Logo
news content
User
Kateqoriyalar

Analitika

İskəndəryanın fantaziyaları: Bakını nədə ittiham edirlər?
“Təhlükəli, təcavüzkar Azərbaycan mifi həm iqtidar, həm də müxalifət üçün faydalıdır”

Sadəcə olaraq əraziləri götürüb Azərbaycana vermək və onun bundan sonra yeni ərazilər istəməyəcəyini düşünmək o qədər də ciddi deyil”. Bunu NEWS.am-a müsahibəsində tanınmış erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib.

O, Tavuşda baş verənləri Azərbaycanla Ermənistan arasında razılaşma hesab etmir.

Əraziləri Azərbaycana verdilər, o da götürdü. Götürməməliydi? Azərbaycan hansısa ərazini verməyə başlasa, danışarıq. Amma bu gün sadəcə olaraq əraziləri onlara veriblər. Azərbaycan istəyir ki, Ermənistan mümkün qədər zəif olsun. Onların qırmızı xətti yoxdur, bacardıqları qədər götürəcəklər”, - İskəndəryan vurğulayıb.

O, qeyd edib ki, Ukrayna da daxil olmaqla, dünyada vəziyyət dəyişə bilər, ona görə də Azərbaycan əldə etdiyi uğurları möhkəmləndirməyə çalışır.

Ekspert əmindir ki, Ukrayna müharibəsi olmasaydı, Azərbaycan ruslarla bu cür davrana bilməzdi.

O, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağını düşünmür.

Hətta imzalansa belə, sülh müqaviləsi və real sülh ayrı-ayrı şeylərdir. Bu zaman hadisələr bir qədər yaxşı və ya bir qədər də pis inkişaf edə bilər. Bu, bütün dövlət aparatının işinin dəqiqliyindən asılıdır”, - deyə İskəndəryan yekunlaşdırıb.

Azərbaycanın Ermənistana aid olan daha çox ərazini ələ keçirmək istəyəcəyinə əmin olduğunu söyləyən erməni politoloq nə dərəcədə haqlıdır? Axı bu, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fundamental beynəlxalq prinsiplərə hörmət etmədiyi, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərini ələ keçirə biləcəyi ilə bağlı açıq ittihamdır. Yəni, iddia olunur ki, Azərbaycan təcavüzkar və yad torpaqların işğalçısına çevrilməyə hazırdır. Necə ki, bir neçə il əvvəl Ermənistan özü bu vəziyyətdə idi. İskəndəryanın ağlına bu fikirlər hardan gəlib?

Pressklub.az-ın suallarını Şərqi Avropa ölkələri üzrə rusiyalı ekspert, “Azadlıq” radiosunun jurnalisti Vadim Dubnov (Praqa) cavablandırıb.

“Xeyr, düşünmürəm ki, Azərbaycan Ermənistana qarşı bu cür genişmiqyaslı hücuma başlamağa, böyük əraziləri ələ keçirməyə hazırdır”, - ekspert deyir. - “Düşünürəm ki, İskəndəryan doğrudan da “vay məğlub olanın halına” məntiqindən çıxış edir. Amma bu məntiqin kifayət qədər aydın çərçivələri, aydın parametrləri var – bu, demarkasiya zamanı bütün mübahisəli məsələlərin öz xeyrinə həll edilməsidir. Yəni, Tavuşda olduğu kimi, bütün mübahisəli məsələlər faktiki olaraq Bakının xeyrinə həll olunur. Görünür, belə də olacaq və Azərbaycan ona sərfəli olan metodologiyada israr edəcək. Ola bilsin, söhbət hansısa konkret ərazilərin ona verilməsindən gedəcək. Amma Ermənistanın hansısa böyük ərazilərinin ələ keçirilməsi, dəhliz yarılması və digər bu kimi genişmiqyaslı təhlükə olacağını düşünmürəm”.

O, hesab edir ki, ümumilikdə bütün bu iddialar daha çox daxili siyasi audutoriya üçün nəzərdə tutulub. “Nə qədər qəribə olsa da, hazırkı vəziyyətdə Ermənistanın mövcudluğunu təhdid edən təhlükəli, təcavüzkar Azərbaycan haqqında mif həm iqtidar, həm də müxalifət üçün sərfəlidir. Çünki iqtidar üçün bu, etdiklərinin alternativini göstərmək, müxalifət üçün isə hakimiyyəti xəyanətdə ittiham etmək fürsətidir. Amma müxalifət Azərbaycanın təhlükəli olduğunu iddia etməkdə davam edəndə, özü öz məntiqinin ziddinə getmiş olur. Çünki Azərbaycan bu qədər təhlükəlidirsə, ona necə güzəştə getməmək olar, axı bu zaman həqiqətən də müharibə olacaq. Bu mənada, müxalifət qismən iqtidara kömək edir. 

Məncə, Azərbaycan üçün bu səhifəni bağlamaq, 30 il davam edən Qarabağ sarsıntısından xilas olmaq, müəyyən bonuslarla sərhədlərin müəyyən edilməsini yekunlaşdırmaq, eyni zamanda təhlükəsizliyini təmin etmək və gələcəkdə mümkün qisasdan sığortalanmaq kifayət edəcək. Çünki başa düşdüyüm qədər, Azərbaycan sərhəd zonasında demarkasiya zamanı bütün dominant yüksəklikləri və taktiki üstünlükləri özündə saxlayacaq. Bəli, Azərbaycan bunu alacaq. Amma Ermənistan müxalifətinin guya ki, Azərbaycanın dayanmayacağı və Ermənistana qarşı ərazi iddiaları irəli sürməkdə davam edəcəyi ilə bağlı danışdıqları, guya mövcud olan təhdidlər barədə iddialar, yumşaq desək, mənə şişirdilmiş görünür”, - deyə Dubnov yekunlaşdırıb.

Rauf Orucov