xalqlar azərbaycanlılarla qohum xalqlardır. Xüsusilə türkmənlər azərbaycanlılarla eyni soydandır. Bu, ikitərəfli münasibətlərin inkişafı üçün münbit şərait yaradır. Bu baxımdan, düşünürəm ki, xüsusilə Bakı və Ərbil arasında iqtisadi və təhsil sferalarında yeni bir əməkdaşlığın əsası qoyulmalıdır. Bizim gənclərimiz Bakıda, öz qardaşlarının yurdunda, öz türkcələrində təhsil alıb vətənə qayıtsalar, gələcəyin naziri, bürokratı, millət vəkili kimi yetişsələr, bu, qardaş xalqlar arasındakı əlaqələrin bünövrəsinin qoyulmasına mühüm töhfə verə bilər. Eyni zamanda, azərbaycanlı investorların ölkəmizə gəlişi, azərbaycanlı şirkətlərin yeni infrastruktur layihələrini həyata keçirməsi zənnimcə, bağlarımızı daha da möhkəmləndirər.

Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Neçirvan Bərzaninin Bakı səfəri bizi həyəcanlandırdı və gələcəyə dair ümidlərimizi artırdı. İnanırıq ki, danışıqların intensivləşməsi nəticəsində ən qısa zamanda biz Ərbildə Azərbaycanın baş konsulluğunun açılmasının şahidi olacağıq. Biz türkmənlər o günü səbirsizliklə gözləyirik”.

Müsahibəsinin sonunda cənab Maruf səfərlə bağlı arzusunu da dilə gətirib:

“Kaş, bu səfərə yerli türkmənləri təmsil edən bir nümayəndə də qatılsaydı. Biz türkmənlər hər zaman dialoqdan, sülhdən tərəfik.  Səbirsizliklə Kürdüstanın istər Azərbaycan, istərsə də Türkiyə ilə münasibətlərində açar ünsürə çevrilmək arzusundayıq. Ələlxüsus, Azərbaycanla İraq Kürdüstan Regionu arasındakı münasibətlərdə türkmənlərin təmsilçiliyi çox mühüm bir məsələdir. Hazırda türkmənlər Azərbaycanla birbaşa təmaslar qurmanın arzusundadır. Düşünürəm ki, bu, mütləq baş tutacaq. İraq türkmənləri üçün Türkiyə və Azərbaycan ana vətəndir. Ona görə də Bakı və Ankara nə qədər Yaxın və Orta şərq regionunda güclü və təsirli olsalar, bu həm İraq, həm də Suriya türkmənlərinin  problemlərinin həllinə müsbət təsir göstərəcək”.

Press Klub