Logo
news content
User
Kateqoriyalar

Analitika

Karantin cərimələri: qanunidir, yoxsa qanunsuz?

Azərbaycanda xüsusi karantin rejiminin pozulmasına görə cərimələnənlər o pulu ödəməsə, həmin məbləğ maaşlarından, pensiyalarından tutula, hətta əmlaklarının üzərinə həbs qoyula bilər. Baş Dövlət Yol Polisi İdarəsi və başqa polis orqanları (rayon polis idarə və şöbələri) 40 gün ərzində ödənilməyən karantin cərimələri ilə əlaqədar məhkəmələrə müraciət edib. Hazırda məhkəmələrdə karantin cərimələrinin məcburi ödənişi tələbi ilə yüzlərlə iddia var. İyunun 1-dən başlayaraq, məhkəmələr o müraciətlərə baxıb, qərar çıxaracaq.

Xüsusi karantin rejimi qaydalarını pozmaqda ittiham olunanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimələnib. Bu maddədə fiziki şəxslər üçün 100 manatdan 200 manata, vəzifəli şəxslər üçün 1500 manatdan 2000 manata, hüquqi şəxslər üçün 2000 manatdan 5000 manata qədər cərimə nəzərdə tutulur. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin edilib.

Aprelin 1-dən bu yana təkcə yol polisi 56 mindən artıq sürücünü karantin rejimi qaydalarını pozmağa görə cərimələyib.

Bir sıra hüquqşünas-ekspertlər bildirir ki, aprelin 13-nə qədər yol polisinin kimisə İXM-in 211-ci maddəsi ilə cərimələməyə ümumiyyətlə, səlahiyyəti yox idi. Rəsmi məlumatlara görə, aprelin 13-nə qədər yol polisləri 18 min 687 nəfəri bu maddə ilə inzibati məsuliyyətə cəlb edib.

Bir qrup hüquqşünas və başqa peşə sahibi olan ictimaiyyət təmsilçiləri yol polislərinin aprelin 13-nə qədər olan sözügedən qərarlarının ləğvi üçün Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə deyilir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” prezident fərmanı ilə təsdiqlənib. Yol polisinin İnzibati Xətalar Məcəlləsinin hansı maddələri ilə inzibati xəta işlərinə baxmağa səlahiyyətli olması da o fərmanla tənzimlənib. Amma orada bu Məcəllənin 211-ci maddəsi olmayıb. Prezident aprelin 13-də imzaladığı fərmanla siyahıya əlavələr edib və yol polisinə də İXM-nin 211-ci maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.

“Dövlət yol polisi əməkdaşlarının bu maddə ilə inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti 13 aprel 2020-ci ildən sonra yaranıb. “İnzibati icraat haqqında” qanunun 67.1-ci maddəsində deyilir ki, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır”, - deyə müraciət müəlliflərindən biri olan vəkil Hafiz Həsənov bildirib.

Hələ ki Nazirlər Kabinetindən bu müraciətə cavab gəlməyib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev aprelin 13-nə qədər çıxarılmış qərarların ləğvinin zəruriliyi barədə fikirlərlə razılaşmır. Onun sözlərinə görə, həmin tarixədək çıxarılan qərarlarda sadəcə, inzibati xətaya dair protokolu yol polisi tərtib edib. Qərarı isə rayon polis idarələrinin (şöbələrinin) rəisləri, rəis müavinləri və ya başqa vəzifəli şəxsləri çıxarıb. Şöbə rəisi yada salıb ki, o tarixə qədər İXM-in 211-ci maddəsi ilə qərar çıxarmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə aid idi.

“Protokolu tərtib eləmək hələ qərar çıxarmaq deyil. Qanunda da yazılıb ki, hansı hallarda, hansı orqanların tərtib etdiyi protokola hansı orqanlar baxır. Protokol yol polisi tərəfindən tərtib olunsa da, qərar buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən çıxarılıb. Yəni rayon polis idarələrinin rəisləri, rəis müavinləri və başqa səlahiyyətli şəxslər tərəfindən. Aprelin 13-də o səlahiyyət prezidentin sərəncamıyla yol polisinə də veriləndən sonra bizim əməkdaşların özləri qərarlar veriblər”, - deyə Kamran Əliyev bildirib.

Şöbə rəisi qeyd edib ki, cərimələrin bir hissəsi ödənilib, amma əsassız cərimələndiyini iddia edib, bundan şikayətçi olanlar da var: “İntizamlı hərəkət iştirakçıları inzibati xətaya yol veriblərsə, cəriməni də ödəyirlər. Amma elələri də var ki, əsassız cərimə yazıldığını düşünüb, şikayət edib. Bu məsələni araşdırmaq asandır. Cərimə yazılan vaxt onun icazəsi olub-olmadığı elektron icazə portalı vasitəsilə dəqiqləşdirilib, sübutlar təqdim olunub və qərar da qüvvədə qalıb”.

K.Əliyev əlavə edib ki, cərimənin məcburi ödənişini təmin etmək məqsədilə tutmanın vətəndaşın maaş və ya pensiyasına yönəldilməsi, yaxud da əmlakı üzərinə həbs qoyulması məhkəmənin verəcəyi qərardan asılıdır.

Hüquqşünas Emin Abbasov isə hesab edir ki, hətta aprelin 13-nə qədər İXM-in 211-ci maddəsi ilə protokolun da yol polisi tərəfindən tərtib olunması hüquqi baxımdan doğru deyildi. Çünki o zamana qədər yol polisinin bu maddə ilə bağlı heç bir qərar vermək səlahiyyəti olmayıb. Hüquqşünas “İnzibati İcraat haqqında” qanunun 65-ci maddəsini yada salaraq vurğulayıb ki, müvafiq səlahiyyəti olmayan inzibati orqanın qəbul etdiyi aktlar etibarsız sayılır: “Bütün bunları nəzərə alaraq, 13 aprelə qədər yol polisinin karantin rejiminin pozulmasına görə yazdığı cərimə qərarları ləğv olunmalıdır”.

Gülər