Logo
news content
User
Kateqoriyalar

Analitika

İşğalçıların Şuşada bayramı...

Mayın 21-də Azərbaycanın işğal olunmuş Şuşa şəhərində ermənilər yeni “prezident”in andiçmə mərasimini keçirəcəklər. Mərasimdə həmişə olduğu kimi, Qarabağın yerli separatçıları tənha qalmayacaqlar. Ermənistanın siyasi-hərbi elitası, postsovet məkanında Rusiyanın yaratdığı başqa separatçı qurumların təmsilçiləri, erməni lobbisinin qidalandırdığı təşkilatların nümayəndələri bu qeyri-legitim akta dəstək nümayiş etdirəcəklər. ATƏT, Avropa Birliyi, vasitəçi ölkələr növbətçi etiraz bəyanatlarını bir daha təkrar edib (bəlkə də səssiz qalıb), status-kvonun uzanmasını dəstəkləməyə davam edəcəklər. Qısa ifadə eləsək, dəyişən bir şey olmayacaq.

Bəs, Azərbaycan nə edəcək? Qarabağı 28 ildir itirən, ümidini sülh danışıqlarına bağlayıb, hərəkətsiz qalan rəsmi Bakı bu dəfə fərqli bir reaksiya ortaya qoyacaqmı? Qarabağın işğalı ilə heç bir halda barışmayacağını dünyaya, separatçılara, onların himayədarlarına göstərəcəkmi? Eləcə də, Azərbaycan cəmiyyətinə nümayiş etdiriləcəkmi ki, biz hələ də Qarabağı istəyirik və onun geri qaytarılması üçün çalışırıq?

Azərbaycanda daxili siyasi vəziyyət böhrana sürükləndikcə, Qarabağ problemi toplumun gündəmindən bir az da uzaqlaşır. Bu gün ölkədə Qarabağ mövzusu siyasi müstəvidə müzakirə predmetinə çevrilə bilmir. İqtidar rəsmi platformalarda bu müzakirəni faktiki, qadağan edib, müxalifətin başı öz içindəki xaosa qarışıb, vətəndaş cəmiyyəti də  çoxdan “vətəndaşlıqdan çıxarıldığına” görə formal hala gəlib. Qarabağ bir neçə siyasi ekspertin və sosial media istifadəçilərinin dilində qalıb, heç bu bölgədən olan ziyalılar, mədəniyyət xadimləri, şair-yazıçılar da hökumətin xətrinə dəyməmək üçün Qarabağı dillərinə gətirmirlər. Qarabağ onların yeyib-içmək məclislərində bir neçə dəqiqəlik “ah-uf”larında dərindən köks ötürüb, baş yellədikləri cari mövzulardan biridir.

Beləliklə, nə hakimiyyət Qarabağ uğrunda mübarizə aparır, nə müxalifət hökumətdən bunu tələb edir, nə də cəmiyyətin bu barədə kiminsə yaxasından tutub, soruşmağa halı qaləb. Amma Azərbaycan ordusu yenə şəhid verir, yaşı münaqişənin tarixindən az qala iki dəfə az olan arıq, sısqa kasıb balaları düşmən gülləsinə tuş gəlirlər. Bu xəbərlər də cəmiyyətdə adiləşib. Şəhidlərin bayrağa bükülü cənazəsini gətirirlər, dəfn edirlər. Yaxınlarının qəlb sızladan ağlaşmasını, ailənin komasını, dərddən, ağrıdan, səfalətdən beli bükülmüş valideynlərinin görüntülərini, yerli məmurların boğazdan yuxarı vətənpərvərlik çıxışlarını sosial şəbəkələrdə qəmli emojilərlə yola verib, cari mövzulara qayıdırlar.

 

Azərbaycanda az qala hər gün dəyişən gündəm mövzuları boldur. Onların içində Qarabağa aid olanlar da var. Köçkünlərə dövlət hesabına tikilən evlərin satılması, səfalət içində yaşayan əlillərin, şəhid ailələrinin haqq-hüquq davaları, hökumətin onlara qayğı, dəstək haqqında uğur hekayələri, müxalifətin korrupsiya ittihamları... Bunların içində qarabağlılar var, amma Qarabağ uğrunda heç nə yoxdur. Toplum da, hökumət də Qarabağdan çoxdan uzaqlaşıb, ara bir tank-topların his-pasını təmizləyib təlimlər keçirən ordu, komandanlıq da daha “lazım gəlsə” deyə bilmir. 30 ildir gəlməyən “lazım” da rişxənd obyektinə çevrilib, getdikcə daralan siyasi manevr imkanlarında bu kəlmə hətta daxili auditoriya üçün səsləndirilə bilmir...

