
İranın Xəzər təlimləri: yaxşı düşünülmüş təxribat?
Ekspert: “Bu, İranın radar sistemlərimizin yerini öyrənmək cəhdi ola bilər”
16 Avqust 2024
Çərşənbə axşamı Xəzər dənizinin cənub akvatoriyasındakı Astara liman şəhəri yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin istifadəsi ilə bağlı təlimlər keçirilib. Bu barədə şəhər merinin müavini Həmid Musəvi məlumat verib.
Manevrlər zamanı şərti düşmən hədəflərinə raket və bomba zərbələri endirilib.
Musəvi təlimlər başlamazdan əvvəl Mehr agentliyinə deyib: “Çərşənbə axşamı Astaradakı dəniz bazasında İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərindən istifadə üzrə təlimlər keçiriləcək”. Məmurun sözlərinə görə, Cənubi Qafqaz vaxtı ilə saat 21:00-dan 22:00-yə qədər keçirilən təlimdə döyüş sursatından istifadə edilib.
“Təlimlərlə əlaqədar Astara şəhərinin bəzi ərazilərində partlayış səsləri eşidiləcək, əhalinin narahatlığına heç bir əsas yoxdur”, - deyə Astara merinin müavini əlavə edib.
Musəvi həmçinin bildirib ki, təlimlərin məqsədi bu tip qoşunların “müdafiə qüvvələrini” mümkün olan qədər hazırlamaqdır.
“Əl-Ərəbiyyə” nəşri xatırladır ki, bu, İranda son üç gündə keçirilən ikinci təlimdir. Belə ki, ötən bazar günü İraqla sərhədə yaxın Kirmanşah əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun manevrləri başlayıb.
İran hərbçiləri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda və Hizbullah hərəkatının lideri Həsən Nəsrullahın baş müşaviri Fuad Şükürün Beyrutda öldürülməsindən sonra Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsi fonunda təlimlərə başlayıblar. İran və Hizbullah hərəkatı onların ölümünün qisasını alacaqlarına söz veriblər.
Maraqlıdır, sərhədimizin düz yaxınlığında keçirilən bu dəniz manevrləri Azərbaycana qarşı bir növ güc nümayiş, hətta təhdid deyilmi? Bu addımları belə qiymətləndirmək olarmı? Axı İranın Xəzər dənizinin cənubunda kifayət qədər uzun sahil xətti var və limanları qonşu Azərbaycan və Türkmənistandan kifayət qədər uzaqda yerləşir. Amma Tehran raket və bomba atışları ilə müşayiət olunun dəniz təlimlərini düz sərhəddə, Azərbaycanın eyniadlı Astara şəhərinin yaxınlığında keçirməyə qərar verib. Bakı bu addıma hansısa şəkildə reaksiya göstərməlidirmi?
Pressklub.az-ın suallarını tanınmış hərbi ekspert, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya-analitik şöbəsinin keçmiş əməkdaşı Azad İsazadə cavablandırıb.

Onun sözlərinə görə, istənilən təlim zamanı (xüsusən də bu təlim sərhəd yaxınlığında keçirilirsə) qonşu dövlətlərin (indiki halda Azərbaycanın) onu izləməsi təbiidir.
“Bizim cənub sərhədlərimizdə İran ərazisindən raket və ya hava zərbəsi endiriləcəyi təqdirdə kifayət qədər sayda kiçik radiolokasiya stansiyaları şəbəkəmiz var. Təbii ki, bu cür təlimlər zamanı (xüsusən də partlayış və raketlərin buraxılış səslərinin eşidiləcəyi barədə məlumat verilmişdi) radarlarımız daha yüksək səviyyədə işə düşür və sərhəd boyu və İran ərazisində demək olar ki, bütün hava məkanına nəzarət edir.
Amma bu halda İran tərəfi də siqnallarımızın gücünü və stansiyalarımızın yerini oxuya bilər. Onlar heç də həmişə stasionar olmur. Amma hətta stasionar olsalar da, bəzi radarların yerini dəyişirlər ki, onların yeri bilinməsin”, - ekspert bildirib.
Onun sözlərinə görə, müvafiq olaraq, bu cür təlimlərin məqsədi radar sistemlərimizin dərinliyini və tezliyini aşkar etmək ola bilər və biz buna çox ciddi yanaşmalıyıq.
“Ən azı nota verilməlidir. Birincisi, belə təlimlər keçirilən zaman qonşu dövlətlərə xəbərdarlıq edilir, çünki bu partlayışlar Azərbaycan ərazisində də eşidiləcək. Vaxt, tarix, zərbənin gücü, dəqiq nə ediləcəyi və s. barədə məlumat verilir. Üstəlik, hamının İranın İsrailə zərbə endirəcəyini gözlədiyi indiki çox həssas şəraitdə, İranın heç bir təhlükənin olmadığı şimal sərhədində təlimlər keçirməsi də təxribat və vurğunu dəyişmək cəhd kimi qiymətləndirilə bilər. Belə bir təxribat, Allah eləməsin, bəzi hadisələrə gətirib çıxara bilər. İstənilən raket hansısa səbəbdən trayektoriyasını dəyişərək Azərbaycan ərazisinə və ya ərazi sularına düşə bilər. Bu da hazırkı şəraitdə eskalasiyaya gətirib çıxaracaq”, - deyə İsazadə yekunlaşdırıb.
Rauf Orucov