Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantinə davam…

Mövzunun hər kəsi bezdirdiyini bilirik. Amma işləmək məcburiyyətindəyik, çünki karantinli günlərimiz hələ davam edəcək. Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr, saat 00:00-dək uzadılması barədə qərar qəbul etdi. 

Ölkədə bu qərarı ruh yüksəkliyi ilə qarşılayan adam tapmaq yəqin ki, mümkün deyil. Bəs, qərar nə ilə əsaslandırılır? Doğrudanmı, alternativ variant yoxdur? 

Baş infeksionist Cəlal İsayev iddia edir ki, dünyanın bütün ölkələrində karantin rejimi hələ davam edir. (Əslində belə deyil.) “Həmin ölkələrdə açılmalar və qapanmalar olduğu zaman bizim ölkəmizdə də açılma və qapanmalar oldu. Bizdə SMS icazələr də ləğv edildi. Bu, açılma demək deyilmi? Siz deyirsiniz ki, hər şeyi öz axarına buraxaq və yoluxmaların qarşısını almayaq? Koronavirusun yayılması durumu təhlil olunub və Operativ Qərargah belə bir qərara gəlib. Əgər imkan olsa, məsləhət bilinsə, təbii ki, açılmalara gedilərdi”, - deyə C.İsayev söylədi.

Onun sözlərinə görə, hazırda yoluxmalar kifayət qədər yüksəkdir və üçrəqəmlidir.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə xatırlatdı ki, martın sonunda başlayan karantin rejimi beş ayı tamamlayıb, artıq altıncı aya keçdi: 

“Aprel ayında kimsə karantin rejiminin bu qədər uzanacağını düşünmürdü. Çünki bu, absurddur. Bunun əvəzinə, məsələn, iyulun 5-də karantin rejimini ləğv edib, digər ölkələrdə olduğu kimi, ikinci dalğaya hazırlaşmaq, insanların müəyyən qədər nəfəs almasını təmin etmək olardı. Amma olmadı. Etmədilər”.

Həkim qeyd etdi ki, artıq əhalidə karantinin il sonuna qədər davam edə biləcəyi haqqında ciddi şübhələr var: 

“Dünyanın heç bir yerində belə karantin yoxdur və olmamalıdır. Ölkəyə giriş-çıxışı ciddi nəzarətdə saxlayıb (“test analizsiz giriş qadağandır” qaydası kimi), ölkə içərisində həyatı normal axarına salmaq lazım idi. İnsanları qorumaq yox, onlara şərait yaratmaq lazımdır ki, özləri özlərini qorusunlar”. 

M.Hüseynov hesab edir ki, hələ heç nə bitməyib, böyük ehtimalla ikinci dalğanı görəcəyik: “Görünür, hökümət həm də bundan qorxur. Amma bu, o demək deyil ki, karantin davam etməlidir”.

Müsahibimiz çıxış yolunu da göstərdi: 

“Mən olsam nə edərdim? Bu suala hələ iyulun 5-də cavab vermişdim. Yenə fikrimdə qalıram. Toylar və yaslar xaricində, qapalı məkanlarda və ictimai nəqliyyatda maska taxmaq şərti ilə, hər şey və hər cür fəaliyyət bərpa edilməlidir. Bütün biznes strukturları, idman, gözəllik, fitness salonları və digər məkanlar açılmalıdır. Bütün bu sonu görünməyən və nəticəsi bəlli olmayan problemlər insanları psixoloji baxımdan gərgin vəziyyətdə saxlayır. Operativ Qərargah bunu düşünməlidir. İnsanları artıq qorumaq lazım deyil. İmkan verin, hər kəs özü özünü qorusun. Karantini nəinki uzatmağa gərək yoxdur, onu müəyyən qadağalar saxlanılmaqla, ləğv etmək lazımdır”.

Ülviyyə Şahin