Bundan sonra necə olacaq? Neft amili daha yoxdur, ölkə dərin sosial-iqtisadı böhran içərisindədir, onun siyasi böhrana çevrilməyəcəyinə heç bir zəmanət yoxdur. Siyasi palitra tamamilə parçalanmış, bir-birinə nifrət edən qruplara ayrılıb, yoxsullaşmış, ümidini itirmiş toplum nifrət çağırışlarının təsiri ilə daha da radikallaşır. Hökumətin heç bir sahə ilə bağlı aydın vizyonu yoxdur. Bu ölkənin taleyi necə olacaq, milli maraqlar, Qarabağı necə qaytaracağıq, bu istiqamətdə sistemli, fəaliyyət bir yana, aydın təəssürat belə yoxdur.

Halbuki, yaxın tarix göstərir ki, Qarabağ problemi bu ölənin birləşməsi, dirçəlməsi üçün yeganə birləşdirici, aydın platformadır. Bütün qüvvələri orada birləşdirmək ölkənin düşdüyü bu ağır girdabdan silkələnib çıxması üçün ən unikal imkandır. 4 il əvvəl aprel döyüşləri zamanı cəmiyyətin qəlbində öləziyən ümidlərin necə sürətlə dirçəlməsinin şahidi olduq. Uzun illərin məğlubiyyət sindromunun bir günün içində sürətlə dağıldığı, didişən siyasətçilərin bir mövqeyə gəldiyini, milli həmrəyliyin toplumu sardığını gördük. Ən əsası, Azərbaycan cəmiyyətinin Qarabağı geri almaq istəyini, niyyətini, arzusunu, böyük qurbanlara hazır olduğunu müşahidə etdik.

Təəssüf ki, xaricdən uzanan, daxildəki uzantıları ilə birləşən bədheybət “qara əl” bu həmrəylikdən qorxub, onu dağıtmaq üçün əlindən gələn hər şeyi etdi və toplum bu dəfə məğlubiyyətin daha bir sarsıdıcı zərbəsini aldı. Öz ənənəvi ruh halına qaytarılan cəmiyyət bu 4 ildə mənəvi-siyasi mühitin daha da eybəcərləşdirilməsi ilə yanaşı, Qarabağ mövzusundan da sürətlə uzaqlaşdırıldı. Topluma apreldə əldə olunan kiçik hərbi qələbədən düzəldilən böyük miflər qaldı...

Mayın 21-də separatçı rejimin Ermənistan rəhbərliyi ilə birgə Şuşada inauqurasiyadan daha çox, bizə gözdağı vermək cəhdi, nəhayət, Azərbaycan cəmiyyətini silkələməlidir. Bəlkə də bu, sonuncu şanslardan biridir, Azərbaycan cəmiyyəti hər şeyi kənara qoyub, Qarabağ uğrunda mübarizəyə başlamalıdır. Buna hakimiyyət cəhd etməli, bütün siyasi qüvvələri vahid Qarabağ platformasında birləşdirməli, milli iradənin nümayiş etdirilməsinə nail olmalıdır. Azərbaycanda heç bir partiyanın, təşkilatın bu çağırışdan imtina etməsi mümkün deyil. Xüsusən daxildə milli həmrəyliyin əldə olunması Azərbaycan cəmiyyətinin vahid bir amal uğurunda birləşməsini, milli iradənin ortaya qoyulmasını şərtləndirə bilər. İşğal olunmuş torpaqları geri almaq üçün həm cəmiyyətə, həm də beynəlxalq birliyə aydın mesaj verilməlidir. Bunun əksi hazırda davam edən, düşmənin manevr imkanlarını artıran, Azərbaycanı Qarabağdan hər gün uzaqlaşdıran siyasətin davam etdirilməsidir.

 

Turqut