Logo
news content
User
Kateqoriyalar

Analitika

İqtisadi aktivlik nə vaxt bərpa olunacaq?

Yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başladı, bu isə o deməkdir ki, təxminən bir ildir tüğyan edən virus təhlükəsi də azalır. Karantin qaydalarında müəyyən yumşalmalar var. Amma bu, o demək deyil ki, üç qızıl qaydanı - sosial məsafə, tibbi maska və şəxsi gigiyenaya nəzarəti unutmaq lazımdır. Əvvəlki həyat tərzimizə qayıtmaq istəyiriksə, ehtiyatı əldən vermək olmaz.

Pandemiya ölkənin hər sahəsinə mənfi təsirini göstərdi. Sosial təcrid tədbirləri nəticəsində əksər sahələrdə yaranan çətinliklər işgüzar aktivliyə, eləcə də iqtisadi artıma zərər vurdu. Lakin ekspertlər düşünürlər ki, bu təcrübə gələcəkdə də lazım ola bilər.

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirdi ki, biznes sferasında fəaliyyətin genişləndirilməsi və vaxtaşırı məhdudiyyətlərin qoyulmasının başlıca səbəblərindən biri ondan ibarətdir ki, məhdudiyyətlər aradan götürülən kimi, insanlar yenidən arxayınlaşır. Bu da sərtləşdirilməyə gətirib çıxarır:

“Yumşalma o demək deyil ki, həmin tədbirlər artıq bir daha tətbiq olunmayacaq. Yoluxmada artım baş verdikdə yenidən sərtləşdirilməyə gediləcək. Ona görə də, yaxşı olardı ki, biznes sferamızda, gündəlik fəaliyyətimizdə bunlara diqqətlə riayət edək”.

Hazırda ölkədə pandemiyanın davam etməsi bu istiqamətdə hökumətdən əlavə iqtisadi-sosial dəstək paketinin icrasını, zərər çəkən iqtisadi sahələrin və sahibkarlıq subyektlərinin dəstəklənməsini, qeyri-formal məşğulluğun qarşısının alınmasına yönəldilmiş stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini zəruri edir.

Bütün bunlarla yanaşı, iqtisadçı ekspert pandemiyadan sonrakı fəaliyyət planlarının hazırlanması üçün bəzi təkliflər də irəli sürdü:

“Hökumət pandemiyanın, çətin dövrlərin vaxtaşırı baş verə biləcəyi kimi məsələləri öz strategiyasında həmişə nəzərə almalıdır. İşçilərin əmək fəaliyyətlərinin davam etdirilməsində yeni şərt və qaydalara uyğunlaşdırmaları həyata keçirməlidir. Belə olduğu halda, davamlı şəkildə fəaliyyət göstərmək mümkün olar. Təkliflərimizdən biri də ondan ibarətdir ki, sərtləşmələrə getdikdə iqtisadiyyatın dərin sahələri araşdırılsın, o zaman biz bütün sahibkarlıq subyektlərini nəzərə almış oluruq”.

Atakişiyev deyir ki, indi bütün ümidlər vaksinasiyayadır. Gözləntilər böyükdür. Mütəxəssislər hesab edir ki, bu proses yalnız insanların sağlamlığının qorunması üçün deyil, həm də az vəsaitlə pandemiyaya qarşı mübarizənin səmərəli təşkili üçün də məqsədəuyğundur. Müxtəlif sahələrin yenidən fəaliyyətə başlaması isə iqtisadiyyatın dirçəlməsinə təkan verəcək.

Ülviyyə Şahin